İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova MDB-dən, Ermənistan KTMT-dən çıxmaq yolunda

740 28.03.2023 08:52 Siyasət A A

Ekspertə görə, Kişinyovun MDB-dən çıxmaq qərarı Rusiyanın qəzəbinə səbəb olmayacaq, amma İrəvanın...

Moldova hökuməti MDB İqtisadi Əməkdaşlıq Departamenti İcraiyyə komitəsinin şöbə müdiri - Baş direktor müavini Teodor Yovun geri çağırılması barədə qərar qəbul edib. Moldova Xarici İşlər və Avropa İnteqrasiyası naziri Niku Popesk bundan əvvəl təsdiqləmişdi ki, Kişinyov MDB ilə münasibətlərdən tədrici imtina barədə qərar qəbul edib.

Onun sözlərinə görə, ölkənin Avropa kursu üçün köhnəlmiş və buna uyğun gəlməyən müqavilələrin dayandırılması barədə MDB birgə layihələrindən tədricən çıxması prosesi gedir. Moldova Prezidenti Maya Sandu bəyan edib ki, Avrasiya vektoru və MDB çərçivəsində inteqrasiya ölkəyə müvafiq inkişafı gətirmir, bu zaman o, Moldovanın 2030-cu il üçün Avropa İttifaqına daxil olacağını anons etmişdi. Moldova MDB çərçivəsində imzalanan sazişlərdə çıxmaq niyyətini bu ilin fevralında bəyan etmişdi.

Xarici işlər naziri Niku Popesku deyib ki, ölkə MDB-nin 330-a yaxın sazişinin iştirakçısıdır və onların bir çoxuna yenidən baxılmalıdır: “Elə razılaşmalar var ki, ya bizə yaraşmır, ya artıq işləmir, ya tətbiq edilmir, ya da Moldovanın xeyrinə deyil”. N.Popesku xatırladıb ki, Moldova Aİ-yə daxil olmaq niyyətindədir, ona görə də bütün xarici siyasət məqsədləri və beynəlxalq təşkilatlarda iştirak Avropa inteqrasiyasına tabe olacaq: “Bunun əsasında MDB-dən məqsədlərimizə uyğun gəlməyən sazişlərdən çıxış davam edəcək ”.

Ermənistan da KTMT-dən çıxmaq yolunda çalışır. Martın 10-da Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bundan əvvəl bəyan edib ki, Ermənistan 2023-cü ildə ölkədə KTMT təlimlərinin keçirilməsini lazımsız hesab edir. 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. Görünən odur ki, Putinin qurduğu təşkilatlarda parçalanma meylləri güclənir.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Moldova qorxu içərisindədir: “Çox yaxın tarixə nəzər salsaq görərik ki, Dnestryanı bölgədə separatçı hərəkatın, sonra da bu hərəkatın müharibəyə çevrilməsinin və Moldovadan ayrılmasının arxasında həmin ərazilərdə çoxluq təşkil edən rus və ukraynalılar dururdu. Onlara da tam dəstəyi verən Rusiya idi. Həmin dövrdə Moldovaya da müəyyən köməkliyi Rumıniya etdi. Amma Kişinyova qələbə qazanmaq üçün bu yetmədi. Həmin dövrdə regionda dislokasiya alan Rusiya hərbi qruplaşmasının komutanı, məşhur general Lebed açıq şəkildə Rumıniyanı təhdid etmişdi ki, məsələyə qarışmağı buraxmasanız, tanklarımla Buxarestə gələcəm. Oxşar mənzərədir elə deyilmi?! Və rusların bu köhnə hədə-qorxu metodundan Moldova da, Rumıniya da geri çəkilməyə məcbur qalmışdılar. Və bununla da separatçılar Dnesteryanıda qələbə çalmışdılar. Moldova Avropanın ən kasıb ölkəsi sayılır. Son 30 ildə Moldova Rumıniya ilə Rusiyanın mübarizə səhnəsinə çevrilib. Təbii ki, biz Rumıniya deyəndə həm də kollektiv Qərbi nəzərdə tuturuq. Necə ki, Rusiya Federasiyası hədə-qorxu prinsipi ilə Dnesteryanını Moldovadan qoparmışdı. Eləcə də 100 il bundan əvvəl Moldova (Besarabiya) Sovet Rusiyasının Rumıniyaya ultimatumundan sonra Moskvanın nəzarətinə keçmişdi.

Moldova balaca ölkə də olsa, 30 ildir ki, bu dövlətdə 3 əsas etnik qrupun qarşıdurması gedir. Moldovanın titullu, yəni çoxsaylı xalqı rumınlardır, sonra Dnesteryanıda məskunlaşan slavyanlardır (ruslar və ukraynalılar). Üçüncü ən böyük xalq isə muxtariyyətə malik olan xristian-türklərdir (qaqauzlar). Qaqauzların muxtariyyət almaq tarixçəsinin arxasında da Türkiyə durur. O vaxt Türkiyənin başında duran Süleyman Dəmirəl Moldovaya dəstək əvəzinə, yerli xristian-türklərin muxtar status almasına müvəffəq olub. Düzdür, qaqauzlar mənşəcə oğuz türkləri olsalar da, dini baxımından pravoslav-xristianlardır və buna görə ruslarla da yaxınlıqları var. Bu yaxınlarda Moldovada dövlət dili rumın dili elan edildi. İnqilabdan sonra seçkilər yolu ilə rusyönümlü kommunistlərdən sonra qərbpərəst liberal-demokratlar və əsasən də Sandu iqtidarı tam şəkildə Rumıniya və Avropa Birliyinə inteqrasiya yolunu tutublar. Kişinyovu buna təkan edən həm də Rusiyanın Ukraynaya təcavüzü oldu. Moldovada çox qorxurlar ki, Ukraynadan sonra rus işğalının növbəsi onlara gələcək. Ona görə Moldova hər vəchlə Avropa Birliyinə inteqrasiya yolunu tutub. Proseslərin bu cür gedişi ortaya bir sual çıxarır: Bəs Brüssel 2030-cu ilə qədər Kişinyovu öz sıralarına qatmağa hazırdırmı? Fikrimcə, hazır deyil. Ukraynadan sonra Moldovaya görə Rusiya ilə növbəti eskolasiya yaşamaq Avropa Birliyinə lazım deyil. O ki qaldı MDB-yə, dəfələrlə söyləmişəm ki, bu qurum artıq formal xarakter daşıyır. Ələxsus da Rusiyanın Gürcüstan və sonra da Ukraynaya təcavüzündən sonra MDB birlik olaraq mənasnı itirib. Fikrimcə, MDB yaxın illərdə deformasiyaya uğrayıb buraxılacaq. O ki qaldı Ermənistanın KTMT-dən çıxmaq məsələsinə, indiki halda, zənnimcə, Paşinyan buna getməz. Lakin Azərbaycan-Ermənistan münasibətləri tam həllini tapsa, rəsmi İrəvan da Moskvadan qopmağa başlayacaq”.

Avropa üçün “qiyamət günü” yaxınlaşır”-Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov da çox vacib məqamlara toxundu: “MDB-nin fəaliyyətindəki funksionallıq itib və dəyərsizləşib. Ona görə də Moldovanın MDB-dən çıxmaq qərarı Rusiyanın qəzəbinə səbəb olmayacaq. Ancaq Moldovanın sonrakı etaplardakı addımları Rusiya tərəfindən ciddi təqib ediləcək. Bu təqibin ağlabatan nəticələr ərsəyə gətirməsi üçün Rusiya Moldovada kəşfiyyat fəaliyyətlərini gücləndirərək dövlət çevrilişinə cəhdləri şiddətləndirə bilər. Gürcüstan nümunəsinə istinadla belə məntiqi fikir çıxara bilərik ki, Moldovanın Rusiyadan sürətlə uzaqlaşmaq qərarı Dnestryanı münaqişənin həllini də kilidləyəcək. Yəni Moldova Rusiya ilə ipləri tamamilə qırsa, SSRİ-dən miras qalan münaqişənin ömrü növbəti 10 illiklər üçün də uzanacaq. Gürcüstan da iki ərazi konfliktini həll etmək üçün əlində olan rıçaqları itirib və belə getsə, həmin əraziləri, ümumiyyətlə, Qərb dəyərlərinə qurban vermək üçün qəti qərarlar çıxaracaq. Ermənistanla bağlı vəziyyətin mayası fərqlidir, yəni İrəvanın KTMT-dən çıxmaq qərarı gərilən dünya nizamında Rusiyaya meydan oxumaq cəhdidir. KTMT Rusiyanın NATO-ya qarşı qürrələnə biləcəyi, ancaq reallıqda NATO-nun qüdrəti qarşısında aciz hərbi-siyasi təşkilatdır. Ona görə də Rusiya Ermənistanın KTMT-ni tərk etmək qərarını xoş qarşılayan deyil. Çünki indiki anda KTMT ailəsindən boşanmaq ənənəsi Moskvaya sərf etmir. Lakin bir qədər irəli getsək, Rusiyanın Ermənistanın qərarının mümkün nəticələrinə qarşı uzaqmənzilli planlar hazırladığını söyləyə bilərik. Yəni Ermənistanın KTMT-yə "əlvida" demək ssenarisinə uyğun olaraq Rusiya Ermənistana hərbi güc tətbiq edə bilər. Hətta mümkündür ki, Rusiyanın planında Ermənistanı daimi ərazi münaqişəsi taleyi ilə üzləşdirmək xətti də yer alır. Rusiya Ermənistana qarşı həmlələrində Azərbaycanın potensialından yararlanmağa cəhd edir. Lakin Bakı özünün strateji maraqlarını üstün tutur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR