Qadınlar kişilərdən niyə boşanır? Bu sual günlərdir ki, cəmiyyətimizdə müzakirə mövzusudur. İldən-ilə artan boşanma sayı, azalan nikahlar və üstəlik də rəsmi statistikalarda qadınların ailəni dağıtmağa can atması kimi göstəricilər əhali arasında fikir ayrılıqları, mübahisələr yaratmağa davam edir.
Bəs problemin kökündə duran səbəb nədir?
Hüquqşünas Ellada Bayramova bu barədə Yenisabah.az-a danışıb. O, problemin həllinin günahkar axtarmaqdan keçmədiyini ifadə edib:
“Qadınları boşanmaların səbəbkarı kimi göstərmək tamamilə absurd bir yanaşmadır. Çünki səbəbləri incələdikdə fərqli faktorlar ortaya çıxır. Qadının boşanmaq üçün müraciət etməsi normal haldır. Kişilər üçün bu komfort zonadan çıxaraq düzənin dəyişməsi ilə nəticələnir. Çünki ailədə şiddət belə olsa, kişi üçün hər şey qaydasında qalır. Qadın evdə onun işlərini görür, uşaqlar evdədir, həmçinin onlara baxır. Ancaq kişi evdə qalır, çıxır gedir, xanımına necə davranır? Görünür cəmiyyətə bütün bunlar o qədər də maraqlı deyil. Heç bir ağlı başında olan qadın durduğu yerdə ailəsini dağıtmır. İstisnalar ola bilər. Amma ümumilikdə deyə bilmərik ki, bütün qadınlar bilərəkdən boşanır. Bu ittihamı mən qəbul etmirəm.
Ailədə həm kişi, həm qadın münasibətlər üzərində işləməlidir. Qadın 5 addım atırsa, kişi də o qədər çalışmalıdır. Yoxsa “mən kişiyəm, belə yaşamalıyam, sən də əziyyət çəkməlisən” deyə bir anlayış yoxdur. Elə kişilər var ki, işdən gəlib övladının tərbiyəsi ilə məşğul olmaq, onunla vaxt keçirmək istəmir. Bunu hamıya şamil etməsək də belə faktorlar var. Bundan əlavə psixoloji səbəblər də mövcuddur. Digər bir tərəfdən, cütlüklər bir-birini seçmirlər. Əksər vaxt valideynlərin təkidi ilə bir araya gələn insanlar “yaxşı qız, yaxşı oğlan” adı ilə tanış olub ailə qururlar.
Yaxşı qız və yaxşı oğlan məsələsi bitməyənə qədər boşanmalar təbii hal alacaq. Yaxşı və pis deyə bir anlam yoxdur. İnsanların bir-birinə uyğunlaşıb-uyğunlaşmaması əsas götürülməlidir. İnsanlar bunu anlayıb şəxsi münasibətlərə təsir etmə istəyindən çəkinsələr bəlkə sağlam ailələrin də sayı artar”.
Hüquqşünas qeyd edib ki, müzakirə olunan mövzuda psixoloji olduğu qədər sosial faktorlar da mövcuddur:
“Məsələn, qadın övladlarını hər səhər maşını olmadığı təqdirdə belə məktəbə aparıb-gətirir. Kişilər vaxtı bəhanə edərək bundan boyun qaçırırlar.
Təbii ki, səbəblər sadalananlarla bitmir və olduqca çoxdur. Ailə kiçik bir dövlət olduğu üçün ona həssas yanaşmaq vacib məqamdır.
Qarşılaşdığım bir məqamdan söz açmaq istəyirəm. Deməli, kişi və qadın bir-biri ilə tanış olub, ailə qurublar. Bir-birilərinə anladıqları qədər də sevgi göstəriblər. Lakin kişi mütəmadi olaraq qadının telefonun yoxlayır və hara gedib, kiminlə danışmasını kontrol edir. Qadının bütün bunları ona göstərib sübut etməyinə baxmayaraq, ona inanmır və xəyanətlə ittiham edir. Bütün bunlar uşaqlıq travmalarıdır. Yəni həmin kişinin atası xanımına necə davranıbsa, uşaq da o modeli götürüb. Nəticə olaraq, həmin qadın telefonuna şifrə qoydu və daha heç nəyi ərinə göstərmədi. Bununla da boşanmaq üçün məhkəməyə müraciət edib evliliklərini sonlandırdı. İndi burada qadın yoxsa kişi günahkardır? Biz günahkar yox səbəb axtarmalıyıq. Bir kəlmə deməklə, məsələni həll etmək olmaz. Bu yanlış yanaşmadır”.