İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimələr nənəni niyə döyüb?

1760 22.05.2022 15:20 Yazarlar A A

Kreativ gənclər demiş, Azərbaycandan başqa ölkədə yaşaya bilmərəm. Çünki ölmədik bu günü də gördük. Azərbaycanda iki müəllimə birləşib və şagirdin nənəsini döyüblər. Bir dəqiqə, düzəliş edirəm - öncə uşağı təhqir ediblər, nənə gəlib məktəbə, bu zaman da nənəni döyüblər. İnsident Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə baş verib. Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb. Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb. İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera görüntüləri silinib. Qeyd edək ki, uşaqların nənəsi sözügedən məktəbdə texniki işçidir.

Hadisəni Ağdaş Rayon Polis Şöbəsi araşdırır və qeyd olunub ki, döyüldüyünü iddia edən şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertizanın, eləcə də aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq.

Heyrətlər içində oxudum xəbəri. Hadisə vaqe olur 21-ci əsr Azərbaycanında. Uşaq təhqir olunur – ki, bunu artıq az qala adiləşdiriblər. Bəzi özünü ağıllı hesab edənlər indi deyəcəklər ki, “bizim vaxtımızda da müəllimlər uşaqları döyürdü dəəə.” Döyürdüsə, döyməməli idi. Təhqir edirdisə, etməməliydi. Səhv idi və bunu davam etdirmək olmaz. Nədi bu? Nəsildən-nəslə ötürülən əmanətdi, mirasdı, yadigardı? Bir müəllim o biri müəllimə uşaq döyməyi peşənin incəlikləri olaraq öyrədir? Müəllimə olmaq istəyən tələbələrə pedaqoqika, uşaq psixologiyası fənni niyə keçilir ali məktəblərdə? Hər oxumayan uşaq təhqir olunsa, döyülsə, bu işin axırı hara gedəcək? Üstəgəl, təhqir olunan uşaq ibtidai sinifdə oxuyur. Bunun təhqir olunan yaşıdır, ya əlindən tutub, hərf yazdırılan, vurma cədvəli əzbərlədilən yaşı?

Yaxşı, hesab edək ki, ev tapşırığında üç sətir "A" hərfi yazmayan uşağı başınızdan böyük səhv edərək, aşağılamısız, bəs bu uşağın ahıl nənəsini niyə döyürsüz? Direktor otağının qapısı önündə nənə döymək nədir, ay insafınız qurusun? O nənənin indi döyülən yaşıdı? O mənzərəni məktəbdə görən məktəbli sizdən nə öyrənəcək? Bəs noldu, mentalitetimizlə öyünürdük? “Yaşlılara hörmət, balacalara sevgi” idi bizim prinsipimiz? Heç biri yoxdu axı ortada: uşağı təhqir edir, nənəsini də döyürsüz. Utanmadan da məktəbin daxili kamera görüntülərini dərhal silirsiz. Gözünüz necə dönüb ki, yaşlı-başlı qadına əl qaldırırsız? Nə edək indi? Uşaqlarımızın hüquqları pozulanda məktəb qapısına getməyək? Sözümüzü deməyək, şikayətimizi etməyək? Belə çıxır, sabah biz də öz etirazımızı bildirəndə xəkəndaz götürüb valideynin üstünə hücum çəkəcəksiz?

İnanın ki, xəbərin başlığını oxuyanda çoxları gülür. Amma bir neçə saniyə o mənzərəni gözünün qabağında canlandırıb, ürəyi sıxılır. Hamı o döyülən nənənin yerinə anasını, qayınanasını, yaşlı qohumunu qoyur. Nəvəsi üçün dünyaları verməyə hazır nənələrə bir məktəbdə göstərilən vəhşi münasibət əsəbimizi cırmaqlayır. İndi nəticəni gözləyirəm: görək araşdırma nəyi çıxaracaq üzə? Allah eləsin ki, araşdırmaçılar təhsil nazirimiz kimi danışmasınlar. Xatırlayırsızmı? Bayramlarda hədiyyə, pul yığımı ilə bağlı sual verəndə nazirimiz demişdi ki, pul yığımı bizim vaxtımızda da var idi də... Yəni, zamanında olub, indi də var, gələcəkdə də olacaq... Bu yaxınlarda 9 mayda məktəblərdən birində qələbə tədbiri keçirən, uşaqların yaxasına "georgi lenti" taxan məktəblə bağlı Bakı Şəhər Təhsil İdarəsi bənzər açıqlama verdi: məktəblərin daxili işlərinə müdaxilə yolverilməzdir. Sabah o məktəbdə diskoteka açılsa, uşaqlar da diskoteka geyimində içəri buraxılsa, yenə daxili iş olacaq? Bu nə yanaşma, bu nə ərköyünlük, laubalilik? Hərə rəhbərlik etdiyi sahəyə “öz toçkası” kimi baxır, vallah. “Mənlikdi, qaqa” məntiqi ilə hərəkət edən tin qaqaşlarının təfəkkürü hökm edir ortada....

İndi qorx ki, sabah hamımıza nənənin haqsız olması, söyüş söyməsi, müəlliməyə ilk olaraq əl qaldırması ilə bağlı açıqlama versinlər. Məlum olsun ki, günah döyüləndədir. Təəccüblənərmi? Əsla! Bu ölkədə məni heç nə təəccübləndirməz. Uşaqlara elm öyrətmirsiz, anlayırıq. Gedirik öz pulumuzla uşağımıza təhsil veririk. Təlim-tərbiyə barədə heç danışmıram. Bayramlarda, buraxılış günü, başlanış günü, müəllimənin ad günü-şad günü...bəhanəsi ilə yığılan pulları da buraxıram vicdanınıza. Ahıl qadın döymək nədi, ay vicdanınız qurusun? Nədir məktəb? “Qurdlar Vadisi Pusu”? Orda quralları siz qoyar, cəzaları siz kəsərsiz? Hələ bir direktor qadın vardı, aylar öncə əlinə balta alıb, ət şaqqalayırdı, şeir deyirdi... Ona baxanda adam uşağını məktəbə qoymaqdan qorxurdu ki, bu, mənim uşağımın üstünə də balta ilə gələr. Lətifəyə döndərmisiz məktəbləri. Bilmirik səhər evdən çıxanda işimizin dalınca gedək, ya məktəbə göndərdiyimiz uşağın dərdinə qalaq...

Qəşəm Nəcəfzadənin bir şeiri düşdü yadıma....” A kişi, döymə arvadını, Heç bilirsən onu kim sevirdi?” Qəşəm bəyin sözlərini improvziə edirəm: Nənələri döyməyin, heç bilirsiz onlar kimlərə layla deyib?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR