İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsum muzeyi

1843 31.03.2023 09:15 Yazarlar A A

NATO Ukraynaya ciddi silah yardımı edir, lakin son zamanlar bu işdə qəribə problem yaranıbdır. Cəbhədə ən çox işlənən artilleriya mərmiləridir, bunları Norveçdə istehsal edirmişlər. Həmin zavodun yaxınlığında isə Tik-Tok sosial şəbəkəsinin data mərkəzi, serverləri yerləşir. Həmin serverlər olduqca böyük miqdarda enerji sərf edirmiş, nəticədə... mərmi zavoduna enerji az çatırmış.

Deməli, sən əgər bu gün hansısa gicbəsər, şit zarafat videolarını, axmaq nəsihətləri, “qayırma hədisləri”, büzmədodaq qızları və tənbəl pişikləri izləmək üçün Tik-Tokdan sallaşmısansa, bunu bilməlisən: Putinin müttəfiqisən. Dolayısı ilə belədir. Kəpənək effektinin bir formasını müşahidə etməkdəyik.

Ümumiyyətlə, dünyamız qəribəliklərlə, maraqlı hadisələrlə doludur. Ən çox da insanlar maraqlıdır. Bir Hacı Xaliq Bəşər adlı unikal yoldaş var. Əslində adı Xaliq Əhmədzadədir, lakin özünə bu cür titul və ayamalar yapışdırmaqla xeyli adama kəf gəlmişdir. Bir ara hətta AMEA Fəlsəfə və Hüquq İnstitutunu qazlamış, orada özünü alim kimi sırımışdı. Arada dələduzluğa görə tutdular, həbsdə yatdı. Keçən həftə isə nə görürəm? İnternetdə Vəkillər Kollegiyasının adından müraciət yayılmışdı: “Hacı Xaliq Bəşər özünü vəkil kimi təqdim edir, lakin bildiririk ki, bizim kollegiyanın belə bir üzvü yoxdur. Yalandan özünü vəkil kimi tanıtmaq qanunla məsuliyyət yaradır” və sairə.

Sıra kimdədir? Güman edirəm Səhiyyə Nazirliyində. Çünki Xaliq müəllimin təbabətə keçəcəyi haqda böyük ehtimallarım var. Gəlirli sahədir, niyə də keçməsin? Onda da SN açıqlama verəcək: “Hacı Xaliq Bəşər adlı həkimimiz yoxdur”.

İnsanın adı onun taleyində nəsə rol oynayır. Xaliq müəllim bəşəriyyətin, xalqın bütün fəaliyyət sferalarında özünü sınamalıdır.

Keçən günlər ismi-şərifi ilə diqqətimizi çəkən daha bir gözəl yoldaş gündəmə gəlmişdi. Gömrük Komitəsində əməliyyat və istintaq şöbəsinə başçılıq etmiş general-mayor Məsum Rəsulov martın 18-də ev dustaqlığına buraxıldı. Məsum müəllim 2022-ci ilin yayında külli miqdarda dövlət vəsaitini yemək, vəzifə saxtakarlığı ittihamları ilə həbs olunmuşdu. Lakin heç 1 il həbsdə qalmadı. Deyirlər Məsum müəllim dövlətə vurduğu ziyanı ödədiyi üçün ev dustaqlığına buraxılmışdır. Ev demişkən, cinayət işində onun Fatmayı tərəflərdəki şəxsi villasının adı keçirdi. Gömrükdə müsadirə olunan malları Məsum müəllim qanunsuz şəkildə villasına daşıyır, orda açdığı dükanda satırmış. Məsələn, ordu üçün nəzərdə tutulan malları, siqaret və sairəni.

İndi maraqlıdır, əgər ziyanın yarısını ödəmək qanunla ev dustaqlığı şəraiti yaradırsa, vəzifə səlahiyyətindən sui-istifadəni necə aradan qaldırmaq olar? Bəlkə Məsum müəllimə imkan verilib, qayıdıb gömrükdə təzədən işləyib, bu dəfə səlahiyyətləri sui yox, sadəcə, istifadə eləyib? Nə bilək...

O cümlədən təklif edirəm Məsum müəllimin həmin villasında muzey yaradılsın. Təxminən oxşar fəaliyyəti Nobel ödüllü türk yazar Orxan Pamuk göstərmişdir. Onun “Məsumiyyət muzeyi” adlı gözəl romanı var. Roman nakam bir eşqin fonunda İstanbul şəhərinin əşyalar tarixini əks etdirir. Sonra Pamuk həmin minlərlə əşyaları yığdı, İstanbulda bir bina alıb orada romanın muzeyini açdı. İndi biz Məsum Rəsulovun villasında “Məsum muzeyi” açaq. Ora gömrük generallarından müsadirə edilən əşyaları, qızıl saatları-filanları toplayaq.

Sizi əmin edirəm ki, muzeyin ziyarətçi sarıdan qəti problemi olmaz. Hər gün aşıb-daşar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR