İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin dünya bazarındakı qiyməti 2024-cü ildə dəyişəcəkmi? -Şərh

483 02.01.2024 13:39 Dünya A A

"Neftin qiyməti ilə əlaqədar uzunmüddətli proqnoz vermək mümkün deyil. 2024-cü ildə dünya bazarında neftin qiymətində nəzərəçarpacaq ciddi dəyişiklik gözlənilmir. Rusiya-Ukrayna müharibəsindən sonra neftin qiyməti yüksəlməyə meylli olsa da, sonradan aşağı düşdü. Hazırda qiymət 80 dollar civarındadır". 


Bu fikirləri Musavat.com-a iqtisadçı ekspert Pərviz Heydərov deyib. Ekspert qeyd edib ki, bu il qlobal iqtisadiyyatda aparıcı ölkələr stabil artım əldə edəcəklər: "2024- cü ildə makro iqtisadi sabitliyin hökm sürəcəyi gözlənilir. Bu da bəzi ölkələrə iqtisadi artım əldə etməyə şərait yaradacaq. 2024- cü ildə neftin dünya bazarında qiymətinin 80 dollar və bundan bir qədər yüksək olacağı proqnoz edilir. O ki qaldı Azərbaycana, neftin qiyməti 2021-ci ildən etibarən qənaətbəxş səviyyədədir. Son illər ərzində iqtisadi sabitliyin kökündə neftin dünya bazarındakı qiyməti dayanır. Məlumdur ki, büdcədə nəzərdə tutulan qiymətdən artıq gəlir əldə edirik. Valyuta bazarında da sabitlikdir. Xarici ticarətdə ixrac idxalı üstələyir. Bu isə valyuta gəliri deməkdir. Mərkəzi Bank ötən il ərzində keçirilən hərraclarda dəfələrlə valyuta əldə etmək üçün müdaxilə edib. Bu il dövlət büdcəsində xam neftin bir barrelinin orta illik ixrac qiymətinin 60 ABŞ dolları səviyyəsində götürüldüyünü nəzərə alsaq, müsbət tendensiyanin davam edəcəyi gözləniləndir. 2024-cü ildə neftin dünya bazarındakı qiyməti ilə bağlı Azərbaycanı heç bir təhlükə gözləmir".

Ekspert vurğulayıb ki, hasilatın endiyini diqqətdə saxlamaq lazımdır. 2022-ci illə müqayisədə 2023-cü ildə neft və qazdan daha az gəlir əldə edilib. "Bunu nəzərə alaraq, qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Əks halda, neftin dünya bazarındakı qiyməti bizim üçün sərfəli olsa belə, istənilən həcmdə xaricə neft çıxara bilməyəcəyimizə görə istər-istəməz iqtisadi təhlükə yarana bilər", deyə P.Heydərov əlavə edib.  


Nigar Həsənli,
Musavat com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR