İnsanlara hürriyət, millətlərə istiqlal!

Narınclılar bitib, inanclılar dövrüdür

2037 10.04.2023 09:00 Yazarlar A A

“Axund mollanı bəyənməz, molla axundu, seyid – hər ikisini”
(Azərbaycan ata sözü)

Öncə köhnə dostumuz, həmkarımız, qazi Məğrub Bədəlsoyun iki yazıma kiçik şərhlərini dərc etmək istəyirəm. Birinci şərh ana dili mövzusunda yazıyadır: “Sənin dil davana, dil anlatımına bir örnək də məndən: “Bu bürclərin ahı insanları mütləq tutur” (bir saytda gedib – Z.H.). Bürcün ahı olur?”. İkinci şərh İsrail-Livan mövzusunda yazımadır: “Livanın iki dəfə - 1997 və 2000-ci ildə qondarma erməni soyqırımını tanımağını vurğulamaq yerinə düşər”.

İkincisi, son çağlar hökumət dindarları tutmaqla məşğuldur, mənə bu əməliyyatın filoloji tərəfləri maraqlıdır. Maraqlıdır ki, dilimizdə “inanclı” sözü özünə əməllicə yer edib. Bəlkə də bu rusca “veruyuşiy” sözünün sxematik çevirməsi, ya da Türkiyənin təsiridir. Düzdür, hökumət onları belə adlandırmır, şəxsən mən polisin, DTX-nın, prokurorluğun əməliyyat məlumatlarında “inanclı” sözünə rast gəldiyimi xatırlamıram. Bu, daha çox müxalifətin, QHT-lərin, jurnalistlərin terminologiyasıdır. “İnanclı saxlanılıb" ifadəsiylə “dindar saxlanılıb” ifadə tərzi isə hardasa fərqlənir, birinci halda sanki daha pis mənzərə yaradılır. O üzdən təklif edirəm bu sözü sağa-sola səpələməyi dayandıraq. Kimsə dinə inanmırsa, ona ümumiyətlə inancsız deyə bilərikmi? Hərənin özünə görə inandığı şeylər var. Biri İrandan gələn başı qotazlı mollaya inanar, başqası ABŞ dollarına. Biri gördüklərinə inanar, başqası xəyallarına. Azadlığa inanan da var, kriminal avtoritet Lotu Azad-a da (məsəl üçün). Yaxşı olar biz gələcəkdə ya qısaca “dindar” sözündən istifadə edək, ya da uzağı “dini inanclı”.

Yeri gəlmişkən, hökumətin çoxdan tutduğu bir dindar yoldaş son hadisələr haqda türmədən romantik bir bəyanat göndərib, bu cümlə xüsusilə xoşuma gəldi: “Unutmayın ki, əqidənin yaratdığı paklıq ruhunda pərvaz edən bu günahsız insanların həbsi öz oturduğu budağı kəsib yüksəklikdən aşağı yuvarlanan insanın aqibətini qaçılmaz edəcək”. Çox şairanədir, deyilmi? Hələ üstəlik İranla əlaqədə suçlanaraq saxlanılan yoldaşların şəkillərini yada salırsan və orda “paklıq ruhunda pərvaz edən günahsızların” körpə məsumiyyətli çöhrəsini düşünüb qımışmaqdan özünü güc-bəla saxlayırsan. Maşallah, hər birində bir cüt qanad çatışmır.

Hərçənd, cümlədən bir zad anlamaq olmur. Söhbət hansı yüksəklikdən gedir? Hökumətin dini budaqda oturmasına işarə edilirmi? Əgər doğrudan belədirsə, bizim hökumət də paklıq ruhunda pərvaz edən hacıleyləklər fəsiləsinə daxildirmi? Əqidənin paklıq yaratması üçün vicdanı hansı proqrama qoymaq məsləhətdir, bu haqda dini mərkəzlərin hansına qulaq asmalıyıq? “Kalqon” işlətmək vacibdirmi?

Vallah, əməllicə işə düşmüşük. Elə bir dövran yetişib ki, kimi tutursan mömin çıxır. Sovet vaxtı hamı ateist idi, indi hamı guya allahlı olub. Bizdə orta xətt yoxdur, maksimalist camaatıq. Hökumətin də işi çətindir. Adam tutmağın planı var, əks halda camaat səndən qorxmaz. Yenə qabaqlar “Amerikanın oyunları” var idi, camaatı narıncı inqilabda-zadda suçlayıb basırdın, çıxıb gedirdi. Orda, maşallah, çoxusu ateistlər-filan olurdu, heç bu cür romantik səfsətələrə ehtiyac qalmırdı. İndi isə inanclı adamları tutanda gərək axirətdən gələn mələklərə də rüşvət verəsən, sənə toxunmasınlar.

Yaxşı olar hökumət gələcəkdə Amerikaya işləyənlərlə İrana işləyənləri eyni vaxtda tutsun, bir kameraya salsın. Narınclı və inanclı bir odada – çox maraqlı eksperiment alınar. Bu bizim tolerantlığımızın, multikulturalizmin-zadın da bariz nümunəsi olardı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR