İnsanlara hürriyət, millətlərə istiqlal!

Nədən başlayacağını bilməyən Paşinyan...

588 13.02.2024 11:41 Yazarlar A A

Paşinyan və komandasının üzvləri hələ ötən il deyirdi ki, Azərbaycanla sülh sazişinin imzalanması yolunda elə bir maneə yoxdur və saziş ən yaxın müddətdə imzalana bilər. 

Dekabr ayında bu cür bəyanatlar özünün pik həddinə çatdı, bəzi təhlilçilər hətta yazdılar və dedilər ki, saziş bu gün-sabah imzalanacaq. Amma olmadı. Hətta ötən ilin ərzində Zəngəzur dəhlizi məsələsi və sərhədlərin delimitasiyası və demarkasiyası da sazişin konteksindən çıxarıldı. Bildirildi ki, sülh sazişi bunlarsız da imzalana bilər. 

Amma bu da kömək etmədi. Erməni baş naziri ilin sonunda və bu ilin əvvəlində bəyan etdi ki, Bakı ilə İrəvan sülh sazişi əvəzinə hücum etməmək haqqında pakt da imzalaya bilər. Daha sonra Azərbaycandakı seçkilər bəhanə gətirildi. Bundan bir azca sonra isə Paşinyan ölkə konstitusiyasını dəyişmək və müstəqillik bəyannaməsinə düzəlişlər etmək arzusunu izhar etdi, hərçənd bu iki sənədlə bağlı problemləri o, əvvəllər də qeyd etmişdi. 

Prinsip etibarilə, bu iki əsas siyasi sənədlə bağlı deyilən qeydlər çox düzgündür - Bakı və Ankara ilə normal münasibətlər qurmağa zəmin yaratmaq üçün Ermənistan nə vaxtsa, bu addımı da atmalıdır, çünki Azərbaycan və Türkiyə ilə normallaşnmış münasibətlər hər an Ermənistanın əsas qanunlarına zidd elan oluna bilər və formal məntiq də deyir ki, sülh sazişi yalnız bu sənədlərə qeyd olunan düzəlişlər ediləndən sonra imzalanmalıdır ki, onlar dayanıqlı və etibarlı olsun...

Amma son günlərin məlumatlarına görə, bu, heç də asan məsələ deyil - guya Ermənistanda cəmiyyətin böyük hissəsi bunun əleyhinədi, hərçənd, demək olar ki, heç kim bu xüsusda referendum nədir, heç geniş sorğu da keçirməyib və bilinməyir ki, cəmiyyətin bu çağırışlara əsl münasibəti necədir - onlar hələ də əsas sənədlərdə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının qalmasını istəyirlər, yoxsa Paşinyanın təklifinə dəstək verirlər? 

Təəssüf ki, hələ ki bu sualın dəiqiq cavabı bilinmir. Bəlli olan isə yalnız budur ki, İrəvanda siyasi temperatur təzədən yüksəlibdi, hakim komanda ciddi problemlər yaşayır. Hələ ötən ilin sonralarında baş nazir Paşinyan tapşırmışdı ki, ən azı yüksək çinli məmurlar hakim partiyaya üzv olsunlar. İndi isə məlum olur ki, N.Paşinyanın arzusunu yerinə yetirmək istəyənlər nəinki azlıq təşkil edir, hətta onunla bir siyasi komandada belə çalışmaq istəyənlərin sayı gündən-günə azalır. 

Əlbəttə, bütün bunlar adi siyasi şayiələr də ola bilər, çünki Ermənistanda hələki ciddi və sürəkli siyasi etirazlar müşahidə olunmur. 

Amma biz həmişə yazmışıq ki, cəmiyyətin Paşinyana münasibətdə etimad limiti heç də sonsuz deyil, o, bir gün tükənə bilər, çünki baş nazir qəti addım ata bilmir. Əslində erməni cəmiyyəti hətta uğursuz müharibədən sonra ona dəstək verdi və göründü ki, cəmiyyətin ən azı böyük hissəsi müharibə istəmir və onlar əgər müharibə istəmirsə, deməli sülh istəyirlər. Paşinyan isə elə hey tərəddüd edir! Bilmirsən, bu adam axı nə istəyir? Aydın məsələdir ki, sülh olmayacağı təqdirdə blokada da qalacaq və Ermənistanın regional problemləri də həll olunmayacaq...  

Paşinyan və ya erməni cəmiyyəti bunu istəyirmi? Həm də insanlar qətiyyətsiz siyasətçiləri sevmirlər, çünki onlar fərsiz ailə başçısı kimidir. Ona görə də bir daha deyirik: cəmiyyətin etimad limiti heç də sonsuz deyil və erməni baş naziri, necə deyərlər, siyasətin bu qanununu sırğa edib qulaqlarından asmalıdır...

Bəs bu il üçün perspektiv necə görünür? Biz hələ ötən il dəfələrlə yazmışıq ki, Rusaiyada və ən əsası da ABŞ-da prezident seçkiləri başa çatmayınca güman ki, sülh sazişi imzalanmayacaq. ABŞ-da seçkilər isə noyabrda olacaq və bu, o deməkdir ki, yalnız növbəti ildə nəsə ola bilər. 

Burada, əlbəttə, oxucu etiraz edə bilər ki, doğrudanmı Ermənistanla ABŞ arasında bu qədər bağlılıq var? Bilirsiniz, əvvəllər Ermənistanın bir ağası vardı, indi isə onların sayı ən azı üçdür və bunlardan biri də ABŞ -dır, hansının ki, razılığı olmadan çətin İrəvan qəti addım atmış olsun...



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR