İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır...

1071 14.03.2023 09:15 İqtisadiyyat A A

Nəhəng bankın iflası ABŞ bank sistemində böhrana gətirəcəkmi?

Dünya maliyyə və bank sisteminin nəzərləri ABŞ-a yönəlib. Martın 10-da ABŞ-ın Kaliforniya ştatının maliyyə mühafizəsi departamenti ölkənin 16-cı böyük bankı olan “Silicon Valley Bank”ın iflas etdiyini açıqlayıb. Əsasən Silikon vadisində fəaliyyət göstərən texnoloji startaplara, vençur kapitalı əsasında maliyyələşən şirkətlərə xidmət göstərən bu bank 1983-cü ildə yaradılmışdı. 2020-2021-ci illərdə ABŞ-da texnoloji sektorun ildırım sürətli böyüməsi qeydə alınıb. Nəticədə bu sektor subyektlərinə xidmət göstərən SVB də sürətlə böyüdü. 2022-ci ilin 31 dekabrına onun ümumi aktivlərinin həcmi 110,36 milyard dollara, ümumu depozitlərin həcmi isə 88,59 milyard dollara çatıb.

CNN qeyd edir ki, bu, 2008-ci ilin maliyyə böhranından bəri ABŞ bank sistemində ən böyük iflasdır və onun domino effekti yaratması ehtimalı yüksəkdir. Belə ki, SVB uçot dərəcəsinin aşağı olan müddətdə ABŞ dövlət istiqrazları və ipoteka kağızlarına böyük həcmdə yatırım edib. Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırdıqdan sonra bank reallaşmayan zərərlə üzləşib. Normalda bir çox banklar belə yatırımlar edir, ehtiyat aktivləri hesabına uçot dərəcəsi artırıldığı dövrü rahat keçirir, kağızların yenidən gəlirli olması halında zərəri bərpa edirlər. Lakin SVB-nin zəruri ehtiyatları az olub, eyni zamanda üzləşdiyi çətinlik hansısa formada müştərilərə sızıb. Nəticədə müştərilər sürətlə depozitlərini geri çəkməyə başlayıblar. SVB artan tələbi ödəmək üçün martın əvvəlində bankın məxsus olduğu ana şirkət - "SVB Financial Group" müştərilərin depozitlərini geri çəkmək tələbini qarşılamaq üçün 21 milyard dollar dəyərində istiqraz və ipoteka kağızlarını vaxtından əvvəl satmağa məcbur olub. Nəticədə şirkətin 1,8 milyard dollar zərərə düşdüyü bildirilir.

Martın 12-də ABŞ Maliyyə Nazirliyi, FED və Əmanətlərin Sığortalanması Federal Korporasiyası SVB-nin bütün müştərilərinin martın 13-dən etibarən öz hesablarına tam giriş əldə edəcəklərini açıqlayıblar. Həmin gün bu qurumlar daha bir bankın - “Signature Bank”ın bağlandığını elan ediblər. Əsasən kriptoşirkətlərə xidmət göstərən bu bankın bağlanmasına səbəb sistem risklərinin artmasıdır. 

ABŞ prezidenti Co Baydenin yazılı açıqlamasında dövlətin SVB-nin iflasına səbəb olan bütün şəxslərin məsuliyyətə cəlb edəcəyi açıqlanıb. Prezident bildirib ki, onun tapşırığına əsasən Maliyyə Nazirliyi və maliyyə tənzimləyicisi SVB ətrafında yaranan problemi həll etmək üçün ciddi iş aparıblar: “Mən şadam ki, onlar Amerika işçilərini və kiçik biznesi, həmçinin ölkənin maliyyə sistemini qoruyacaq həlli sürətlə tapdılar. Bu həll yolu vergi ödəyicilərinin dollarlarının riskə məruz qalmayacağına təminat verir”.

Co Bayden ABŞ fiziki və hüquqi şəxslərini əmin edib ki, onların bank yatırımları heç bir riskə məruz qalmayacaq.

ABŞ bank sistemindəki həyəcanlanma dərhal Avropada da özünü büruzə verməyə başlayıb. İngiltərə Bankı SVB-nin Böyük Britaniyadakı törəməsinin də iflas elan olunması üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb. Britaniyadakı törəmə əsasən startaplar və vençur fondları ilə işləyirdi. İngiltərə Bankı elan edib ki, CVB-nin Britaniyadakı filialının müştəriləri ən qısa müddətdə qorunan həddə - 85 min funtsterlinq(birgə yatırımlar üçün 170 min funt) həcmində ödənişlərini ala biləcəklər. Qalan aktivlər və öhdəliklərlə təyin olunacaq idarəçi məşğul olacaq.

Lakin bu açıqlamadan az sonra Britaniyanın 200-dək texnoloji şirkəti maliyyə naziri Ceremi Hanta müraciət edərək depozitlərə çıxış məhdudlaşdırılarsa, ölkənin texnologiya sektorunun təhlükə altına düşəcəyini bildiriblər. "The Times"in yazdığına görə, texnoloji şirkətlərin depozitləri batarsa, ölkənin bu sektoru 20 il geriyə düşəcək. Onlar İngiltərə bankının anlaşılmaz davrandığını iddia ediblər.

Martın 13-də məlum olub ki, SVB-nin Britaniya filialı simvolik məbləğə - 1 funta HSBC bankına satılıb. Britaniya Maliyyə Nazirliyi bununla bağlı açıqlama yayaraq HSBC-nin 39 milyon müştəriyə xidmət göstərən qlobal bank olduğu və iflas edən filialın bütün müştərilərinin öz hesablarına sərbəst girişinin bərpa edildiyini bildirib.

SVB-nin Almaniyadakı törəməsi də iflas elan edilib. Onun Almaniya bank sistemində mövqeyi çox kiçik olduğuna görə bu iflasın hər hansı ciddi təsirinin olmayacağı elan edilib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bəyan edib ki, ABŞ-da SVB-nin iflasından bu ölkənin maliyyə sisteminin təsirlənməsi ehtimalının cüzi olduğunu deyib. O, Yaponiya hökumətinin ABŞ bank sektorundakı prosesləri yaxından izlədiyini bildirib.

Beynəlxalq Valyuta Fondunun mətbuat xidməti qurumun SVB-nin iflasının dünya maliyyə stabilliyinə təsirlərinin izlədiyini açıqlayıb. Açıqlamada ABŞ-ın müvafiq qurumlarının vəziyyəti tənzimləmək üçün zəruri olan addımları atacaqlarına inam ifadə olunub.

Qeyd edək ki, əksər mütəxəssislərə görə, ABŞ hökuməti SVB-nin iflasının ardınca digər bankların da eyni aqibəti yaşamaması üçün müştəriləri onların depozitlərinə hər hansı təhlükə olmadığına inandırmalı və həmin depozitlərə sərbəst çıxışı təmin etməlidir. Buna nail olmağın ən asan yolu iflas edən bankın ən qısa müddətdə satılması ola bilər. ABŞ mətbuatı potensial alıcı kimi Goldman Sachs, Morgan Stanley və JP Morgan Chase-in adını çəkir. Bundan əlavə, Əmanətlərin Sığortalanması üzrə Federal Komissiya(FDIC) və FED satışın tez reallaşması üçün SVB-nin bütün əmanətçilərinə, yaxud onların böyük əksəriyyətinə yardım etməlidilər. Satış planı baş tutmazsa, dövlət qorunmayan əmanətlərin sahiblərinə federal yardım proqramı işə salmalıdır.

ABŞ-ın Şimali Dakota Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, SVB həm tech, həm səhiyyə sektorundakı şirkətlərlə işləyən böyük holdingin bankı idi: “Texnologiya sahəsində yüzlərlə kiçik və orta şirkətin bankda depoziti var idi. Bank bu depozitləri alıb əlavə gəlir qazanmaq üçün qısa və uzun müddətli dövlət borc kağızlarına və ipoteka kağızlarına yatırım etmişdi. Bu kağızların faizləri qalxdıqca dəyərləri düşdü. Normalda satmayıb gözləsə, zərərlər kağız üstündə qalacaqdı. Amma birdən-birə riski hiss edən depozit sahibləri pullarını çəkməyə başlayır. Məcburən bank da bu kağızları satıb zərəri reallaşdırır və çalışır likvid qalsın. Amma iki günə 42 milyarddan çox pul çəkilir və bunun qarşısında tab gətirə bilməyib ağ bayraq qaldırır.

Normalda 250 minə qədər depozitlər sığortalanıb və FDIC bankı kiməsə satacaq. Amma böyük depozitlərin aqibəti hələ məlum deyil, FDIC qalan aktivləri satıb ödəyəcəyini deyir. Tech şirkətlərinə problem olacaq, çünki çoxunun depoziti daha yüksək məbləğ olardı".

Ekspertin sözlərinə görə, maliyyə sektorunda likvidlik və borc əsas faktorlardır: “Sektoru batıra da bilər, artıra da bilər. Bunlarsız mümkün deyil sistem, onlarla da gərək ölçüsünü biləsən. Bəzən normal görünən birdən-birə alt-üst ola bilər. Bir on, on beş il hansısa norma alışanda həmişə gərək ayıq başlar desin ki, bəs belə olmasa, tərsinə olsa nə edəcəyik. Şirkətlərdə də belə, borca, nağda və komfort zonanıza diqqət etmək lazımdır. Mərkəzi banklar isə ölkənin pul xəritəsini yaxşı ölçməli, mümkün tıxacları öyrənib izləməlidir. Hansı daş necə oynasa nə baş verər, ssenariləri getməlidir”.

Fariz Huseynov (@FarizHseynli1) / Twitter

Fariz Hüseynli

F.Hüseynli hesab edir ki, FED, FDIC və Maliyyə Nazirliyinin batan iki bankın depozitlərini təhlükə gözləmədiyini elan etmələri zərurətdən doğub: “Başqa cür davranmaq sistemdəki riskləri daha da artırardı. Onsuz da 250 min dollara qədər olan əmanətlər sığortalı idi, indi böyük depozitləri də təhlükə gözləmədiyini bildirdilər. Amma səhmdarların, kreditorların qorumadıqlarını və bank rəhbərlərinin işdən çıxarıldığını deyirlər. Banklar normal prosedurla satılacaq. Əslində alınası banklardır (SVB məsələn).

Regional banklar üçün çətin olacaq bir müddət. Görəsən, gələcəkdə müştərilər böyük pulları 5-6 böyük banka keçirəcək, ya yox? Düzdür, əksər müştəriləri kiçik depozitorlardır, amma böyük müştəriləri saxlamağa səy göstərməlidirlər. Faiz riskinin başını buraxsan sonra yığmaq çətin olur. Özü də iqtisadiyyat artıb durmadan gəlirlər və nağd artanda. Şirkətlər qazanır, banklarda depozitlər artır, bankların da iştahı artır. Bir az çox qazanmaq üçün bütün bankı təhlükəyə atmaq da olmaz. Yoxsa müştəriləri belə sürətlə itirərlər. İndi əvvəlki dövr deyil, get bankda növbə gözlə ki, pulu alasan. Fintech sağ olsun, bir dəqiqəyə deyirsən milyonlarım hanı, ver mənə, göndər filan banka. Bunun qabağında dayanmaq çətin olur, ona görə ağıllı-başlı idarə etmək lazımdır".

ABŞ Maliyyə Nazirliyi, FED və FDİC-in aldığı qərarların ölkənin maliyyə və bank sektorunda nə qədər stabilləşdirici rol oynayacağı bu həftə ərzində məlum olacaq. Əgər vətəndaşlar və biznes bu qərarlarla kifayətlənərək vəsaitlərini banklardan geri çəkməyə çalışmasa, ABŞ bank sisteminin böhran təhlükəsindən sovuşduğunu söyləmək mümkün olacaq. Yox, əgər vətəndaş və biznes dövlətin atdığı addımları yetərsiz hesab edərək, banklardakı vəsaitlərini qurtarmaq üçün onları geri çəkməyə başlasa, bu, bütün dünyanın maliyyə sistemində böyük böhrana gətirib çıxaracaq nəticələrə səbəb olacaq...

Onu da qeyd edək ki, ABŞ bank sistemində baş verənlər sürətlə xammal bazarlarında təsir göstərir. Artıq Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 4,5 dollardan çox ucuzlaşaraq 78,9 dollara, WTI neftinin qiyməti isə 72,3 dollara düşüb.

Comex birjasında isə böhran dövrlərinin ən etibarlı yatırım ünvanı qızılın 1 unsiyasının qiyməti 1900 dolları keçib...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR