İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən susuz torpaqlarla bağlı qorxudan açıqlama

1280 15.03.2024 08:50 Ölkə A A

Ekspert: “Suya tələbatı çox olan məhsulların əkilməsini azaltmalıyıq”

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə su çatışmazlığından məhv olub. Bunu kənd təsərrüfatı naziri (KTN) Məcnun Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış mərasimində deyib. “Dünyada su ehtiyatlarının təxminən 70%-i kənd təsərrüfatında istifadə edilir və Azərbaycan da bu mənada istisna deyil”, - nazir qeyd edib. 

Onun sözlərinə görə, dünyada baş verən və hazırda da davam edən iqlim dəyişikliyi Azərbaycana təsirsiz keçmir: “Biz bu çağırışı ciddiyə almalıyıq, daha da hazırlıqlı olmalıyıq. Azərbaycanda təxminən 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78%-i birillik əkinləri əhatə edir, 9%-i çoxillik və təxminən 13%-i örüş sahələrinin suvarılmasıdır”. 

Məmmədov əlavə edib ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 90%-i məhz suvarılan sahələrdən əldə olunur. 

Əhməd Məmmədov: Su çatışmazlığı ilə bağlı vəziyyətin ən ağır olduğu yer  Şamaxı və Qobustandır - AZƏRTAC

Əhməd Məmmədov

“Hidroloq” MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədovun sözlərinə görə, Azərbaycanda su çatışmazlığından ən çox əziyyət çəkən rayonlar Şamaxı və Qobustandır: “Bu ərazilər Bakıya çox yaxındır və turizm, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün əlverişlidir. Lakin su çatışmazlığı səbəbindən, xüsusilə yay aylarında çox ciddi problemlər meydana gəlir. Şamaxı və Qobustan şəhər olaraq su ilə təmin olunub, amma 38 kənd bu zonada ciddi su problemi ilə qarşılaşırlar”.

Baş mütəxəssis qeyd edib ki, bu vəziyyətlə əlaqədar təklif Ağsu çayının bir qolu üzərində Basqal kəndinin altında su anbarının yerləşdirilməsidir: “Girdimançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bu anbara yönəldilə bilər. Aparılan araşdırmalara görə, ildə təxminən 50 milyon kubmetr suyu bu zonalara vermək olar”.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında qeyd edilir ki, Azərbaycanda su ehtiyatı məhduddur. Ölkənin yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30%-i respublikada formalaşır, 70%-i isə qonşu ölkələrdən daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikada yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib.

Yeri gəlmişkən, içməli su mənbəyinin də azaldığı bir vaxtda əhalinin sayının artdığı bildirilir. Əhali artdıqca suya da tələb artır. Hazırda dünyada təxminən 2 milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin təxminən yarısı ilin müəyyən bir hissəsində ciddi su qıtlığı yaşayır. Bu rəqəmlərin artacağı və tendensiyanın iqlim dəyişikliyi və əhalinin artımı ilə daha da şiddətlənəcəyi gözlənilir. Bildirilir ki, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi içməli su qıtlığından əziyyət çəkəcək. Su qıtlığı, quraqlıq isə birbaşa kənd təsərrüfatına təsir edir. Planetimizin bir çox regionlarında yaşayış şəraitini pisləşdirir, ərzaq qıtlığı yaradır. Proqnozlara görə, 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının istehsalı 25 faizədək azalacaq. Əhalinin sayı isə nəzərdə tutulan dövrdə 9 milyardı keçəcək. Yəni dünyada əhalinin sayı artacaq, su qıtlığı səbəbindən əsas kənd təsərrüfatı məhsullarının istehsalı azalacaq. Çünki istehlak edilən şirin suyun böyük hissəsi - orta hesabla təxminən 70 faizi kənd təsərrüfatında istifadə olunur.

Azərbaycanın aqrar ölkə olduğunu nəzərə alsaq, torpaqların şoranlığa çevrilməsi təhlükədən xəbər verir. Qarşısı necə alına bilər? 

Xəzər suyu içəcəyik, özü də ucuz başa gələcək..." - Rövşən Abbasov -  Turkustan.az

Rövşən Abbasov

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, kənd təsərrüfatı nazirinin açıqladığı rəqəmlərdə çox böyük həqiqət var: “Bunu mən həm də çağırış kimi qiymətləndirərdim. Çünki 160 min hektar ərazinin susuzluqdan tələf olması o deməkdir ki, biz lazım olduğundan daha çox əkməyə başlamışıq. Hesab edirəm ki, su çatışmazlığının qarşısının alınması üçün Azərbaycanda suya tələbatı çox olan bir sıra bitkilərin əkilməsini azaltmaq, bəlkə də onları xarici ölkələrdən idxal etmək lazım idi. Kənd təsərrüfatı ən böyük su istehlakçısıdır. 90 faizdən çox su kənd təsərrüfatında işlənilir. Çox təəssüflər olsun ki, sovet dövründən bizə qalmış köhnə bir infrastruktur da var. Bu infrastrukturdan - suvarma kanallarından, paylayıcı kanallardan, eləcə də tarlalardan götürülən suyun təqribən 50 faizindən çoxu itkiyə gedir. Bunun qarşısını almaq üçün çox mühüm fəaliyyətlərin ortaya çıxması zərurəti yaranır. Bunlardan biri təcili olaraq suvarılan əraziləri azaltmaq, kənd təsərrüfatında su itkilərini azaltmaq üçün müasir suvarma üsullarına keçid etmək, torpaq kanallarını tədricən betonlaşdırmaq, yaxud borulaşdırmaq lazımdır. İşimizi bu istiqamətdə davam etdirsək, müəyyən dövrdən sonra artıq nailiyyətlərə nail ola bilərik. Burada qış otlaqları məsələsinə ayrıca aydınlıq gətirmək istərdim. Hesab edirəm ki, qış otlaqları otlaqlar kimi istifadə olunsa yaxşıdır. Həmin ərazilərdə hansısa kənd təsərrüfatı məhsulunu əkirik, xaricə satırıq, əvəzində isə Azərbaycanda ət idxalı çoxalır. Bu, virtual su ticarətində mənfi bir balansdır. Biz otlaqlardan otlaq kimi istifadə etməklə həm suya qənaət etmiş olarıq, həm də su balansında müsbət dəyişikliklərə nail olmuş olarıq. Azərbaycanın özünü ətlə təmin etməsi, əhalinin ənənəvi heyvandarlıqla məşğul olması, heyvandarlığa yatırım etməsi bu istiqamətdə atılmış çox vacib  addım olardı”. 

Ekspertlərə görə, Azərbaycanda dəniz suyu təmizlənməli və çay suyu filtrasiya edilməlidir, bunun üçün də özəl sektorun iştirakına şərait yaradılmalıdır. Çünki bu təcrübə dünyada uğurla sınaqdan keçirilib. Bu, həm dövlətin yükünün azalmasına töhfə, həm də prosesin sürətlənməsinə təkan verər. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR