İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhen konfransında Qarabağ müzakirələri - Makron da orada olacaq...

4561 16.02.2024 13:30 Ölkə A A

Ermənistan rəhbərliyi ritorikanı sərtləşdirir, növbəti cəzalandırma qərarı verilə bilər; Azərbaycan Prezidenti dövriyyəyə girmək istəyən paytaxtlara “öz işinizlə məşğul olun” deyib; bundan sonra nələr ola bilər?

Bayden administrasiyasının Avropa və Avrasiyaya nəzarət edən yüksək rütbəli rəsmisi Ermənistan-Azərbaycan sərhədində son hərbi eskalasiyanı şərh edib.

“Turan” xəbər verir ki, dövlət katibinin köməkçisi Ceyms O’Brayen deyib: “Düşünürəm ki, mövcud gərginlik bir daha fəal diplomatiyanın vacibliyini nümayiş etdirir. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacağıq”. Bu arada, Münhen Təhlükəsizlik Konfransına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da qatılacağı gözlənilir. O’Brayen Münhendə hansısa konkret görüşlərin baş tutma ehtimalı ilə bağlı suala cavab verməkdən yayınıb. 

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-də keçiriləcək. Foruma 150-yə yaxın yüksək rütbəli iştirakçının - dövlət və hökumət başçılarının, xarici işlər və müdafiə nazirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin gələcəyi gözlənilir. Qonaqlar arasında Almaniya kansleri Olaf Şolz, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Fransa prezidenti Emmanuel Makron və BMT-nin baş katibi Antonio Quterreş də var. Əsas müzakirə mövzuları Ukrayna və Yaxın Şərq münaqişələri, eləcə də dünyadakı müharibə riskləri olacaq.

Ekspertlərə görə, Münhen Təhlükəsizlik Konfransı ərəfəsində sərhəddə erməni və onların havadarlarının təxribatı təsadüfi deyil. Bu təxribat Ermənistanın havadarlarına imkan verir ki, onlar Azərbaycanı ittiham etsinlər. Ermənistanın niyyəti budur ki, guya aqressiv planları olan tərəf Azərbaycandır. 

Ermənistanın baş naziri Paşinyan hökumətin 15 fevraldakı iclasında çıxış edərkən yenə də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. Bildirib ki, Ermənistan hərbi polisi atəşkəsin pozulmasına yol verilməsi ilə bağlı araşdırmalara başlayıb. Baş nazir iddia edib ki, “Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq siyasəti yürütmək niyyətləri dəyişməz olaraq qalır”. Deməli,  Paşinyan Avropa səfəri öncəsi ritorikanı sərtləşdirir. 

Qeyd edək ki, fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev iki ölkə arasında vasitəçilik etmək istəyənlərə mesaj göndərib. “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik” - Prezident deyib.

Ancaq ABŞ və Avropa prosesdə hansısa şəkildə rol almağa çalışır, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel də son təbrikində bildirmişdi. Bəs azərbaycanlı ekspertlər Münhen konfransından nələr gözləyir? Ümumən son təxribatın ardınca nələr proqnozlaşdırılır: Ermənistan və havadarları dərs alıb, konstruktiv davranacaqmı, yoxsa növbəti təxribatlar ola bilər?

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

 İlham İsmayıl

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Münhen konfransı təhlükəsizlik və müdafiə siyasətinin aktual məsələlərinin hər il müzakirə edildiyi ən böyük platformadır: “Hələ İkinci Qarabağ müharibəsindən əvvəl də, sonra da Azərbaycan Prezidenti konfransda keçirdiyi görüşlərdə, debatlarda ölkəmizin maraqları baxımından əsl həqiqətləri uğurla çatdırıb. Qarabağ məsələsi faktiki həll olduğu bir zamanda və ermənilərin kütləvi köçündən sonra Qərb dairələri intensiv şəkildə Azərbaycanı hədəfə alan qərəzli mövqelər nümayiş etdirir. Konfransda əsas müzakirə Cənubi Qafqaz olmasa da, bölgədə baş verənlər yenə də diqqət mərkəzindədir və hesab edirəm ki, Avropa İttifaqına daxil olan ölkələrin dövlət başçıları, rəsmiləri Azərbaycan Prezidenti ilə görüşməyə can atacaqlar. İqtisadiyyat, enerji məsələləri ilə yanaşı, Ermənistanla münasibətlərin də müzakirə predmeti olacağı şübhə doğurmur və Avropa rəsmilərinin real vəziyyəti, həqiqətləri İlham Əliyevin özündən öyrənmələri, həmişəki kimi, uğurlu olacaq. Vaxtilə bu konfransda Ermənistanın baş naziri Nikol Paşinyanla debatda Azərbaycan Prezidentinin diplomatik qələbəsini unutmamışıq. Şəxsən çox istərdim ki, bu dəfə də belə bir debat olsun və dünya həm ədalətli mövqeyimizin, Paşinyanın yalanlarının, tərəddüdlərinin, yayqınlığının şahidi olmaqla yanaşı, həm də Azərbaycan Prezidentinin təcrübəli dövlət başçısı və peşəkar siyasətçi olduğunun şahidi olsun. Təbii ki, Paşinyan bu debatdan yayınmasa...” İlham İsmayıl qeyd etdi ki, Zəngilan istiqamətində son təxribatdan sonra tərəflərin tezliklə sülh danışıqları masasına oturacağı gözlənilmir: “Prosesin yenidən uzanması, maksimum onlayn danışıqların aparılması ilə davam edə bilər. Mümkündür ki, Şarl Mişel belə bir görüşün tezliklə keçirilməsi üçün müəyyən açıqlamalar səsləndirib. Hətta Münhen Təhlükəsizlik Konfransında görüşün tarixi də müəyyənləşə bilər. Amma bu demək deyil ki, sülhdə maraqlı olmayanlar təxribatları davam etdirməyəcək. Zaman uzandıqca sərhəddə təxribatlar da olacaq. Əgər şərti sərhəddə "Yerkrap" üzvləri varsa, onlar Ermənistan Müdafiə Nazirliyindən çox keçmiş “miatsum”çuların liderləri - Köçəryanın, Sərkisyanın tapşırıqlarını yerinə yetirəcəklər. Bu da Rusiyanın marağındadır. Avropa İttifaqının sərhəddəki mülki missiyasının da Fransanın göstərişi ilə “binokl siyasətini” davam etdirib, iki ölkə arasında sülh atmosferinin yaranmasına mane olması gözlənilən təxribatlardandır". Sual olunur, 44 günlük müharibə, 2022-ci il sentyabr döyüşləri, 2023-cü il antiterror əməliyyatı, ermənilərin kütləvi köçü, verdikləri itkilər Ermənistana, ermənilərə, havadarlarına, kilsəyə, diasporaya dərs oldumu? Ekspert: “Bugünlərdə baş verənlər sübut edir ki, dərs olmayıb və olmayacaq da. Zamanında Osmanlıya xəyanət edib, Rusiya tərəfə keçdilər, indi də Rusiyaya xəyanət edib Qərbə sığınırlar. Onlar dərs alan toplum deyillər. Amma bizim üçün artıq onlar təhlükə deyillər. Azərbaycan Prezidenti andiçmə mərasimində onlara ciddi xəbərdarlıq etdi. Bir də qalxsalar, revanş istəsələr, daha güclü zərbəyə məruz qalacaqlar”.

Ermənistanın silahlanması sülh müqaviləsinə ziddir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin iştirakı gözlənilsə də, Azərbaycan iki ölkə arasında münasibətləri gündəliyə çıxarmamaq niyyətindədir: “Amma Ermənistan tərəfi həvəslə bunu gündəliyə çıxaracaq. Təbii ki, Fransanın təhriki ilə Nikol Paşinyan çarpıdıcı açıqlamalar verə bilər. Düşünürəm ki, ABŞ iki lideri görüşdürməyə çalışacaq. Sərhəddə təxribatı Ermənistan tərəfi qəbul edir, amma, onu könüllülərin etdiyi iddia olunur. Ermənistan rəsmiləri sərt şəkildə onları qınayıb. Amma burada Azərbaycanı aqressiv göstərmək niyyətləri var. Etiraf edirlər, amma burada yenə Azərbaycanı ittiham etmək planı əsasdır”. Politoloqun fikrincə, Ermənistan tərəfi maksimum çalışır ki, Azərbaycana beynəlxalq təzyiqlər artsın: “Münhendə Paşinyan və Makron eyni "xorda oxuyacaq". Düşünürəm ki, şərti sərhəddə növbəti təxribatlar baş verə bilər. Ermənistan ordusunda “beşinci kolon” var. Onlar sülh istəmir. Ermənistanın baş naziri Nikol Paşinyan da Cermux istiqamətində yüksəkliklərdə ordusunu yerləşdirməyi planlayır. Ona görə də təxribatlar mümkündür". M.Əsədullazadə ölkə Prezidentinin inauqurasiya mərasimində bununla bağlı ciddi xəbərdarlıq etdiyini bildirdi: “Ermənistan pis cəzalana bilər. Havadarları onları qurtara bilməz. Ermənistan yeni konstitusiya qəbul etməyincə, sülh müqaviləsi olmayacaq. Bunu cənab Prezident də elan edib. Çünki sülh müqaviləsi Ermənistan konstitusiyası ilə zidd olacaq. Əgər Nikol Paşinyan gecikərsə, zaman onun əleyhinə işləyəcək. Nəticədə proseslər onun özünün hakimiyyətdən getməsi ilə nəticələnə bilər”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR