İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyinin anbarının bütünlüklə "yeyilməsi"ni məhkəmə ermənilərdən gizli araşdıracaq

791 18.01.2023 17:09 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Üzeyir Həsənovun cinayət işi üzrə proses keçirilir.

Musavat.com xəbər verir ki, məhkəmə iclasına hakim Məhəmməd Əkbərov sədrlik edir.

Üzeyir Həsənov "Bina Tikinti Kampaniyası" MMC-nin rəhbəri olub. O, Müdafiə Nazirliyinin sifarişi ilə bölgələrdən birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması və mebel avadanlıqlarının quraşdırılması işlərinin icrası zamanı 7 milyon manat mənimsəməkdə ittiham olunur. Keçmiş şirkət sahibinə qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İbtidai istintaqın gəldiyi nəticəyə görə, Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirdib. Bu yolla 7 milyon 353 min manat mənimsəyib. Daha bir ittihama görə, o, 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, təmir-bərpa işlərin aparılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Əvəzində dövlətin 1,8 milyon manatını mənimsəyib.

Yanvarın 18-də keçirilən növbəti məhkəmə iclasında vəkillər vəsatət verib ki, məhkəmə qapalı keçirilsin. Onlar bunu kommersiya sirriylə əsaslandırıblar:

Vəkil:

- Hazırlıq iclasından sonra xəbər saytları yazıb, erməni və rus saytları da götürüb, tərcümə edib, paylaşıb. Bu isə dövlətimizə xələl gətirir.

Vəkilin bu sözlərini vəsatət kimi qəbul edən hakim heç bir müşavirə keçirmədən üzünü məhkəmə salonuna tutdu və jurnalistlərə səsləndi:

- Durun, çıxın çölə...

Vəkillər məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatəti hazırlıq iclasında da vermişdilər. Ancaq hakim təmin etməmişdi. Bildirmişdi ki, kommersiya sirri sayıla biləcək məlumatlar səsləndirilərkən yalnız o hissələrdə iclasları qapalı keçirmək olar. Ancaq bu gün hakim sanki vəkilin ağzından vəsatətin səslənməsini gözləyirmiş kimi davrandı və dərhal da jurnalistləri zaldan demək olar ki, qovdu.

Üzeyir Həsənova gəlincə isə, o, ötən məhkəmə iclasında deyib ki, niyə həbs olunduğunu bilmir, yeyinti ittihamı ilə də razılaşmır. Ancaq çatışmazlıq varsa, həbsdən buraxılsa, həmin problemləri yoluna qoymağa hazırdır: “Çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram?”

Müdafiəçiləri onun nüfuzunun, müharibə dövründə orduya göndərdiyi yardımların, avtomobillərin nəzərə alınmasını istəyib.
Vəkillər bildirib ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama aparıb, bir akt tərtib edib, onun əsasında ekspertiza rəy verib: “Maliyyə Nazirliyinin yoxlayıcılarının yazdıqlarını köçürüb, ekspert rəyi hazırlayıblar. Ona görə xahiş edirik, təkrar mühasibatlıq ekspertizası keçirilsin”.

Azərbaycanın dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan 7 milyon manatın hara xərclənməsi isə ictimaiyyətdən "ermənilər oxuyur" kimi sərsəm bir açıqlama ilə gizlədildi. Bu oğurluqdan ermənilərin yoxsa biz azərbaycanlıların daha çox uduzduğumuz isə göz qabağındadır.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR