İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin hədəfi: universitetlərin reytinqi yüksəlməlidir, buna nail ola biləcəyikmi?

479 19.04.2023 11:17 Son xəbər A A

 

Kamran Əsədov: “Müəllimlərin çoxu uzun illərdir ki, auditoriyada eyni şeyləri təkrarlayırlar”

“Ali təhsil müəssisələri çox dar profilə sahibdir. Universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməsi üçün bir sıra proseslər dəyişməlidir. 2026-cı ilə qədər bu məsələ ilə bağlı qarşımızda bir sıra çağırışlar dayanır. Biz daha çox keyfiyyətə önəm verməliyik, nəinki universitetlərin daxilində olan məsələlərə”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasındakı çıxışında deyib. Nazir əlavə edib ki, ali təhsil sistemi ilə bağlı bir sıra prioritet var: “İlk növbədə Azərbaycan universitetlərində tədqiqat və təhsilin keyfiyyətinin artırılması istiqamətində reytinqlərdə irəliləmək lazımdır. Top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir. Biz əgər keyfiyyət təminatı sistemlərini qurmadan muxtariyyətə gedəcəyiksə, keyfiyyətə nəzarət funksiyamızı itirmiş olacağıq. Bu gün əsas məsələ qəbul planının neçə faiz doldurulmasıdır. Mənim üçün bu, o qədər də əhəmiyyət kəsb etmir. Çalışmalıyıq ki, rəqabətli sistemə keçək. İyun ayında ali təhsil müəssisələrinin reytinq siyahısı açıqlanır. Yəni, bu il gələn il üçün reytinqlər məlum olur. Azərbaycanın bəzi universitetlərində akademik nəticələr daha yüksək, işəgötürmə faizi isə aşağıdır, digər universitetlərdə bu göstəricilər əksinədir. Məsələn, akademik nəticələr digərinə nisbətdə az olsa da, həmin universitetin reytinq siyahısına düşməsi işəgötürmə və s. hallara görə olub. Çox da detallara getmək istəmirəm. Bizim də reytinq məsələsində özümüzə məxsus problemlərimiz var. Çünki Azərbaycandakı universitetlər dar sahə üzrə fəaliyyət göstərdikləri üçün onların reytinqə düşməsi çətindir".

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan universitetlərinin müasir tələblərə uyğun kadr yetişdirə bilməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Nazir deyib ki, belə fikirlərlə razı deyil: “Ölkədə fəaliyyət göstərən dövlət qurumları və digər aidiyyəti iş yerlərində çalışanların hamısı məhz ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bitiriblər: "Mən özüm də universitetlərimizdən birinin məzunuyam. Bu mənada fikirləri bəzən çox ümumiləşdiririk.  Son 10 ildə ölkədə ali məktəbə qəbul olan tələbələrin sayı təxminən iki dəfə artıb".

E.Əmrullayev bildirib ki, kəmiyyət artanda keyfiyyətə təsiri başa düşüləndir: "Misal olaraq, bölgələrdəki bəzi məktəblərdə vakant yerlər olsa da, insanlar bəlli səbəblərdən Bakıda və böyük şəhərlərdə işləmək istəyirlər. Bu, bir çox hallarda hətta əmək haqqı ilə bağlı da deyil. Müəllim məktəbi seçəndə həyat tərzi və ya yaşayış yerinə yaxın olmasını əsas götürür. Başqa nümunə də verə bilərəm ki, Azərbaycanda universitet bitirən yüzlərlə insan dövlət proqramı çərçivəsində dünyanın ən yaxşı ali təhsil müəssisələrinə qəbul olur. Bu səbəbdən bütün məzunlar barədə belə söz demək düzgün deyil. Bəlkə də söhbət uyğun kadr hazırlığından gedə bilər. Bu da prosesdir. Bəzi məhdud saylı kadr olan sahə üzrə müəllimlərin işə qəbul imtahanı nümunəsində nə isə fikir söyləmək düzgün deyil".

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında reytinqin metodologiyasını şərh edib. O bildirib ki, QS, THE və Shanghai müəyyən metodologiya tətbiq edərək universitetlərin sıralamasını formalaşdırır: "QS ən çox istinad olunan mənbə olduğu üçün istərdim ki, bununla kifayətlənək. QS bəzi hallarda Top universities də adlanır. QS bir neçə meyara əsasən universiteti qiymətləndirir: akademik nüfuz (40%), fakültə/tələbə nisbəti (20%), fakültəyə elmi istinadlar (20%)-işəgötürülmə nüfuzu (10%), beynəlxalq fakültə nisbəti/1.6 Beynəlxalq tələbə nisbəti (hərəsi 5%). Azərbaycan universitetlərinin əksəriyyətində müəllim tədqiqatçı deyil. Müəllimlərin çoxu uzun illərdir ki, auditoriyada eyni şeyləri təkrarlayırlar, elm daim yeniləndiyi üçün müasir elmi tədqiqatlardan da uzaq düşür. Bu da, QS-də göstərildiyi kimi həm akademik nüfuza, həm də elmi tədqiqatların statistikasına çox böyük mənfi təsir göstərir. İkinci səbəb isə elmə qarşı yaradılan stimulun olmamasıdır. Məsələn, doktor adını almış şəxs, maaşındakı cüzi artımı görəndə istər-istəməz həm elmi fəaliyyətdən, həm də tədqiqat işlərindən uzaqlaşmaq istəyir. Digər mühüm məsələ isə azad fikirli elm atmosferinin olmaması ilə bağlıdır, yəni, tədqiqat aparan şəxs dünya elminin tələblərinə uyğun bir iş görmək istəyirsə, mütləq şəkildə məsələlərə azad fikirli və kritik şəkildə yanaşmalıdır. Eyni zamanda tədqiqatçının istinad etdiyi mənbələr etibarlı olmalıdır ki, real vəziyyət ilə ziddiyyət təşkil etməsin. Azərbaycanda həm mənbə, həm də elm üzərindəki senzura keyfiyyətli və qərəzsiz elmi yanaşmaların qarşısını alır. Clarivate (Web of Science) elmi bazasına əsasən Azərbaycan 224 ölkə içərisində 119-cu yerdə qərarlaşıb. Coğrafi cəhətdən yaxın ökələr arasında qardaş ölkə Türkiyə-16, Rusiya-34, Ukrayna-56, Qazaxıstan-81, Belarus-97, Gürcüstan-99, Türkmənistan isə bizdən cəmi 21 yer geridədir. Siyahıda ən pis nəticəni 204-cü yerdə Qırğızıstan göstərir. Hazırda ölkəmizdə 20.522 tədqiqatçının ümumi olaraq son 30 ilin göstəriçilərinə əsasən beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayı 10.215 təşkil edir. Bu isə 2 alim/tədqiqatçıya 1 məqalə deməkdir və bu 10.215 məqalədən BDU-nun payına düşən məqalə sayı isə 2459-dur”.

Ekspert tələbələr üçün də münbit şəraitin olmamasına diqqət çəkdi: “Məsələn, Avropa ölkələrinin əksəriyyətində tələbələr ictimai nəqliyyat vasitələrindən 50% endirimlə istifadə etdiyi halda, Azərbaycanda belə bir güzəşt yoxdur. Eyni zamanda, təqaüd məsələləri ilə də bağlı böyük bir sıxıntı var. Azərbaycan çox nadirən hansısa bir şirkət və ya dövlət qurumu tələbənin tam təqaüdlə təhsil almağına şərait yaradır və s. Bu kimi hallar istər-istəməz xarici tələbələrin də Azərbaycana olan marağını azaldır. Və son nəticə olaraq, azərbaycanlı tələbələrin də xaricdə təhsilə olan marağının kəskin dərəcədə artırır. 

Dünyanın elm sahəsində maraq göstərdiyi sahələrdən biri də, elmi jurnallardır. Müxtəlif yanaşmalar olduğu kimi, müxtəlif elmmetrik elmi bazalardan hansının daha yaxşı və ya etibarsız olduğu bu gündə müzakirə mövzusudur. Bu da dünyanın bir çox alimlərinin elmi jurnalların kommersiyalaşması ilə bağlıdır. İnkişaf etmiş ölkələrin alimləri üçün ola bilsin ki, məqalə çapı üçün ödəniləcək məbləğ, onların orta aylıq əmək haqqlarına uyğundur və bu məbləğ çalışdıqları müəssisələr və ya elmi təşkilatlar tərəfindən ödənilir. Əksər hallarda, yüksək impakt faktorlu jurnallar o müəllimlərə məqalə çapı üçün müraciət edir, çap üçün hətta qonorar ödəyir. 

Bəs Azərbaycanda çap olunun elmi jurnalların neçəsi bu bazalarda var və ya vəziyyəti necədir?

Ölkəmizdə 184 elmi jurnal var. Onlardan 11-i beynəlxalq jurnal hesab edilir. Clarivate Analytics 2021-ci ilin hesabatına əsasən Azərbaycandan 11 jurnaldan 2 -si Q1, 2-si Q2, 1-i Q3, 5-IQ4 səviyyəsində qiymətləndirilir və bu jurnalların icərisində cəmi 2 ATM var. Bunlar, Bakı Ali Neft Məktəbi və Azərbaycan Universitetidir.  Qonşu ölkələrdə bəs vəziyyət necədir? Türkiyədə bu jurnalların sayı 50, Rusiya Federasiyasında 50, Gürcüstanda 6, Qazaxstan Respublikasında bu say 7-dir. Bu ölkələrdə ATM-lərin payı yaxşıdır.

Digər baza olan SCimago-nun 2022-ci il hesabatına əsasən Azərbaycandan 8 elmi jurnal bazaya daxil ola bilib. Burada isə ATM-dən BDU, AU, BANM, AİU (UNEC), ADNSU, qalanları isə AMEA-nın müxtəlif İnstitutlarının elmi jurnallarıdır. Burada geriləmə var. Türkiyədə say artaraq 81, Rusiya Federasiyasında 149, Gürcüstanda rəqəm dəyişməyib, Qazaxstanda isə 2 dəfə artım müşahidə olunur. Göründüyü kimi qonşu ölkələrdə elmi jurnalların sayı elmmetrik bazalarda artdığı halda, bizdə azalıb!”

Ekspert çıxış yollarını belə şərh etdi: “İlk növbədə elmi jurnalların elmmetrik bazaya hazırlıq işlərinə təcili başlanmalıdır. Jurnallar Google Scholar, ResearchGate, Academia, Scilit, CiteFactor, J-Gate, GrossRef, Open Access, ESJİ və s. baza və platformalarda qeydiyyatdan keçirilməldiri. Məqalələr HTML-də yerləşdirməklə onların Beynəlxalq Platformalarda görünməsinin təmini və istinadların sayının artmasına nail olmaq lazımdır. Platformalarda tədqiqatçı, professor-müəllim heyətinin adları 3 dildə (Azərbaycan, İngilis və Rus) yazılmalıdır. Platformalarda tədqiqatçı, professor-müəllim heyətinin adlarının yalnız bir üslubda yazılmalarını təmin etmək. Məs: Alim öz məqalələrində hər dəfə adını, soyadını fərqli yazır. (E. Ehmedov, E.Ahmadov, E.Əhmədov, E.N.Ahmadov). Milli kitabxananın tərkibində vahid platforma yaradılsın və rankometrlər müəyyən edilsin. Rusiyanın e-library, Türkiyənin dergipark sistemlərindən nümunə kimi istifadə etmək olar. 

Ümumiləşdirsək, beynəlxalq reytinqlərin tələblərinə baxdıqda 2028-ci il üçün hədəflədiyimiz 3 universitetimizin Top 800 reytinqə daxil olması real görünmür. Nəzərə alaq ki biz məqalə sayını artırdıqca dünya universitetləri də irəli gedir. Onlar bizdən fərqli olaraq daha planlı və təhcizatlı işlərini qururlar ki, nəticələr də tam başqa olur... Bu hədəfləri hazırlayan şəxslər hansı metodoloji analizlərdən və üsullardan istifadə edirlər ki, bizlər o barədə heç bir məlumat və mənbəni tapa bilmirik, ya da hansı ekspertləri bu prosesə cəlb edirlər ki, onlar haqqında da paylaşımlar etmirlər... Məncə görülən xeyirli işləri tam şəffaf və ictimaiyyəti məlumatlandıraraq etmək çox faydalı olar ki, artıq söz-söhbətə də səbəb olmaz.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR