İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva sülh müqaviləsi hazırlayır: Brüssel və Vaşinqton nəyi gözləyir - rəylər

1633 07.11.2023 12:45 Siyasət A A

Rusiya Təhlükəsizlik Şurası katibinin anonsu Brüssel formatını əngəlləmək üçündür?; İrəvanla münasibətlərində gərginlik yaşayan Kreml Azərbaycan və Ermənistana barışıq təklif edir - nonsens; “Məqsəd sülh müqaviləsini Rusiya məkanında və Rusiyanın vasitəçiliyi ilə həyata keçirməkdir”; bəs Qərb nə deyəcək...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi böyük ehtimalla, 2023-cü ildə də imzalanmayacaq. Təəssüf ki, rəsmi İrəvanın siyasi oyunbazlığı nəticəsində daha bir qiymətli il itirilmək üzrədir.

Halbuki barışıq sənədində, iki xalq arasında düşmənçilik səhifəsinin qapanmasında ən çox kaputulyant tərəf maraqlı olmalıdır. Çünki bu, ona blokadadan qurtulub, Azərbaycan və Türkiyə hesabına iqtisadi inkişafa və rifaha qovuşmaq şansı yarada bilər. Sülh sənədinin “skeleti”ni isə Azərbaycan 44 günlük müharibə bitəndən dərhal sonra masaya qoyub:  beynəlxalq hüquqdan qaynaqlanan 5 təməl prinsipi. Düzdür, bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan artıq üç prinsipin razılaşdırıldığını söyləyib. Lakin onların Bakının baza prinsipləri ilə nə dərəcədə üst-üstə düşdüyü məlum deyil. Üstəlik, belə bir qayda var ki, “bəndlərin hamısı razılaşdırılmayıbsa, heç biri razılaşdırılmayıb”.

Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Moskva Bakı və İrəvan arasında münasibətləri tənzimləmək üçün iki paytaxtla əlaqə saxlayır və hazırda sülh müqaviləsi hazırlanır. Sitat: “Qarabağ problemi ilə əlaqədar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”.

Qəfildən Patruşev səviyyəsində sülh müqaviləsi anonsunun verilməsi maraqlıdır. Son zamanlar ayrı-ayrı Rusiya rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərindən, aparılan danışıqlardan bəhs ediblər, amma əminliklə sülh müqaviləsindən bəhs edən olmamışdı. Rəsmi İrəvanla Kreml arasında davam edən gərginliyin fonunda hansısa sülh müqaviləsinin Moskvada hazırlanması da suallar doğurur. Hazırda, xüsusən də Roma Statutunun ratifikasiyasından sonra Rusiya-Ermənistan arasında münasibətlər o qədər pisləşib ki, bu iki ölkənin arasındakı buzları əritməyə daha çox ehtiyac var. Nikol Paşinyanın son zamanlar Rusiya prezidenti ilə üz-üzə gəlməkdən yayınması, Moskvanın moderatorluğu və iştirakı ilə keçirilən tədbirlərdə görünməməyə çalışması, üstəlik, Ermənistanda Qərb paytaxtlarının möhkəmlənməsinə yönəlik addımlara şimal qonşumuzdan verilən sərt reaksiyalar fonunda Azərbaycan-Ermənistan sülh müqaviləsinin Rusiyanın hansısa şəhərində imzalanacağı ağlabatan görünmür.

Odur ki, sual olunur: Patruşevin anons etdiyi nə sülh sənədidir belə? Qeyd edək ki, az öncə Rusiya XİN-in iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi səfiri İqor Xovayev Bakıda olmuşdu. Noyabrın 2-də isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Moskva tezliklə Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır. Ötən həftəsonu isə Azərbaycanda Prezident İlham Əliyevlə görüşdə Almaniyanın xarici işlər naziri Anella Berbok bildirdi ki, Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasına sadiqdir. Belə çıxır ki, Rusiya rəsmisi Avropanın moderatorluğundan doğan həyəcanın qarşılığında tələsik sülh anonsu edib. Hər halda, bundan əvvəlki iki görüş - Qranada və Brüssel formatında - baş tutmayıb. Amma Avropanın növbəti cəhdi də aydın müşahidə olunur və ilin sonunadək yenidən tərəfləri bir araya gətirmək üçün təşəbbüslər mövcuddur. Növbəti sual: Brüssel platforması sülh sənədini necə təsəvvür və təqdim edir? Onun Rusiya variantından fərqi nə olacaq? Ümumiyyətlə, ekspertlər necə düşünür, belə bir sənəd layihəsi varmı?

İlham İsmayıl oğlunun saxlanılmasından danışdı - Günün Səsi

 İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Qərblə Rusiya arasında müxtəlif geosiyasi məkanlarda rəqabət həm müharibə, həm də diplomatik səviyyədə davam edir: “Qarabağda son antiterror əməliyyatından sonra yalnız diplomatik variant mövcuddur. Qarabağ məsələsi o həddədir ki, artıq indiyədək problemin həlli üçün irəli sürülən şərtlər yoxdur, amma sülh də hələ ki rəsmi təsdiqini tapmayıb. Problem sülh sənədinin kimin vasitəçiliyi ilə və hansı məkanda imzalanmasıdır. Brüssel platforması antiterror əməliyyatına qədər daha üstün durumda idi və konkret nəticələrə də nail olunmuşdu. Azərbaycanın ərazi bütövlüyünün konkret rəqəmlərlə Ermənistan tərəfindən tanınması məhz Brüssel görüşündə səsləndirilmişdi. Antiterror əməliyyatından sonra Brüsselin mövqeyində yayındırıcı fikirlər, Azərbaycana qarşı ittihamedici ritorikanın yer alması, Avropa Parlamentindən sanksiya çağırışları Brüsseli cəlbedici edə bilməzdi və Qranada, Brüssel görüşlərindən imtina bu mövqeyə cavab kimi dəyərləndirilir”. İ.İsmayıl qeyd etdi ki, 20 sentyabrdan sonra Azərbaycana səfər edən Avropa məmurları, o cümlədən Almaniya XİN rəhbəri Annalena Berbok sülh naminə Brüssel formatına sadiq qaldıqlarını desələr də, şərt irəli sürməkdən də çəkinmirlər: “Əgər antiterror əməliyyatından əvvəl Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq mexanizm vasitəsilə həyata keçirilməsini bildirirdilərsə, Qarabağ ermənilərinin kütləvi köçündən sonra ”beynəlxalq birliyin mövcudluğu təmin olunmaqla" Qarabağ ermənilərinin geri qayıtması şərtindən danışırlar. Azərbaycan köçənlərin geri qayıtmasına etiraz etmir və onlara müraciət də ünvanlayıb. Amma əvvəldən deyildiyi kimi, Qarabağ Azərbaycanın daxili işidir, burada heç bir beynəlxalq qüvvənin iştirakına icazə verilməyəcək. Məhz buna görə hesab edirəm ki, Brüssel formatı bu gün Azərbaycanın maraqlarını özündə tam ehtiva etmir. Rusiya mövcud situasiyadan yararlanmağa çalışır. Belə bir fikir formalaşıb ki, bu ilin sonuna sülh sənədinin imzalanması gözlənilmir. Avropa İttifaqında da ilin sonunadək yeni rəhbər heyətin seçkiləri olacağından Brüsselin fəallaşacağı inandırıcı görünmür". Ekspertin sözlərinə görə, Mariya Zaxarovanın açıqlamasından hiss olunur ki, Rusiya zamanı dəyərləndirmək niyyətindədir: “İlin sonunadək hər iki ölkənin XİN rəhbərlərinin Moskvada görüşünü keçirmək, sülh sənədi layihəsini bir daha müzakirə etmək və razılıq əldə etmək mümkün olarsa, dövlət başçılarını Moskvaya dəvət etmək Kreml üçün prioritet məsələdir. Məqsəd sülh müqaviləsini Rusiya məkanında və Rusiyanın vasitəçiliyi ilə həyata keçirməkdir. Moskvanın da Brüssel kimi şərti ola bilərmi? Mümkündür və Qarabağ ermənilərinin geri qayıdacağı halda təhlükəsizliyinə təminat verəcəyini, Azərbaycanın dövlət strukturlarının Rusiya hərbi kontingenti ilə birlikdə cavabdeh olacaqlarını elan etməsi variantlardan biri ola bilər. Burada Rusiyanın hədəfi 2025-ci ilin sonunadək az bir kontingentlə olsa da, Azərbaycanda qalmaqdır. Azərbaycan Brüsseldə və Moskvada nə deyilməsindən asılı olmayaraq, həmişə olduğu kimi, öz maraqlarını qorumağı və həyata keçirməyi yaxşı bilir və yaxın gələcəkdə bunun şahidi olacağıq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi çox güman ki, bu ilin sonuna kimi də imzalanmayacaq: “Baxmayaraq ki, Ermənistan, həmişə olduğu kimi, beynəlxalq arenaya hesablanmış qeyri-səmimi bəyanatlar səsləndirir. O bəyanatlar, sadəcə, öz ölkəsinin guya sülhə sadiq olması görüntüsü yaratmaq üçündür. Və çox maraqlıdır ki, bizim o məşhur el deyimində deyildiyi kimi, "qız evində toydur, oğlan evinin xəbəri yoxdur". Yəni sülh müqaviləsinin gah Brüsseldə hazırlandığını, indi də Rusiyada hazırlandığını eşidirik, amma sülh müqaviləsini imzalayacaq tərəflər hələ bu haqda konkret bir söz söyləməyiblər. Görünən budur: yenə kənar qüvvələr sülh müqaviləsinə elə bəndlər əlavə edəcəklər ki, bu da uzun və yenə mənasız, vaxt itkisinə səbəb olacaq vəziyyətə gətirib çıxaracaq. Ona görə də, hesab edirəm ki, bu iş birbaşa Azərbaycanla Ermənistan arasında tez bir zamanda razılaşdırılmalı və həll olunmalıdır".

Polkovnikin sözlərinə görə, bunun alternativi yenə məsələnin uzanmasına gətirib çıxaracaq: “Rusiya rəsmisi Patruşevin birdən-birə bu haqda danışması da maraqlıdır. İndiyə kimi bu haqda elə də fəallığı olmayan Patruşev nədən birdən sülh müqaviləsindən danışmağa başlayıb? Deməli, proses yenə uzanacaq və xeyli vaxt aparacaq. Nəzərə alsaq ki, son vaxtlar Rusiya-Ermənistan münasibətləri xeyli gərginləşib və bu bir az da qarşıdakı dönəmlərdə dərinləşməkdə davam edəcək. 2023-ün axırına çox az vaxt qalır və düşünürəm ki, böyük ehtimalla, sənədlə bağlı əməli və konkret addımlar gələn illərə qalacaq”.

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov xatırlatdı ki, ümumiyyətlə, Brüssel görüşlərində Azərbaycan sülhə sadiqliyini dəfələlərlə nümayiş etdirib: “Hətta sonuncu Brüssel görüşündə sülh müqaviləsinin reallaşacağı güman edilirdi. Amma daha sonra Avropa İttifaqının üzvü olan oradakı sabitliyə daim böyük zərbələr vuran Fransanın təxribatları və qızışdırmaları ilə Nikol Paşinyan danışıqlardan boyun qaçırdı. Beləliklə də sülh əldə olunmadı. Azərbaycan Prezidenti yeni illə bağlı xalqa müraciətində bir daha vurğuladı ki, Ermənistana sülh üçün bu il sonuncu şans verilir”.

T.İsmayılovun fikrincə, bu baxımdan növbəti görüşdə sülh sazişinə doğru irəliləyişlər əldə oluna bilər: “Amma Avropa İttifaqı bu məsələdə daha kəskin və konkret mövqe tutmalıdır. Avropa İttifaqı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyinə daha ciddi nəzarət etməlidir”.

Hazırda Azərbaycan Zəfər günlərini yaşayır və növbəti möhtəşəm tədbirlərə hazırlaşır. Ən azı bu həftə hər hansı təşəbbüs gözlənilmir. Qarşıdakı həftədə Qərb mərkəzlərindən Rusiyanın sülh təşəbbüsünün qarşılığında növbəti görüş təklifi gəlsə, təəccüblü görünməz. Ayrı-ayrı mərkəzlərə Qafqazda əldə olunacaq sülh yox, daha çox bu sülhün harada əldə olunması daha çox maraqlıdır. Şübhəsiz ki, bu istək sonda gərginliyi tətikləyən amilə çevrilir...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR