İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühasib Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə 1 milyon "atıb"

825 11.05.2023 17:02 Kriminal A A

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün nümayəndəliyin rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürü əldə edib.

Zərifə Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərinin ələ keçririb

İstintaqın qənaətinə görə Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankamatlarından çıxarıb.

Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ittihama münasibət bildirən Zərifə Abbasova özünü qismən təqsirli bilib. Deyib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib.

Bundan sonra hakim tərəflərdən məhkəmə istintaqınln aparılması qaydası ilə bağlı fikirlərini öyrənib. Prokuror məhkəmə istintaqının təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, daha sonra isə şahidlərin dindirilməsi qaydası ilə aparılmasınl təklif edib.

Məhkəmə istintaqın bu qaydada aparılmasına təqsirləndirilən şəxs, onun vəkili Əlövsət Abbasov, zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Sabit Abdullayev etiraz etməyiblər.

Amma təqsirləndirilən şəxs deyib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə ifadə verə bilməyəcək. Onun vəkili isə bildirib ki, müvəkkili səhhətində yaranan problemlərlə bağlı xəstəxanada müalicə alıb, mayın 8-dən isə ambulator müalicə almaq üçün evə buraxılıb.

Vəkilin sözlərinə görə, Zərifə Abbasova hazırda ev şəraitində müalicəsini davam etdirir: "Zərifə Abbasova indiki vaxtda ifadə verməyə hazır deyil. Onun müalicəsini davam etdirilməsi üçün, həm də ifadə verməyə hazırlaşmaq üçün 2 həftə vaxt verməyinizi xahiş edirik".

Hakim vəkilin bu istəyini nəzərə alıb. Bu səbəbdən növbəti məhkəmə iclası iyunun 1-ə təyin olunub.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR