İnsanlara hürriyət, millətlərə istiqlal!

Müttəfiq respublikalar SSRİ-dən qanunsuz çıxıb? - Rusiyadan hədə...

2824 18.04.2023 09:03 Siyasət A A

Putinin partiyasından olan deputat Ermənistanın timsalında “Qızım, sənə deyirəm, gəlinim, sən eşit!” misalına uyğun olaraq postsovet məkanına xəbərdarlıq edir; oxşar fikirlər Azərbaycana qarşı da səslənə bilərmi?

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fyodorov deyib ki, KTMT olmasaydı, Ermənistan indi Türkiyənin tərkibində idi. Bu bəyanatı o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “İrəvan KTMT-nin Ermənistan sərhədlərini tanımasını və onu qorumasını gözləyir” provokativ açıqlamasına cavab olaraq verib.

Deputat bildirib ki, KTMT-nin İrəvana nəsə borcunun olması ilə bağlı iddia yanlışdır. “Əksinə, Ermənistan bu təşkilata minnətdar olmalıdır. Axı KTMT olmasaydı, Ermənistan çoxdan Türkiyənin bir hissəsi olardı”, - Fyodorov vurğulayıb. Rusiyalı siyasətçi həmçinin bildirib: “Ermənistan beynəlxalq hüquq nöqteyi-nəzərindən SSRİ tərkibindən, onun hüquqi varisi kimi Rusiyadan qanunsuz çıxıb, çünki proseduru başa çatdırmayıb. Bu səbəbdən İrəvanın Moskvanın müttəfiqi sayılmasına hüquqi əsası yoxdur. Ermənistan müstəqil sayılsa da, beynəlxalq hüquq nöqteyi-nəzərindən mübahisəli ərazidir”. Bu sözləri Rusiyadakı hakim partiyanın deputatı bəyan edir. Demək, həm də Putin iqtidarındakı ovqatından çıxış edir.

Bəs “SSRİ tərkibindən qanunsuz çıxmaq”, “prosedurun tamamlanmaması” nə deməkdir? Məlumdur ki, bütün müttəfiq respublikaların SSRİ tərkibindən çıxmaq hüququ olub (SSRİ-nin axırıncı konstitusiyası, preambula hissəsi və 6-cı maddə). Yəni bundan ötrü Moskvanın hansısa razılığı tələb olunmayıb. Ermənistan bizə düşmən ölkədir, ancaq onun da belə bir hüququ olub. Aydındır ki, Paşinyan hökuməti Qərblə oyun oynadığı, Rusiya orbitindən uzaqlaşmaq istədiyi üçün Moskvadan bu cür təhdidlər səslənir. Ancaq həm də belə çıxır, şəraitdən və şərtlərdən asılı olaraq, sabah Rusiya digər keçmiş müttəfiq respublikalara, o sırada Azərbaycana qarşı da oxşar hədələr səsləndirə bilər. Ukraynaya hücumdan əvvəl də Putin bu ölkənin dövlətçiliyi olmadığını, Leninin hədiyyəsi adlandırmışdı. Hiss olunur ki, Rusiya siyasi elitasında postsovet ölkələrinə münasibət belədir...

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ – XəbərAl.Az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova yada salır ki, Putin Sovet İttifaqının dağılmasını faciə adlandırıb. Onun sözlərinə görə, Kreml rəhbəri SSRİ-nin bərpası haqda bir ara danışılan söhbətlərə də belə cavab vermişdi: “Onu arzulamayanın ürəyi, qayıdacağını fikirləşənin isə ağlı yoxdur... Yəni Rusiya prezidenti həmişə keçmiş sovet ölkələrinə "arxa bağçası" kimi baxıb. Onun partiyasından olan deputat indi Ermənistana deyir, sabah biz də Moskvanı qıcıqlandıran siyasət yürütsək, “Qarabağ rus torpağıdır” iddiasını tirajlayacaq. Putinin Donbas bölgəsinə olan münasibəti də göz qabağındadır. Əslində Ukrayna müharibəsi 3 günə başa çatsaydı, Zelenski hərbi çevrilişlə devrilsəydi, SSRİ yeni modeldə bərpa olunacaqdı. Bu gün Rusiya ilə Belarusun İttifaq dövləti yaratması məhz həmin planın tərkib hissəsi idi. Putin desantlarla Kiyevi götürəcəkdi, Yanukoviç kimi biri Ukraynada siyasi hakimiyyətə gətiriləcəkdi. Sonra Rusiya, Belarus, Ukrayna və Ermənistan İttifaq dövlətində birləşəcək, digər postsovet respublikaları da istər-istəməz təzyiq altında Kremlə yaxınlaşacaqdı, dolayısı ilə SSRİ fərqli şəkildə bərpa olunacaqdı. Xatırlayırsınızsa, Ermənistanın spikeri Alen Simonyan demişdi ki, Rusiya İttifaq dövlətinə qoşulmaq üçün Ermənistanı möhkəm sıxışdırır. Sadəcə, Ukrayna münaqişəsi Putinin projesini iflasa uğratdı, müharibə uzandı, SSRİ-ni bərpa etmək planı baş tutmadı. Amma göründüyü kimi, Fyodorov kimi deputatların dili ilə Ermənistana mesaj verilir, əslində isə “Qızım, sənə deyirəm, gəlinim, sən eşit!” misalına uyğun olaraq bütün keçmiş sovet ittifaqı məkanına xəbərdarlıq olunur".

Ekspertin fikrincə, bu regionda antirus kursu götürən, NATO və Avropa Birliyi ilə əlaqələri son dərəcə yaxınlaşdıracaq bütün dövlətlər Rusiyanın gözündə düşməndir: “Onlar bu bölgədəki respublikalara deyirlər ki, bizdən uzaqlaşa bilməzsiniz. Eyni zamanda Qərbin regionda təsirlərinin güclənməsinə müqavimət göstərirlər. Ermənistana bu xüsusda daha artıq söz çatdırırlar. Çünki Rusiya Qazaxıstanın, Gürcüstanın, Moldova və Ukraynanın strateji addımlarını haradasa bəlkə qəbul edə bilər, ancaq Ermənistanın etdikləri ona xəyanət kimi görünür. Bu dövləti quran, ona dayaq olan, yerinə Birinci Qarabağ müharibəsində döyüşən və torpaqlarımızı işğal edən, bu gün də pis-yaxşı onu qoruyan rusdur. Onlar hesab edirlər ki, Ermənistan mövcudluğuna görə Rusiyaya minnətdar olmalıdır. Lakin GALLUP-un sorğularından da gördük ki, erməni cəmiyyətində getdikcə Rusiyaya münasibət kəskinləşir. Düzü, Qərbin də mövqeyi bir o qədər güclənməyib, İrana etimad daha çox artıb, amma bütün hallarda Moskva görür ki, öz əli ilə yaradıb bəslədiyi "körpəsi" indi üzünə ağ olub. Fyodorov və digərlərinin ritorikası da buradan qaynaqlanır. Onlar Ermənistanı və onun hakimiyyətini bağışlamırlar. Əgər Paşinyan daha da antirus siyasətini gücləndirsə, Putin tam düyməyə basa bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR