İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun 1,6 milyardlıq zərərinin səbəbi - iqtisadçıdan ilginc açıqlama

3767 21.04.2022 08:55 İqtisadiyyat A A

Qurum 6 aydır investisiya siyasətinin nəticələrini elan etmir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin birinci rübündə 1,6 milyard manatdan yuxarı zərərlə üzləşib. Fondun rüb yekunlarına dair məlumatında qeyd olunur ki, 2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat təşkil edib.

Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan zərəri isə 1 660,8 milyon manat olub.  Rüb ərzində Fond valyuta məzənnələrinin dəyişməsindən 214,3 milyon manat büdcədənkənar gəlir əldə edib.

2022-ci il martın 31-nə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon ABŞ dolları) nisbətən 0,53 faiz artaraq 45 milyard 264 milyon ABŞ dolları təşkil edib.

ARDNF bəyan edir ki, 1,6 milyard manatlıq zərər qlobal istiqraz və səhm bazarlarındakı dalğalanmalarla bağlı olub: “Cari ilin ilk rübündəki qlobal makroiqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirmişdir. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər, eləcə də, postpandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olmuşdur ki, bu da ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşməmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnmişdir ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olmuşdur”.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, fondun birinci rübdəki gəlir-xərclərinə dair məlumatı statistik manipulyasiyadır: “Fondun hazırkı hesabatlılığı statistik manipulyasiya üzərində qurulub. Aktivlərin dəyərindəki azalmanı göstərməkdən qaçmaq üçün investisiya alətlərinin bazar dəyərindəki 1 milyard dollar itkini cari büdcə gəlirlərindən çıxaraq təqdim ediblər. Nəticə isə təbliğat baxımından çox uğurlu alınıb - həm büdcədə profisit görünür, həm də aktivlərdə artım.

Metodoloji olaraq tamamilə səhv yanaşmadır. Büdcə gəliri cari daxilolmaları əks etdirir. Yatırımların dəyərindəki dəyişikliklər isə əvvəlki bütün 20 ilin gəlirləri hesabına formalaşan cəmi aktivlərdə baş verir. Aktivlərin dəyərindəki dəyişiklik real olaraq cari büdcəyə hər hansı formada təsir etmir - yəni nə gəlir aparır, nə də xərcə salır. Cari büdcə yalnız real baş verən gəlir və xərc axınlarını əks etdirə bilər".

Ekspertə görə, fond belə manipulyasiya ilə aktivlərindəki azalmanı gizlətməyə çalışıb: “Əgər bu yanaşma olmasa idi, fondun aktivlərini ötən ilin sonu ilə müqayisədə 2,2 faiz (1 milyard dollar) azalma ilə göstərməli idilər. Sadə bir örnək: siz 30 il ərzində çalışıb 200 min manat dəyərində əmlaka sahib olmusunuz. Tutaq ki, illik qazancınız 50 min manatdır və qəfil bazar dalğalanmasından əmlakınızın dəyəri 50 min manat azaldı. Hər halda, siz illik cari qazancınızdan həmin itkini çıxıb deyəsi deyilsiniz ki, mən bu il, ümumiyyətlə, heç nə qazanmamışam”.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

Rövşən Ağayev

R.Ağayev bildirir ki, Neft Fondu birinci rüb üzrə investisiya fəaliyyətinin nəticələrini açıqlamadığına görə zərərin hansı bazarda, hansı alətlər üzrə yarandığını müəyyənləşdirmək çətindir. Bu zərərdə Rusiya ilə bağlı proseslərin roluna gəlincə, ekspertin fikrincə, bu amilin rolu olub: “Lakin zərərin yalnız bu amillə bağlı olmadığı fikrindəyəm. Fond birinci rübdəki investisiya fəaliyyətinin nəticələrini açıqlamayınca, dəqiq fikir yürütmək mümkün deyil”.

Maraqlıdır ki, Neft Fondu nəinki 2022-ci ilin birinci rübü, hətta 2021-ci il üzrə investisiya fəaliyyətinin nəticələrini belə hələ açıqlamayıb. Bu barədə son məlumat 2021-ci ilin 9 aylıq dövrünü əhatə edir. Həmin dövrdə 44 milyard 226 milyon dollarlıq aktivlərin 63,1 faizi istiqrazlar və pul bazarı alətlərinə, 18,1 faizi səhmlərə yatırılmış olub. İnvestisiya portfelinin 30,02 faizi Avropa, 21,23 faizi Asiya bazarlarına yatırılıb. Ümumi investisiya portfelinin 19,82 faizi inkişaf etməkdə olan ölkələrin kağızlarında olub.

Fondun 2021-ci il üzrə gəlir-xərclərinə dair məlumatında qeyd olunur ki, ilin yekunlarına əsasən fondun aktivləri 45 milyard ABŞ dollarını üstələyib və fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil edib. Bu gəlirlərin 8,9 milyard ABŞ dolları həcmindəki hissəsi son 10 ildə əldə olunub.

Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyardlıq depozit yerləşdirdi

2021-ci ildəki gəlir-xərclərinə dair məlumatdan aydın olur ki, ötən il fondun aktivlərin yenidən qiymətləndirilməsindən hər hansı zərəri qeydə alınmayıb. Yalnız valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin 2 milyard 119,3 milyon manatqlıq büdcədənkənar xərci olub. 2022-ci il yanvarın 1-nə fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 3,35 faiz artaraq 45 milyard 25,1 milyon ABŞ dollarına bərabər olub: “Akivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır”.

Göründüyü kimi, Neft Fondunun istiqraz və səhm bazarı üzrə zərəri yanvar-mart aylarında qeydə alınıb.

Xatırladaq ki, ARDNF Rusiyanın Qərbin ağır sanksiyalarına məruz qalan VTB bankının səhmlərinə 500 milyon dollar yatırım edib. Avropa və ABŞ-dakı 500 milyard dollara yaxın aktivlərindən məhrum edilən VTB Banka yatırılan bu məbləği faktiki olaraq itki kimi qiymətləndirmək mümkündür.

Bundan əlavə, güman olunur ki, ARDNF həm də Rusiya dövlət qiymətli kağızlarına da yatırım edibmiş. Hazırda Rusiyanın bu kağızlar üzrə öhdəliklərini icra etməsi qeyri-mümkün hala gəlib: Qərbin sanksiyaları nəticəsində ölkə 360 milyard dollarlıq valyuta ehtiyatları üzərində sərəncam verə bilmir. Bu səbəbdən də mayın əvvəllərində Rusiyanın texniki defolt elan olunması gözlənilir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR