İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarının gözləntiləri: Azərbaycanın ixracı azalsa da, gəlirləri azalmır

671 04.03.2023 09:15 İqtisadiyyat A A

Ölkə neft-qaz sektorundan büdcədə nəzərdə tutulandan çox gəlir əldə edəcək; nəzərlər Pekin, Moskva və Vaşinqtonda...

Dünya neft bazarında qiymətlərin ziddiyyətli dəyişməsi davam edir. İlin ilk iki ayında iki əsas etalon markalardan biri olan Brent neftinin qiyməti bəzi günlərdə 80 dollardan aşağı ensə də, qısa müddətdə yenidən 80 dolların üstünə qalxa bilib. WTI nefti isə Brentdən ucuz olmasına baxmayaraq, onun qədər kəskin qiymət dəyişikliyi yaşamayıb.

Son iki həftə ərzində qiymətlərdə ciddi artım müşahidə olunsa da, martın 3-də yenidən eniş başlayıb. Buna baxmayaraq, Çində koronavirus pandemiyasının sona çatması və iqtisadiyyatda aktivliyin sürətlə bərpa olunması xəbərlərinin bazarlara pozitiv təsiri nəticəsində neft bu həftəni də artımla yekunlaşdırıb.

Analitik mərkəzlərə görə, Çindəki proseslərin bazara daha kəskin təsir göstərməsinin qarşısını alan əsas faktorlardan biri ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) sərt monetar siyasəti davam etdirmək, uçot dərəcəsini artırmaq imkanlarının çoxalmasıdır. Belə ki, ABŞ-da işsizlik səviyyəsinin aşağı olması FED-in sərt siyasəti davam etdirməsinə səbəb olacaq ki, bu da dünyada dolların məzənnəsinin yüksəlməsini şərtləndirəcək. Baha dollar isə xammal bazarlarında əsas qiymətsalıcı faktorlardan biridir.

Bazara sabitləşdirici təsir göstərən daha bir amil ABŞ-da neft ehtiyatlarının sürətlə artmasıdır. Belə ki, ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 165 min barel artaraq, 480 207 min barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 457 min barel artacağını proqnozlaşdırırdı.

Onu da əlavə etmək lazımdır ki, ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl olaraq 10 həftədir ki artır.

Bazar iştirakçıları hazırda Avropa İttifaqı və G7 ölkələrinin Rusiyanın qiymət tavanı və embarqo qərarlarından sonra hansı addımları atacağını da diqqətlə izləyirlər. Rusiya Maliyyə Nazirliyinin məlumatından aydın olur ki, ölkənin əsas ixrac məhsulu olan “Urals” markalı neftin qiyməti fevralda da 50 dollardan aşağı olub. Belə ki, ay ərzində “Urals”ın bir bareli üçün orta qiyməti 49,56 ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin fevral göstəricisi (92,15 dollar) ilə müqayisədə demək olar ki 1,86 dəfə azdır. Bu ilin yanvar ayının göstəricisi (49,48 dollar) ilə müqayisədə fevralda “Urals” neftinin qiyməti 1,16 faiz artıb, lakin Qərbin müəyyənləşdirdiyi tavandan, həmçinin dövlət büdcəsinin hesablandığı 70 dollardan kəskin aşağı olmağa davam edir. Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında “Urals” neftinin orta qiyməti 49,52 dollar təşkil edib, bu da illik müqayisədə 44,3 faiz azalma deməkdir.

Böyük yeddilik” ölkələri Rusiya neftinə qiymət tavanı qoyur » AzadSəs

Avropaya sata bilmədiyi neft həcmlərini Hindistana yönəltməyə çalışan Rusiya burada bir sıra çətinliklərlə üzləşməkdədir. Belə ki, alqı-satqı əməliyyatlarını maliyyələşdirən banklar Rusiyadan neftin qiymət tavanı nəzərə alınaraq əldə edildiyini sübut edən çoxsaylı sənədlər tələb etməyə başlayıblar. Baxmayaraq ki, Hindistan şirkətləri Rusiyada nefti tavandan xeyli aşağı alırlar, onlar bunu banklara sübut etməkdə çətinlik çəkirlər: Rusiya prezidentinin imzaladığı əmrə əsasən şirkətlər nefti yalnız tavan tələbinə əməl etməyən alıcılara sata bilərlər. Hindistan şirkətləri bu səbəbdən qiymət razılaşmasını banklara təqdim etmək istəmirlər.

Çin Rusiya neftini Hindistandan daha aşağı qiymətə aldığına görə  Rusiya şirkətləri Hindistana daha çox mal satmağa çalışırlar. Fevral ayında Hindistan şirkətləri gündə 1,88 milyon barel Rusiya nefti alıblar. Lakin problemlərin getdikcə dərinləşməsi fonunda sanksiyalardan yayınmağa imkan verəcək hesablaşma yolu tapılmasa, bu həcm kəskin azala bilər.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, martdan etibarən gündəlik neft hasilatını 500 min barel azaldırlar. Bazar hazırda bu azalmanın baş verib-vermədiyinə dair məlumatı gözləyir. Digər tərəfdən, azalmanın daha yüksək həcmdə olacağını proqnozlaşdıranlar da az deyil. Bu isə neft bazarında qiymətlərin yenidən 90 dolların üstünə qalxmasına gətirib çıxara bilər.

Rusiyanın neft şirkəti olan “Qazprom neft” 2023-cü ildə neftin qiymətinin bir barel üçün 80-110 ABŞ dolları diapazonunda olacağını gözləyir. Bu barədə şirkətin rəhbəri Dyukov bildirib: “Volatillik nisbətən yüksək olacaq. Amma eyni zamanda, bu dəyişkənliklə işləməyə imkan verən bir sıra alətlər var. ”OPEC+" bazarda volatilliyi azaltmağa imkan verən əsas mexanizmlərdən biridir. “OPEC+” effektiv şəkildə bu tapşırığın öhdəsindən gəlir".

Qazprom Neft” karbohidrogen hasilatını 283% artırıb

Şirkət rəhbərinin sözlərinə görə, hazırda bazarda tarazlığı bir çox amillər müəyyən edir. Hər şey həmçinin bu il qlobal iqtisadiyyatda nə baş verəcəyindən, Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasının təsirinin necə olacağından və bir çox başqa amillərdən asılı olacaq.

Aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group. Inc”in analitikləri isə hesab edirlər ki, Çində tələbin kəskin bərpası və təklifin durğunluğu fonunda neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər. Bildirilir ki, qeyd olunan proseslər “OPEC+” razılaşması iştirakçılarının iyun ayında keçiriləcək iclasında hasilatın artırılması barədə qərarın verilməsinə səbəb ola bilər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında OPEC+ ölkələri gündəlik neft hasilatını 2023-cü ilin sonuna 2 milyon barel azaltmaq barədə razılığa gəliblər. “Goldman Sachs” ilin ikinci yarısında “OPEC+” üzrə gündəlik hasilatın 1 milyon barel artması şərtilə dekabr ayı üçün neft qiymətlərinin tədricən 100 ABŞ dolları səviyyəsinə yüksələcəyini gözləyir. “OPEC+” hasilat səviyyəsini dəyişməsə, o zaman “Brent” markalı neftin qiyməti dekabr ayı üçün 107 dollara çata və daha da artmağa davam edə bilər.

Onu da bildirək ki, dəyişkənliyə baxmayaraq, bazarlardakı qiymət şərtləri Azərbaycan üçün əlverişlidir. Martın 2-də dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,87 faoz artaraq 86,71 ABŞ dolları təşkil edib.

Qiymət şərtlərinin əlverişli olması sayəsində ölkədə neft hasilatı və ixracı azalsa da, əldə olunan gəlirlər yüksək olaraq qalır. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 19 faiz azalaraq 3 milyard 289.53 milyon dollar təşkil edib. Azərbaycanın ixracı yanvar ayında 39,2 faiz azalaraq 1 milyard 876.84 milyon dollar, idxalı isə 45,4 faiz artaraq 1 milyard 412.69 milyon dollara çatıb. Nəticədə xarici ticarətdə müsbət saldo 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.

İxracın azalmasının tək səbəbi neft ixracının azalmasıdır. Belə ki, yanvarda neft ixracımız 2 milyon 246 min 118.56 ton təşkil edib. Bu, keçən ilin yanvarında qeydə alınan 3 milyon 505 min 551.96 tonluq ixracdan 36 faiz azdır. Neft ixracından əldə olunan gəlir isə 2 milyard 31 milyon 435.60 dollardan 1 milyard 397 milyon 747.32 min dollar düşüb - yəni 31,2 faiz azalıb.

Dövlət Neft Fondu - Azerbaijan.az

Azərbaycan Dövlət Neft Fondunun məlumatına görə, bu ilin yanvar-fevral aylarında “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan neftin satışından onun 1 milyard 324 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil olunan təbii qaz və kondensat satışından isə 534,751 milyon ABŞ dolları gəlir daxil olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar-fevralında AÇG-dən Neft Fonduna 1 milyard 307 milyon ABŞ dolları, “Şahdəniz” yatağından isı 227,557 milyon ABŞ dolları daxil olmuşdu. Göründüyü kimi, neft ixracı azalsa da, ondan Fonda daxil olan gəlir nəinki azalmayıb, az da olsa artıb. Qaz gəlirləri isə 2,6 dəfə artıb.

2023-cü ilin dövlət büdcəsi neftin 50 dollarlıq orta qiyməti əsasında hesablanıb. Büdcənin gəlirləri 2021-ci ilin icra göstəricisindən 4324,4 milyon manat, 2022-ci ilin proqnozundan 1522,9 milyon manat çox olmaqla 30 milyard 720,7 milyon manat nəzərdə tutulub.

Dövlət büdcəsi gəlirlərinin 16 milyard 297milyon manatının və ya 53 faizinin neft sektorunun payına düşməsi proqnozlaşdırılır. 2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11 milyard 280 milyon manatının DNF transfertlərinin, 1 milyard 650,0 milyon manatının ARDNŞ tərəfindən ödənilən vergilərin, 492,0 milyon manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2 milyard 875milyon manatının “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi gözlənilir.

Neft bazarında və dünya siyasi səhnəsində gedən proseslər 2023-cü il ərzində bu məhsulun orta qiymətinin 80 dollardan aşağı olmayacağına dair proqnozların reallıq əmsalını kəskin artırır. Bu isə o deməkdir ki, Azərbaycan neft-qaz sektorundan büdcədə nəzərdə tutulandan daha çox gəlir əldə edəcək. Bu da dövlət büdcəsinin xərclər hissəsinin icrasında hər hansı problem yaranmayacağından xəbər verir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR