İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin “Masaj otağı”ndan Karib adasına qədər səyahəti – Epşteyn işində yeni qalmaqal

714 14.05.2026 13:50 Dünya A A

ABŞ Konqresi tərəfindən açıqlanan dinləmə materialları ticarət naziri Hovard Lutnik və milyarder Ted Uaytın Epşteyn şəbəkəsi ilə bağlı ifadələrini üzə çıxardı. ABŞ-də illərdir müzakirə olunan və siyasi-ictimai gündəmi sarsıdan Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlər yenidən diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, Konqresin Nəzarət Komitəsi tərəfindən yayımlanan müsahibə transkriptləri bu dəfə yüksək səviyyəli biznes və siyasi fiqurların adını gündəmə gətirib.

Sənədlərdə ABŞ-nin Ticarət Naziri Hovard Lutnik və “Gateway Computers” şirkətinin həmtəsisçisi Ted Uayt Epşteyn və onun ətraf şəbəkəsi ilə bağlı əlaqələrindən danışıblar.

Lutnik ifadəsində Nyu-Yorkda Epşteynlə qonşu olduğunu, onun evinə qısa səfər etdiyini və həmin görüşdən sonra münasibətlərin dəyişdiyini bildirib. Onun sözlərinə görə, Epşteynin evində gördüyü bəzi detalları “narahatedici” hesab edib və bu səbəbdən əlaqəni məhdudlaşdırıb. Lutnik həmçinin Epşteynlə əlaqəsinin tam kəsildiyini düşündüyü bir vaxtda Karib dənizindəki adaya səfərlə bağlı ortaya çıxan məlumatlara da münasibət bildirib. Hovard Lutnik bu məsələnin ona izaholunmaz və narahatedici göründüyünü qeyd edib. Transkriptlərdə diqqət çəkən məqamlardan biri də Lutnik ailəsinin Epşteynə məxsus olduğu bildirilən Karib adası ətrafına səfəri ilə bağlı detallardır. Nazir həmin səfərin ailəvi xarakter daşıdığını, lakin Epşteynlə hər hansı yaxın təmasın olmadığını iddia edib. Eyni zamanda Konqres dinləmələrində Epşteynin şəbəkəsi ilə bağlı daha geniş sualların açıq qaldığı vurğulanır. Digər transkriptdə Ted Uayt Epşteynin suç ortağı Qisleyn Maksvell ilə bağlı ifadələr xüsusi diqqət çəkir. Ted Uayt onun Epşteynin biznes və şəxsi çevrəsindəki rolundan danışaraq, Maksvelin əsasən əmlak və işçi idarəçiliyi ilə məşğul olduğunu bildirib. Uayt həmçinin münasibətləri dövründə heç bir qanunsuz fəaliyyətə şahid olmadığını və Epşteynin cinayət şəbəkəsi barədə məlumatının olmadığını iddia edib. Konqres Komitəsi tərəfindən yayılan materiallar göstərir ki, Epşteyn işi yalnız bir şəxsin cinayət fəaliyyəti ilə məhdudlaşmayıb, əksinə, ABŞ və beynəlxalq elitanın müxtəlif təbəqələrinə qədər uzanan əlaqələr şəbəkəsiylə bağlı sualları yenidən gündəmə gətirir.

Ekspertlər hesab edirlər ki, yeni transkriptlər hüquqi baxımdan yeni ittihamlar yaratmasa da, ictimai etimad və siyasi reputasiya baxımından ciddi rezonans doğura bilər. Epşteyn işi bağlanmış bir kriminal dosye kimi görünsə də, onun ətrafında yaranan əlaqələr şəbəkəsi hələ də tam aydın deyil. Konqresin açıqladığı yeni ifadələr isə bu qaranlıq dosyenin tam bağlanmadığını, əksinə, yeni suallar doğurduğunu göstərir. ABŞ ictimaiyyəti isə bir daha eyni sualla üz-üzə qalıb: Epşteyn şəbəkəsi harada bitir və kimlərə qədər uzanır?

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR