İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftdən xəbərsiz iki gün

1232 20.05.2023 11:03 Yazarlar A A

Mayın 17-də Dövlət Neft Fondunda mühüm kadr dəyişikliyi olmuşdur. Fondun mətbuat xidmətinin başçısı Ayan Ağalar vəzifəsindən ayrılmışdır. Hələlik onun yerinə təyinat yoxdur.

Ən azı iki gündür millət neft pullarımız haqda məlumat almaqda çətinlik çəkir. Bu isə bizə yaraşmaz. Fondun mətbuat xidmətinin başçısı yerində olanda hər dəqiqə camaat neft gəlirlərinin vəziyyətini öyrənirdi. Neçə ton neft satdıq, nə qədər qaz vurduq, kimin qazanı doldu və sairə. Hamısı yüksək dəqiqliklə, axırıncı barrelinə, son qəpiyinə qədər xalqa çatdırılırdı. Bizdə elə şəffaflıq vəziyyəti yaradılmışdır ki, neft fondunun gəlirləri haqda məlumat almasaq ürəyimiz partlayar.

Məsələn, hazırda mən Səhiyyə Nazirliyindən statistikanı gözləyirəm, baxacam görüm son iki gündə nə qədər adam ölüb, bu, keçən həftənin müvafiq gününə nisbətən neçə faiz artımdır, cari ildə... Nə isə, güman edirəm iqtisadçı ekspertlərimiz öz sözünü deyəcəkdir, heç bəlkə mənim hesablamağıma ehtiyac olmadı.

Norveçdə də neft fonduna oxşayan bir fond var, sadəcə, adına pensiya fondu deyirlər, neft-qaz gəlirlərini ora yığırlar. Mən axırıncı dəfə baxanda orda 1 trilyon avroya yaxın pul toplanmışdı. Sağlıqlarına qismət, əlbəttə, nəyimizə lazımdır, öz neft pulumuz özümüzə xirtdəyə qədər bəsdir. Bunu ona görə xatırladım ki, norveçlilər dəfələrlə ölkəmizə səfər ediblər, bizim neft fondunun müsbət təcrübəsini öyrənməyə çalışıblar. Ünlü səyyahları vardı, Tur Heyerdal, elə bu səfərlərin birində demişdi ki, azərbaycanlılar bizim babamızdır. Ondan sonra rəhmətə getdi, istədik 3-cü Fəxri Xiyabanda basdıraq, ailəsi razı olmadı. Allah rəhmət eləsin, çox səyahətçi kişi idi, bir yerdə durmurdu.

Sözümü ona gətirirəm ki, ölkəmizdə yüksək səviyyədə şəffaflıq şəraiti yaradılıb. Bu günlərdə Hesablama Palatası Naxçıvanda çoxlu yoxlamalar elədi, qüsurlar aşkara çıxdı. Harda qüsur yoxdur? Hər yerdə var. Atalar demiş, hər gözəlin bir eybi var. Gözələ baxmaq savabdır. Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı. Gözəl arvad şıltaq olar. İgidə üç şey lazımdır: gözəl arvad, iti silah, yorğa at. Hələlik bu qədər bəsdir, indi söz əlaqədar təşkilatlarındır...

Naxçıvandan bəhs edirdik. Hesablama Palatası aşkar edib ki, 2021-2022-ci illərdə Naxçıvana ayrılan un subsidiyasının hamısını bircə şirkət qapazlayıbdır, o da kimin şirkəti olsa yaxşıdır? Çox inanılmaz hadisədir. Heç yatsanız yuxunuza girməz. Oxucuları bir qədər də intizarda qoymaq istəyirəm, tapın görüm həmin yeyinti şirkəti kimindir. Düzgün cavab yazana Naxçıvana, Əshabi-Kəhf mağarasına 1 bilet təşkil edirik, gedib orda əlavə 300 il yata bilər.

Bəlkə yazım, nigarançılıq pis şeydir? Neft Fondu mətbuat xidmətsiz qalıb, üstəlik mən burda belə, türkün sözü, ilginc, şok, qandondurucu, sümükgöynədici, tükürpədici, ağızəyici məlumat paylaşıram. Nəsə, yazıram, bu qədər işgəncə bəsdir: şirkət Vasif Talıbovun şirkəti olmuşdur.

Yenə yazıram, şəxsən mən Vasif müəllim orda başçı olarkən hansısa yeyintiyə imza atmasını ağlımın ucuna gətirməzdim. Ancaq yeyibdir. Əslində elə çox pul deyil, iki ilə 26 milyon manat subsidiyadan söhbət gedir. Ört-basdır eləmək də olardı. Nəyə lazım, xarici düşmənlərimiz görür...

Bir məsələ də var ki, Naxçıvanda bütün sahələr həmişə dotasiyada, subsidiyada olub. Hər il büdcədən on, yüz milyonlarla pul alırdılar, əvəzini vermirdilər, ortaya isə belə mənzərə çıxırdı ki, Naxçıvan inkişaf eləyir. İndi isə HP deyir o dotasiyalar da ünvanına doğru-düzgün çatmırmış.

Ramiz Mehdiyev administrasiyanın müdiri olanda xanımı Qalina Mehdiyevanın adına Novxanıda üzüm bağı salmışdı. Bir neçə hektarlıq bağa görə bizim Kənd Təsərrüfatı Nazirliyi hər il Qalina xanıma 5-10 min manat dotasiya və subsidiya verirdi. Görəsən o üzümlük dururmu? 

Nəsə, çox inanılmaz hadisədir. Mən hələ də inanmıram. Bəlkə də bu bir yuxudur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR