İnsanlara hürriyət, millətlərə istiqlal!

Müztərib jurnalistika

1496 02.05.2023 10:56 Yazarlar A A

Azərbaycan mediasının xalqın tələbatına cavab verib-vermədiyini öyrənmək o qədər çətin deyil. Bunu son günlər rastıma çıxan 3-4 xəbərlə göstərmək istərdim. 

Birinci xəbəri, rəhmətlik dostumuz Elçin Səlcuq demiş, “mızqlet” saytlardan birində gördüm. 1 may, 2023 tarixli xəbər idi. Yazmışdılar ki, Təhsil Nazirliyi Nərimanov rayonu ərazisində Elm və Təhsil Agentliyi yaradır. Gör necə fil qulağında yatıblarsa, keçən ilin yayından bizdə Təhsil Nazirliyi adında qurumun olmadığı, bunun yerində Elm və Təhsil Nazirliyinin yaradıldığını bilmirlər. Hətta zırramalığın şiddəti o dərəcədə idi ki, xəbərin axırı belə cümlə ilə bitirdi: “Nazirlikdən buna münasibət öyrənmək istədik, lakin mətbuat xidməti sorğumuza cavab vermədi”. 

Nazirliyin yerinə mən olum, sən ol... Nə cavab verəcəyik? Elm yox, təhsil yox... Ancaq xəbər saytı işlədir.

İkinci xəbər Formula-1 yarışının son günü yayıldı. Az qala bütün xəbər saytlarımız xalqa “muştuluq” verdilər ki, daha 3 il Bakıda bu yarış olacaqdır. Guya bu münasibətlə yeni müqavilə bağlanıbdır. Xalq da əsəbləşdi, şərhlərdə, Teleqramda-zadda hirsini tökdü. “Daha 3 il tıxacda qalacağıq, bu kimə lazım idi, heç bizə pul vermirlər” və sairə. Bir nəfər də yazmadı ki, ay camaat, burada müqavilə təzələnməsindən söhbət getmir və Formula 1 yarışının Bakıda 10 il olacağı elə yarışın paytaxtımızda keçirildiyi ilk ildə - 2016-cı ildə açıqlanmışdı. 7 il keçirilib, qalır 3 il. Vəssalam. Ta bunu “yeni müqavilə” adlandırıb yaddaşsız insanları hirsləndirməyin mənası, anlamı nədir? Manyaksınız, nəsiniz?  

Üçüncü xəbər lap fısqırıqdır. Dünən, mayın 1-də prezidentin fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in nizamnaməsi təsdiqlənib və icbari tibbi sığorta qanununa bir-iki yüngülvari dəyişiklik edilib. İndi gəlin görək Azərbaycan mediası bu adi xəbəri necə təqdim edir. Sitat: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun səlahiyyəti artırılıb. İndiyə qədər TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirib. Dəyişikliyə əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək”.

Bir şey başa düşdünüzsə, təbrik edirəm. Yoldaşlar, bəylər, xanımlar, bu, hansı dildə yazılıb? Azərbaycan xalqına yazığınız gəlmirmi? Evinizdə, ailənizdə də bu cür danışırsınız? Məsələn, arvada müraciət edib “mətbəxdə cari vəziyyət necədir” deyən neçə kişi tanıyırsınız? 

Xəbərin konkret hansı saytda getməsini yazmağa ehtiyac yoxdur, çünki onsuz bizdə hansısa sayt özünü qayadan atanda başqa saytlar da zombi kimi onun dalıyca atılır. Köçürmə xəbərçiliyimizin evini yıxıb. 

Araşdırma aparmaq, xalqı aydınlatmaq yerinə gic-gic işlərlə məşğuluq. Örnək üçün, elə bu TƏBİB-in nizamnaməsinin təsdiqindən çıxış edərək milyon tema çıxır. Səhiyyə Nazirliyi varsa, TƏBİB nə üçündür, icbari tibbi sığortanı da üstünə gələndə səhiyyəmizin bu üçbaşlı əjdahası hələ nə qədər insanları udacaq, paralel qurumlar islahat görüntüsündən başqa heç zada yaramır və sairə. Biz isə axmaq başlıqlar dalıyca düşmüşük. Çünki xalqa belə səfeh mövzular daha maraqlıymış. Reytinq verirmiş. 

Elə yazıya nöqtə qoyanda qabağıma bir xəbər çıxdı, adam yazmışdı: “Mövcud durumda hamımız müztəribik”. Bu söhbətin, məncə, müalicəsi artıq  yoxdur. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR