İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsuliyyətli Məsum müəllimin məhsulları

1920 20.10.2022 12:08 Yazarlar A A

Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulovu yayda vəzifə səlahiyyətlərini aşmaq və kütləvi yeyinti maddələri ilə cinayət məsuliyyətinə cəlb ediblər, bugünlərdə onun əhvalatından bir maraqlı detal ortaya çıxdı: sən demə Məsum müəllim gömrükdə müsadirə olunan, poliqonda məhv ediləsi malları Fatmayıdakı 2 hektarlıq, 3 mərtəbəli villasına daşıyır, sonra dükanlarında satdırırmış.

Doğrudan da məhsul niyə batsın? Məsum müəllim məhsulun dövriyyəsini məsuliyyətlə, məsləhətlə müsadirə edib məsafədəki bağında məsləkdaşları ilə məsrəf edir, bu zaman məst və məsud olur, Məstanıyla da arada oynayıb məscidə toplaşan Masazır əhalisinə məktub yazırdı...

Nəsə, kim istəsə bu təzə yanıltmacdan “Azərbaycan dili” dərsində yararlansın, halal xoşunuz, heç müəllif haqqı da istəmirəm.

İndi mənim ağlıma belə bir zad gəlib ki, bəlkə də son vaxtların qıtlıq və inflyasiyası Məsum müəllim kimi kadrlara qarşı səlib yürüşüdür. Siz onu tutmusunuz, bazarda mal azalıb. Yəqin indiki gömrük generalı sərhəddə əlinə keçəni aparıb poliqonda həqiqətən yandırır. Hələ Fatmayıda yeri təzə götürdüyünə görə. Villa tikiləsi, altında anbar açılası, dükan tikiləsi... Bunlar uzun işdir. Bəs o vaxtacan xalq nə yeməlidir? Təklif edirəm Məsum müəllimi gömrüyə qaytaraq. Dövlətçiliyimizə ziddir.

Prinsipcə, bu bizim dövlətçilik tarixində ilk hadisə deyildir, yadıma gəlir, bir dəfə Bakıda hansısa polis şöbəsinin rəisini tutmuşdular, o da camaatdan müsadirə elədiyi narkotikləri həm özü damara vururdu, həm xalqa satırdı. Rayonda tində duran camaatın hamısı rəisin başına and içirdi.

Bəzi işlərdə bunu qanuna salıblar. Məsələn, yol polisi adamı cərimə eləyəndə neçə faizsə yol polisinin cibinə gedir. Niyə bu iş başqa idarələrdə də olmasın? O cümlədən hərdən köşə yazarlarına ortadan yazmağa icazə verilməlidir. Qanun qarşısında hamımız bərabərik.

Yadıma bir lətifə düşüb, mütləq yazmalıyam, yoxsa elə oxucular var 2000-ci ildə doğulub (!!!), bizim şanlı 90-cı illərimizi görməyib. O vaxt Tahir Əliyev adında bir tip vardı, bunu gömrüyə sədr qoymuşdular, axırda da “Yığdığımızın hamısı rüşvət deyil, içində rüsumlar da var” afyorizmini istehsal edib harasa vasil oldu. Xülasə, bu yoldaş haqda “Çeşmə” satirik qəzeti (təsəvvür elə, necə bardaq zaman idi, hətta qəzetin satiriki də çıxırdı) yazmışdı ki, Tahir müəllimi gətirirlər gömrüyə, iş yeri ilə tanış olmağa başlayır. Bir-bir otaqları gəzirlər, görür bir otaqda masanın üstünə çoxlu qızıl-brilyant yığılıb. Soruşur, bu nədir, deyirlər qaçaqmaldır, müsadirə etmişik. Keçir başqa otağa, görür bu da ağzınacan valyuta doludur. İzah edirlər ki, bunu qanunsuz keçirirdilər. Nəsə, yalan olmasın, otuz doqquz dənə belə ləl-cəvahirat otağı gəzirlər, qırxıncı otağın qapısını açıb kreslonu göstərirlər, deyirlər bu da sənin kabinetin, maaşın isə filan qədər olacaqdır. Tahir müəllimin təəccübdən gözü kəlləsinə çıxır: “Hələ mənə maaş da verəcəksiniz?”

Lakin qəribədir, xalqımız gömrükdəki vəziyyəti müzakirə etməyə aludə olmur, məktəbdəki direktor fincanları təzə iş yerinə aparanda isə qırğın-qiyamət qopdu. Halbuki fağır onu köhnə məktəbə də elə evindən aparıbmış. Deyir qonaq-qaramız çox olurdu, çay içirdik.

Əslində bu xərcləri dövlət büdcəsinə salmaq yaxşı olardı, lazımsız müzakirələr açılmazdı. Hər məktəbə samovar, palatka, qatlama stul, manqal, bozbaş qazanı, kömür, şiş, yonma stəkan, vanna, vedrə, şezlonq, çətir və sairə vəsaitlər verilməlidir. Yoxsa uşaqlar sinifdə mürəbbə, yumurta-pomidor bişirəndə əziyyət çəkirlər.

Təhsillə bağlı təkliflərim çoxdur, qalanını özümdə saxlayıram, təklif çox olanda devalvasiyaya uğrayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR