İnsanlara hürriyət, millətlərə istiqlal!

Naim Süleymanoğlunu xatırlamaq

2128 18.04.2023 12:04 Yazarlar A A

Bu yaxınlarda keçmiş ABŞ prezidenti Bill Klintonun intervüsündən bir parça dünyada gündəm olmuşdu. Orada Bill müəllim Monika Levinski ilə əylənməsini nostalji ilə xatırlayır... Zarafat edirəm, artıq amerikalılar o dəftəri qapayıblar. Deyəsən, yazıq Monikanın da sonrakı taleyi qara gəldi, qızı heç kim almadı, evdə qalıb qarıdı. Bəs Klinton nədən danışmışdı? Ukraynadan. SSRİ dağılanda Ukraynada nüvə silahı qalmışdı. ABŞ-ın da iştirakı ilə o silahları çıxarıb Rusiyaya daşıdılar. Nəticədə Ukrayna nüvəsiz ərazi oldu. Guya bunun əvəzində müstəqil Ukraynanın təhülkəsizliyinə ABŞ, Rusiya, Britaniya, Fransa kimi ölkələr - BMT TŞ üzləri qarant duracaqdılar. Nəticə ortadadır.

İndi Klinton məhz o razılaşmanı Ukraynaya yüklədikləri üçün peşman olduğunu söyləyib. Deyir əgər Ukraynanın əlində nüvə silahı qalsaydı, Putin ora bu cür vəhşicəsinə hücum eləməyə cəsarətlənməzdi.

Əlbəttə. Levinskinin dodaqlarına and olsun ki, belədir. Ancaq sonrakı peşmanlıq nəyi dəyişir? Xaraba qalmış Ukrayna şəhərləri, barbar rus ordusunun raketləri altında ölən dinc insanlar üçün Klintonun peşmanlığının hazırda qara qəpik qədər önəmi yoxdur. Ukraynanın o zamankı başçılarının da burnunun ucundan uzağı görmədiyi ortadadır. Adam əlindəki atom bombasını Yeltsin kimi alkoqolikin, o cümlədən Klinton kimi əxlaqsızın təhlükəsizlik qarantiyasına peşkəş edərmi?

Bunları niyə yazıram? İki-üç gün qabaq İrəvanda bayrağımızla bağlı vandalizm törədiləndən dərhal sonra türkiyəli qızlar medal aldılar və bu medalı Azərbaycana həsr elədiklərini söylədilər. Sentimental adam deyiləm, lakin o balaca qızların, necə deyərlər, “dev ürəklərinə”, cəsur sözlərinə baxanda gözlərim doldu. Təsadüfənmi, ya hansısa alqoritmə görə Yutub onlardan az sonra qarşıma başqa türk ağır atlet - əfsanəvi Naim Süleymanoğlu haqda verilişi çıxardı. Köhnə veriliş idi, Süleymanoğlu 2017-ci ildə 50 yaşında ölüb. O da bu qızlar kimi kiçik boylu idi, 147 santimetr boyunda.  Ancaq onun dünya idman tarixində qoyduğu iz çox böyükdür. 3 qat Olimpiya, 7 qat dünya, 5 qat Avropa çempionu, saysız başqa ödüllərin yiyəsi, balaca boyuna və az çəkisinə görə “cib Herkulesi” ləqəbi qazanmış Süleymanoğlu Bolqarıstanda doğulmuşdu. 1980-ci illərdə Bolqar kommunist rejimi orada yaşayan 2 milyondan çox türkə qarşı repressiya siyasəti yürüdəndə Naim Süleymanoğlunun da pasportunu zorla dəyişdirmiş, “Naum Şalamanov” eləmişdilər. Təsəvvür edin, hökumət türk kimliyini silmək üçün adamı zorla bolqarlaşdırmışdı. Süleymanoğlu buna etiraz edərək 1986-cı ildə Bolqarıstandan Türkiyəyə qaçmışdı. Bu qaçış əsl detektiv filmlərini xatırladırdı, təəssüf ki, yerimiz azdır, kim istəsə maraqlanıb oxusun, filminə baxsın.

Yeri gəlmişkən, günü bu gün ölkəmizdə rus-sovet soyadlarını fəxrlə daşımaqda davam edən vətəndaşlarımıza Süleymanoğlunun əhvalatından ibrət almağı məsləhət görərdim. Onları buna məcbur edən yoxdur, ancaq “Şalamanov” kimi qalmağa davam edirlər.

Qayıdaq İrəvandakı əhvalata. Ermənistan yarışların təhlükəsizliyinə əməl etməyib. Lakin beynəlxalq idman qurumlarından nəsə tədbir gözünüzə dəydimi? Şübhə etməyin ki, oxşar hərəkət Bakıda olsa gözümüzü çıxarardılar. Sosial şəbəkə statusuna görə futbol komandamızın mətbuat katibini idmandan qovmuşdular, gəl gör bayraq yandıraq.

Bu yaxında Fransa ictimai televiziyasının Ukraynadan əcaib verilişi olmuşdu. Daha dəqiqi, oranı işğal edən rus ordusunun səngərindən elə reportaj vermişdilər sanarsan Putin ora qəhrəman kimi giribdir. Təbii ki, Ukrayna hökuməti buna etiraz elədi. Bundan sonra telekanal verilişi internetdən silib - belə deyirlər. Ancaq necə “siliblərsə” istəyən tapıb baxır. Mən də baxdım. O qədər tanış süjet, üslub idi ki... Vaxtilə Fransa jurnalistləri ermənilərin işğal elədikləri Azərbaycan torpaqlarından da bu cür reportajlar verərdilər. Biz də qalardıq yana-yana... Ukraynanın nə çəkdiyini bizim kimi başa düşən az olar.

İndi Klintonun Qərbdəki bəzi “varisləri” ukraynalılara tanış təkliflər verirlər: “Putinlə, taleyinizlə barışın, işğal edilən yerlərdən vaz keçin, yoxsa daha pis olacaq” və sairə.

30 il sonra kiminsə deməsi üçün: “O vaxtkı hərəkətimə peşmanam”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR