İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın Qarabağda son oyunu - Bakı oyuncaq rejimlə təxribata çəkilir

2338 06.07.2023 10:45 Siyasət A A

Separatçıların “kitabı” həmişəlik bağlanıb, bunu, nəhayət, Kreml də anlayacaqmı? Politoloq: “Azərbaycanın Qarabağda ermənilərlə yox, Rusiya ilə problemi qalıb...”

Rusiya Qarabağda erməni separatizmini açıq himayə eləmək kursu götürüb. Əgər 44 günlük müharibə bitəndən az sonra bunu o, ehtiyatla, maskalanaraq həyata keçirirdisə, daha buna da lüzum görmür. Erməni qanunsuz silahlı dəstələrə əlindən gələn köməkliyi göstərir - 10 noyabr (2020) sənədinə əsəsən (4-cü bənd) onları Qarabağdan çoxdan çıxarmalı və ya tərk-silah eləməli olduğu halda.

Bu azmış kimi, Rusiya Müdafiə Nazirliyi öz bülletenlərində hələ bir dəfə olsun, silahlı quldurları qanunsuz (qeyri-legitim) hərbi birləşmələr kimi təqdim etməyib. Sanki Azərbaycan ərazisində iki qanuni ordu var. Qarabağdakı kənd və şəhərlərimizi nazirliyin üç ildir saxta erməni adları ilə təqdim eləməsi də öz yerində.

Son zamanlar Bakının Moskva ilə artan ziddiyyətlərinin daha bir səbəbi isə Rusiya hərbi kontingentinin Bakının təklif elədiyi logistikadan (Ağdam vasitəsilə təchizatdan) imtina eləməsidir. Bu da suverenliyimizə aşkar sayğısızlıq nümunəsi olmaqla yanaşı, Azərbaycana əslində meydan oxumaq, həmçinin Putinin imzası duran daha bir sənədə - 22 fevral Moskva bəyannaməsinə tüpürməkdir.

Məntiqlə də niyə ərazimizdə müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” qüvvələrinin ərzaq və digər təchizatı məhz Ermənistan vasitəsilə, "Laçın dəhlizi" ilə həyata keçməlidir? Moskva üçün nə fərqi, daha doğrusu, onun bunda nə marağı var?..

*****  

Rusiya Müdafiə Nazirliyi: Baxmutun azad edilməsi başa çatıb

“Əgər sən öz milli maraqlarını müdafiə etmək qərarına gəlmisənsə, onda ya təslim olmağa, ya güzəştə getməyə, ya da müdafiə olunmağa hazır olmalısan. Biz Rusiya ilə münasibətlərdə eskalasiyaya gedirik və bu, Bakının seçimidir. Ya geri çəkilməliyik, ya da Türkiyə ilə razılığa gəlib və onun təminatı altında Rusiyadan Azərbaycanın milli maraqlarını nəzərə almasını qətiyyətlə tələb etməliyik”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikri politoloq Zərdüşt Əlizadə Minval.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin zəmanəti Rusiyanı məcbur etməyə bəs edəcək: “Onların Laçın yolu ilə bağlı tələb etdikləri (təchizat uçun Ağdam yolundan imtina - red.) faktiki təcavüz və Azərbaycanın milli suverenliyinə etinasızlıqdır. Onlar Azərbaycanın milli maraqları ilə hesablaşmağa borcludurlar. Başqa yol yoxdur. Mümkün qarşıdurmaya gəlincə, bu, siyasi, iqtisadi və hətta hərbi xarakterli ola bilər. Bəs Moskva Bakıya qarşı nə edə bilər? Rusiya Ukraynanın öhdəsindən gələ bilmir, Azərbaycanla nə edəcək?”

Politoloqun qənaətincə, Putin seçim etməli olacaq. “İkinci cəbhə açmağa dəyərmi? Ancaq bu, Azərbaycanın deyil, Rusiyanın qərarı olacaq. Üstəlik, Qarabağ Rusiya üçün həyati əhəmiyyət kəsb edən region deyil”, - deyə o, ardınca vurğulayıb.

Z.Əlizadəyə görə, problem yaranıbsa, onu həll etmək lazımdır: “Əgər həll edilməsə və sonraya saxlanılsa, daha böyük problemə çevrilə bilər. Biz uzun müddət işğala dözdük, sonra hansısa mərhələdə dözməyi dayandırdıq və problemin böyük hissəsini həll etdik. Yalnız kiçik bir hissəsi qalır. Problemin bu kiçik hissəsinin adı Rusiyadır. Ermənistan və separatçılar yox. Ermənistan və Qarabağ erməniləri Rusiyanın satellitləridir. Ona görə də biz sərt mövqe tutsaq və milli maraqlarımızın müdafiəsində kifayət qədər qətiyyət göstərsək, Rusiyanın barışmaqdan savayı yolu qalmayacaq”.

***** 

Qarabağda antiterror əməliyyatı: Zamanı çatıb

Əlbəttə, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkiləsi deyil. Əks halda, özümüzün “qırmızı xətti”ni özümüz tapdamış olarıq. Bakı, hər halda, səbirlə beynəlxalq hüququn ona imkan verdiyi hədəflərə doğru yolunu inamla davam etdirəcək. Bu yolda səbrimizi zəiflik kimi başa düşənlər yanılırlar. Xüsusən də Qarabağdakı separatçı tör-töküntüləri.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda erməni tərəfini bir daha xəbərdar edib. 

“Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün 5 əsas prinsipini təqdim edib”.

İlham Əliyev bunu Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməli və tərxis olunmalıdır.

*****

Araik Arutyunyan Moskvaya niyə ÇAĞIRILIB?

Sözsüz ki, mesaj 10 noyabr sənədinin 4-cü bəndinə üç ildir etinasız yanaşan Rusiyaya da aiddir. Özəlliklə rusa arxayın olub Azərbaycana meydan oxuyan separatçı ünsürlərə heç bir aman tanımayacaq. Separatçıbaşı Araik Arutyunyan V.Putin olmur, lap ABŞ prezidenti Baydenə məktubla müraciət eləsin.

Bu cəhdlərin hamısı əbəsdir. Bu qəbil hərəkətlənmələr olsa-olsa, oyuncaq rejimin son çırpıntılarıdır. Proseslərin terrorçu-separatçıların xeyrinə getmədiyini sübut edən həm də Vaşinqton danışıqlarında (27-29 iyun) əsas müzakirə mövzulardan birinin erməni qoşunlarının Qarabağdan çıxarılması ilə bağlı olmasıdır.

Siyasi təhlilçi Asif Nərimanlıya görə, bu məsələnin Vaşinqton masasına daşınması mühüm məqamdır. “Erməni qoşunların çıxarılması Rusiyanın vasitəçilik etdiyi və əsas kimi irəli sürdüyü 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapıb. Lakin Moskva indiyədək bu bəndin icrasını tələb etmir. Qoşunların çıxarılması müzakirəsinə Vaşinqtonun vasitəçilik etməsi üçtərəfli bəyanatın legitimliyini sual altına alır və bu, rusları razılaşmanı icra etməyə sövq edə biləcək amildir. Əks təqdirdə, Azərbaycan 4-cü bəndi özü icra edəcək və belə görünür ki, hərəkətə keçməmişdən öncə beynəlxalq legitimliyi gücləndirir”, - o vurğulayıb.

*****

Vaşinqton görüşləri bitər-bitməz isə ABŞ-ın Ermənistandakı səfiri Kristine Kevin Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına əminlik ifadə elədi. Daha öncə ABŞ Dövlət Departamenti Prezident İlham Əliyevin separatçılarla bağlı amnistiyanın mümkünlüyü ilə bağlı açıqlamasını alqışlamışdı.

Bütün bu gəlişmələrin anlamı odur ki, separatçıların “kitabı” həmişəlik bağlanıb. Kaş ki, bunu Moskvada da anlayaydılar...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR