İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin payız sessiyasının son iclasında mühüm məsələlər müzakirə olundu - FOTOLAR

714 30.12.2023 17:58 Siyasət A A

Dekabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədri Fazil Mustafa, deputatlar Etibar Əliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Musa Qasımlı, Sahib Alıyev, Sədaqət Vəliyeva, Jalə Əhmədova, Pərvin Kərimzadə, Razi Nurullayev ölkə rəhbərliyini və xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə təbrik ediblər, bir sıra aktual məsələlərə toxunublar.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il dövlətimizin və xalqımızın tarixində əhəmiyyətli hadisələrlə zəngin və uğurlu bir il olub. Bu il çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilərək, Ümummilli liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edilib. Cari ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət bayrağımızın bütün ərazilərimizdə dalğalandırıldı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası təmin olundu. Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad bu ilin önəmli hadisələrindən biri oldu.

Qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atılıb. İşğaldan azad olunmuş ərazilərdə Böyük qayıdış üçün zəruri tədbirlər görülüb. Siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib. Dövlətimizin beynəlxalq mövqeləri güclənib. Beləliklə, “Heydər Əliyev İli”ndə Ulu öndərin bütün hədəfləri reallaşıb.

Deputatlar öz çıxışlarında bunların mümkün olmasının ölkədə həyata keçirilən milli maraqlara əsaslanan, müasir qlobal çağırışlara cavab verən uğurlu strateji kursun məntiqi nəticəsi olduğunu vurğulayıblar. Qarşıdan gələn 2024-cü il fevralın 7-də baş tutacaq növbədənkənar Prezident seçkilərini dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. O, birinci məsələnin “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi olduğunu deyib. Spiker beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini qeyd edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. O, son 30 ildə Ermənistan tərəfindən xalqımıza qarşı sistemli şəkildə aparılan terror siyasətindən, o cümlədən müharibə cinayətləri, soyqırım, etnik təmizləmə, mənəvi terror, Vətən müharibəsi zamanı mülki əhalimizə qarşı törədilən cinayətlər, ekosid, mina terroru barədə danışıb.

Komitə sədri “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi ilə bağlı məlumatında sənədin terrorçuluqla mübarizə sahəsində mühüm sənəd olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Əlavə Protokolun əsas məqsədi 2, 3, 4, 5 və 6-cı maddələrdə təsbit olunan əməllərə görə cinayət məsuliyyətini müəyyənləşdirməkdən və bununla da terrorçuluğun, onun mənfi təsirlərinin qarşısının alınmasına yönəlmiş səyləri artırmaqdan ibarətdir.

Qeyd edilib ki, sənəddə terrorçuluq məqsədilə birlik və qrupda iştirak etmənin, terrorla bağlı təlimlərin keçirilməsinin, terrorçuluq məqsədilə ölkə xaricinə səfər etmənin, belə səfərlərin maliyyələşdirilməsinin, bu səfərlərin təşkilinin izahı verilir. Tərəflərin bu məsələlərlə bağlı zəruri tədbirlər görmək öhdəliyi müəyyən edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Əlavə Protokolu müvafiq bəyanatlarla təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Əlavə Protokolun 7-ci maddəsinə müvafiq olaraq, terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidmətini təyin edir. Bu Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək. Əlavə Protokolun Azərbaycanın milli və dövlət maraqlarına uyğun olduğu bildirilib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin vacibliyini qeyd edib və rəhbərlik etdiyi komitənin məsələyə müsbət rəyini diqqətə çatdırıb.

Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Parlamentin spikeri Sahibə Qafarova növbəti məsələnin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib və bu sənədin də bir oxunuşda qəbul ediləcəyini söyləyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, layihə tələb olunan gücü 150 - 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Sənədə əsasən, tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda onların elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.

Deputatlar Vüqar Bayramov və Sabir Rüstəmxanlı layihə barədə fikirlərini və bəzi qeydlərini diqqətə çatdırıblar.
Parlamentin spikeri Sahibə Qafarova və komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Layihədə dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, habelə hərbi xidmət əleyhinə olan inzibati xətalar sırasına müvafiq olaraq cinayət və inzibati məsuliyyəti nəzərdə tutan yeni cinayət əməllərin və inzibati xətanın daxil edilməsi, habelə bu hüquqazidd hərəkətlərin törədilməsinin qarşısının alınması məqsədilə iki sahəvi normativ hüquqi akta müvafiq məzmunda dəyişikliyin edilməsi nəzərdə tutulur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bu komitələrin məsələ ilə bağlı müsbət rəy verdiyini söyləyiblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, qanun layihəsinin əvvəlki oxunuşlar zamanı geniş müzakirə olunduğunu, sənədlə bağlı heç bir təklif və iradın olmadığını bildirib.

Layihə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova digər iki məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sədr qeyd edib ki, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, qeyd edib ki, Qanunun preambula hissəsinə və 11 maddəsinə təklif olunan əlavə və dəyişikliklər ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsi və vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət edir.

Komitə sədri diqqətə çatdırıb ki, sənəddə məişət zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxsin, eyni zamanda, bu kimi halların qarşısının alınmasına cavabdeh olan vəzifəli şəxsin məsuliyyətinin artırılması, zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyaların nisbətən sərtləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi və digər məsələlər öz əksini tapıb.

Bildirilib ki, məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsinin gücləndirilməsi üçün Qanunun preambula hissəsindən və bir neçə maddəsindən “yaxın” sözünün çıxarılması təklif edilir. Burada əsas məqsəd təkcə yaxın qohum deyil, ümumiyyətlə qohumluq münasibətindən istifadə etməklə hər hansı şəxsə qarşı törədilmiş məişət zorakılığı halının qarşısını almaqdır. Qanunun 2 maddəsində “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması təklif olunur. Təcrübədə, bəzən barışdırıcı mövqe ailədə konfliktli vəziyyəti daha da dərinləşdirir. İnsan özü seçim etməlidir və qarşı tərəf də bu qərara hörmətlə yanaşmalıdır.

Hicran Hüseynova qeyd edib ki, dəyişikliklərdən biri də zərurət olduqda zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi məsələsidir. Bununla yanaşı, layihədə, qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək, uzunmüddətli orderin müddətinin isə 60 gündən 180 günədək artırılması nəzərdə tutulur. Sənəddə uşaq hüquqlarının daha effektiv qorunması üçün əlavə və dəyişikliklər də təklif edilir. O, deyib ki, digər vacib məsələ qabaqlayıcı və profilaktik tədbirlərin həyata keçirilməsi, insanların daha erkən vaxtda bu məsələlər haqqında maarifləndirilməsidir. Bununla bağlı təhsilin müxtəlif pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa qarşılıqlı hörmət, qarşılıqlı yardım, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi məqsədəmüvafiq hesab olunur.

Komitə sədri bildirib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması məqsədilə mövcud Qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Layihədə, həmçinin Qanunun bir sıra maddələrində dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklər edilməsi də nəzərdə tutulub.

Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Burada “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunun yeni layihəsindən irəli gələn yeni əlavə və dəyişikliklər öz əksini tapıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov sənəd barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan məsələlərlə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb. O, habelə Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu deyib. Komitə sədri, həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulmasına dair sanksiyaların daha da sərtləşdirilməsi, qısamüddətli mühafizə orderinini verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məsələlərlə bağlı rəhbərlik etdiyini komitənin müsbət rəyini bildirib. Məsələlər ətrafında müzakirələrdə komitə sədri Fazil Mustafa, deputat Nigar Arpadarai fikirlərini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır. Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Nurlan Həsənova söz verib.

İclasda deputat Nurlan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətini oxuyub.
Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, müraciətin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan mətni mətbuatda əlavə dərc olunacaq.

Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasının son iclasına yekun vurub. Sədrin çıxışı Musavat.com-da ayrıca dərc olunub. Milli Məclisin sədri bildirib ki, qarşıdan bayramlarımız gəlir. Sabah xalqımız Dünya azərbaycanlılarının həmrəyliyi gününü, daha sonra isə Yeni ili qeyd edəcəkdir. Sahibə Qafarova təklif edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni böyük uğurlar arzulayaq.

Spikerin təklifi alqışlarla qarşılanıb. Parlamentin sədri qarşıdan gələn bayramlar münasibəti ilə hamını, həmçinin iclası izləyən media nümayəndələrini səmimi qəlbdən təbrik edib, hamıya can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışının sonunda parlamentin sədri Milli Məclisin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2023-cü il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.

Hazırladı: E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR