İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan qorxunc nüvə TƏHDİDİ

567 05.06.2026 21:07 Dünya A A

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyini deyib. Ryabkov bu sözləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) jurnalistlərə deyib.

Rusiyanın nüvə silahından istifadə ehtimalını qiymətləndirən Ryabkov bildirib ki, bu cür vəziyyətlər Rusiya hərbi doktrinasında müəyyən edilib. “Ən pis ssenaridə, əgər belə silahları olmayanlar da daxil olmaqla, təcavüzkarlar Rusiyanın ərazi bütövlüyünü pozmağa cəhd etsələr, bu, bizdən nüvə cavabına səbəb ola bilər”, - Ryabkov deyib. O, əlavə edib ki, buna ciddi yanaşmalıdır və heç kim Rusiyanın bu məsələdə qətiyyətini sınamağa çalışmamalıdır.

Qeyd edək ki, Ukrayna Rusiyanın dərinliklərinə hücumları genişləndirib. “Neptun” qanadlı raketləri və PUA-larla Ruisyanın neft sənayesini iflic edən Ukrayna ordusunun bu zərbələri iqtisadiyyatı zəiflətməklə yanaşı, Moskvanın reputasiyasına ciddi zərbədir. Amma Rusiya hələ ki bu hücumları ərazi bütövlüyünə təhdid kimi qiymətləndirmir.

Bəs nüvə silahından istifadə nə qədər real görünür? Bu, növbəti blef və ya şantajdırmı?

images (1).jpeg (6 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Sergey Ryabkovun səsləndirdiyi bəyanat Moskvanın son illərdə formalaşdırdığı siyasi-diplomatik xəttin davamıdır: "Kreml nümayəndələri Ukrayna müharibəsinin başlanğıcından etibarən müxtəlif səviyyələrdə nüvə silahından istifadə ehtimalını gündəmdə saxlayırlar. Bu bəyanatların əsas məqsədi isə yalnız hərbi deyil, həm də siyasi və psixoloji təsir yaratmaqdır. Məsələyə geosiyasi prizmadan yanaşdıqda görünür ki, Ryabkovun sözləri Ukraynanın son aylarda Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr fonunda səslənib. Ukrayna artıq müharibəni yalnız cəbhə xəttində deyil, Rusiyanın iqtisadi və strateji infrastrukturu üzərində də aparır. Neft emalı zavodları, hərbi aerodromlar, sursat anbarları və enerji obyektlərinə endirilən zərbələr Moskvanın "müharibə təhlükəsiz məsafədə gedir" tezisini ciddi şəkildə sarsıdır".

Siyasi şərhçi deyib ki, Kreml bir tərəfdən Ukraynanın hücumlarını ciddi problem kimi qəbul edir, digər tərəfdən isə onları hələlik nüvə doktrinasının tətbiqini tələb edən səviyyədə qiymətləndirmir: "Əgər Moskva həqiqətən hesab etsəydi ki, dövlətin mövcudluğu və ya ərazi bütövlüyü təhlükə altındadır, onda bu barədə daha yüksək siyasi səviyyədə – prezident administrasiyası və ya Təhlükəsizlik Şurası vasitəsilə siqnallar verilərdi.

Əslində Ryabkovun bəyanatında yeni heç nə yoxdur. Rusiya nüvə doktrinası artıq bir neçə dəfə yenilənib və orada nüvə silahından istifadə üçün müxtəlif ssenarilər nəzərdə tutulub. Buraya dövlətin mövcudluğuna təhlükə yaradan hücumlar, strateji obyektlərə zərbələr və genişmiqyaslı hərbi təcavüz halları daxildir. Lakin beynəlxalq münasibətlərdə hərbi doktrina ilə real siyasi qərar arasında çox böyük fərq mövcuddur. Nüvə silahından istifadə etmək sadəcə hərbi əməliyyat deyil. Bu, bütün beynəlxalq sistemin dəyişməsi deməkdir. 1945-ci ildən sonra nüvə silahı döyüş şəraitində istifadə edilməyib və bunun əsas səbəbi qarşılıqlı məhvetmə prinsipidir. Nüvə dövlətləri çox yaxşı anlayırlar ki, ilk zərbəni endirmək sonrakı proseslərə nəzarəti itirmək anlamına gələ bilər".

Siyasi şərhçi deyib ki, bu gün Moskvanın qarşısında duran əsas problem hərbi deyil, siyasi xarakter daşıyır: "Ukrayna Rusiya ərazisinə zərbələr endirdikcə Kremlin böyük dövlət imici zərbə alır. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin zəiflikləri üzə çıxır, vətəndaşlar müharibənin nəticələrini öz gündəlik həyatlarında hiss etməyə başlayırlar. Bu isə hakimiyyət üçün reputasiya problemidir.
Məhz buna görə nüvə ritorikası daha çox siyasi təzyiq aləti kimi istifadə olunur. Moskva Qərbə mesaj göndərir ki, Ukraynaya verilən dəstəyin miqyası artdıqca risklər də artır. Başqa sözlə, Kreml Vaşinqton, Brüssel və NATO paytaxtlarında qərar qəbul edən şəxslərin hesablamalarına əlavə risk elementi daxil etməyə çalışır.

Bu taktika yeni deyil. Soyuq müharibə dövründə də supergüclər nüvə faktorundan birbaşa müharibədən daha çox siyasi təsir vasitəsi kimi istifadə edirdilər. Bu gün də vəziyyət müəyyən mənada oxşardır. Digər tərəfdən, Moskvanın nüvə silahından istifadəsi onun özü üçün də ağır nəticələr yarada bilər. Hətta taktiki nüvə silahının məhdud tətbiqi belə Rusiyanı beynəlxalq səviyyədə görünməmiş təcrid vəziyyətinə sala bilər. Bu halda Moskvanın tərəfdaş hesab etdiyi ölkələr ilk növbədə Çin, Hindistan və digər böyük dövlətlər belə Kremlə açıq dəstək verməkdə çətinlik çəkərlər.

Üstəlik, nüvə silahının istifadəsi Ukraynanın kapitulyasiyasına deyil, əksinə, Qərbin daha sərt reaksiyasına səbəb ola bilər. NATO-nun birbaşa nüvə cavabı verməsi mütləq deyil, lakin Rusiyanın hərbi potensialına qarşı çox ağır konvensional zərbələr endirilməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Buna görə də hazırkı mərhələdə nüvə silahının istifadəsi real hərbi plan kimi deyil, strateji çəkindirmə vasitəsi kimi görünür.

Ancaq bu, risklərin olmadığı anlamına gəlmir. Müharibə uzandıqca, tərəflər arasında qarşıdurma dərinləşdikcə və xüsusilə Ukraynanın Rusiya daxilindəki hədəflərə zərbələri intensivləşdikcə eskalasiya ehtimalı da artır. Tarix göstərir ki, böhranların ən təhlükəli mərhələsi tərəflərin öz hərəkətlərinin nəticələrini tam hesablaya bilmədiyi məqamdır.

Bu səbəbdən Ryabkovun bəyanatını nə sadəcə blef, nə də dərhal həyata keçiriləcək plan kimi qiymətləndirmək düzgün olardı. Daha dəqiq desək, bu, Kremlin siyasi arsenalında olan ən güclü psixoloji silahın növbəti dəfə nümayiş etdirilməsidir. Moskva qarşı tərəfə xəbərdarlıq edir ki, müharibənin coğrafiyası və miqyası genişləndikcə qırmızı xətlərə yaxınlaşılır.

Lakin indiki şəraitdə nüvə düyməsinin basılması ehtimalından daha real görünən ssenari odur ki, Kreml nüvə ritorikasını davam etdirəcək, Ukrayna isə Rusiyanın dərinliklərinə zərbələri artıracaq. Beləliklə, tərəflər arasında hərbi qarşıdurma ilə yanaşı, psixoloji və siyasi müharibə də daha sərt mərhələyə daxil olacaq. İstənilən müharibədə raketlərin yaratdığı təsirdən daha güclü silah məhz qorxu atmosferidir. Ryabkovun bəyanatı da ilk növbədə həmin qorxunu yaratmağa hesablanmış siyasi mesaj kimi görünür".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR