İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur dondurma şirkətindəki 6 milyonluq yeyintinin araşdırılması tələb olundu – ŞOK TƏFƏRRÜAT

1045 16.07.2024 14:57 Kriminal A A

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur dondurma istehsalçısı olan şirkətlərlə keçmiş işçiləri arasında məhkəmə çəkişməsi var.

Musavat.com xəbər verir ki, “AER Company Qrup” və “Master Milk” MMC-lərin 10-dan çox işçisi Xətai Rayon Məhkəməsinə iddia təqdim ediblər.

İddiaçılar MMC rəhbərliklərinin hərəkətlərinin qanunsuz hesab olunması, əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması tələbi ilə çıxış ediblər. İşçilər iddialarında yazırlar ki, 2006-cı ildən başlayaraq 2023-cü ilədək cavabdeh “AER Company Qrup” MMC-də və sonradan “Master Milk” MMC-də çalışıblar.

İddiaçılar qeyd ediblər ki, MMC-lərin rəhbərliyi qanunlardan kənar fəaliyyət göstərib, barələrində ayrı-ayrılıqda əsassız sənədlər tərtib edərək onlarla əmək münasibətlərinə xitam verib. Lakin münasibətlər bununla bitməyib, onları işdən azad etdikdən sonra cavabdehin rəhbərliyi və təsisçisi saxta sənədlər tərtib etməklə barələrində məhkəmələrə əsassız iddialar veriblər. Bu məqsədlə 100-ə yaxın işçi qanunsuz işdən azad edilib, xeyli işçi əsassız məhkəmə çəkişmələrinə cəlb olunub, saxta aktlar və qaimələr tərtib olunaraq əsassız varlanma yolu ilə mənfəət əldə edilib.

Məhkəmə araşdırmaları nəticəsində MMC rəhbərliyinin saxta sənədlər tərtib edib istifadə etdiklərinə görə barələrində xüsusi qərardad qəbul edilib.

Xüsusi qərardad Xətai Rayon Prokurorluğuna göndərilib. Şikayətçilər vurğulayır ki, xüsusi qərardad üzrə bu günə qədər qanuni qərar verilməyib.

Musavat.com xəbər verir ki, buna görə də iddiaçılar Bakı şəhər prokuroru Elşən Abbasova şikayət ediblər.

Surəti Xətai prokuroru Sərdar İmanova göndərilən şikayətdə qeyd olunur ki, 17 aprel 2024-cü ildə Şirvan Kommersiya Məhkəməsi “AER” firmasının rəhbərliyi barədə qərardad çıxararaq araşdırılması üçün Xətai Rayon Prokurorluğuna göndərib.

Şikayət məktubundan sitat:

“Lakin saxta sənədlərin tərtib və istifadə edilməsi ilə bağlı araşdırma qanuna zidd davam etdirilib, cinayət faktları ört-basdır edilib. Ona görə ki, hazırda həmin işə heç bir prokuror nəzarəti yoxdur. Odur ki, araşdırmaya etiraz edərək, aşağıda qeyd etdiyim halların və faktların araşdırılaraq cinayət işinin başlanmasını xahiş edirəm.

1) 15.05.2020-ci il tarixli saxta üzləşmə aktının 2022-ci ilin sonlarında “Master Milk” MMC-nin işçisi Azər Mikayılovun yazdığı (icra etməsi) məlum olub. Bu barədə Mikayılov Azər öz ifadəsində həmin saxta üzləşmə aktının Şərifov Elşən tərəfindən ona yazdırıldığını etiraf edib. Saxta üzləşmə aktına kimin imza etməsini aydınlaşdırmaq üçün aşağıda adları göstərilən şəxslərdən izahat və imza nümunələrinin götürülməsi zəruridir -Şərifov Adil, Şərifov Rövşən, Şərifov Aqşin, Şərifov İlham, Şərifova Rəmziyə.

2) 15.05.2020-ci il tarixli saxta üzləşmə aktı ilə bağlı Adil Şərifov və Elşən Şərifov həmin saxta üzləşmə aktının kim tərəfindən icra edilməsini bilmədiklərini, bu işə Azər Şükürovun rəhbərlik etdiyini və onun biləcəyi ilə bağlı ifadə veriblər. Lakin araşdırma nəticəsində bunun da yalan - əsassız olduğu üzə çıxdı. Belə ki, 15.05.2020-ci il tarixli saxta üzləşmə aktının Elşən Şərifovun tələbi ilə Mikayılov Azər tərəfindən icra edildiyi məlum oldu. Bununla belə, ifadə verərkən Elşən və Adil Şərifovlar yalan ifadə verməməklə bağlı iltizama qol çəkiblər.

Məqsəd istintaqı yayındırmaq, Azər Şükürova şər atmaq, yalan danışmaq. Ümumiyyətlə, bu saxta üzləşmə aktının yazılmasında məqsəd nə olub? Bu fakt dərhal araşdırılmalıdır.

3) Şikayət etdiyim MMC-nin rəhbərliyi ifşa olunacağı və həbs ediləcəyini dərk etdiyinə görə saxta akt tərtib edərək ciddi mühasibatlıq sənədlərinin yandırıldığını bildirir. Həmin sənədlərin - sübutların məhv edilməsi haqda 10.08.2020-ci il tarixli aktı inkar edən (sənədlərin yandırılması) şahidlər var. Həmin dövrdə MMC-də işləmiş Azər Şükürov və Bəhruz Məmmədli sənədlərin yandırılmadığını təsdiq edə bilərlər. Bu sənədin - aktın 2023-cü ilin sentyabrında yazıldığı təxmin edilir. Ona görə də adları göstərilən şəxslərin - Şərifov Elşən, Nəcəfova Ceyran, Orucov Sahil, İbrahimova Fasilənin məqsədlərinin nə olmasını araşdırmaq üçün ifadələri alınmalı və üzləşdirmə təşkil olunmalıdır.

4) 15.05.2020-ci il tarixli saxta üzləşmə aktı ilə bağlı ifadə vermiş Nəcəfova Ceyran bu aktla bağlı heç nə bilmədiyini qeyd edir. Bildirirəm ki, həmin saxta üzləşmə aktını yazan Mikayılov Azər və Nəcəfova Ceyran bir ofisdə işləyirlər. Yəni öz əməkdaşının xəttini tanımaması qeyri-səmimidir. Ona görə də bu faktlar yenidən araşdırılmalı və yenidən ifadələri alınmalıdır.

Nəcəfova Ceyran illərdir işçilərin DSMF ödənişlərinin mənimsənilməsində şəxsən iştirak edib.

5) Xətai Rayon Prokurorluğunda və Şirvan Kommersiya Məhkəməsində ziddiyyətli ifadələr vermiş şahid Əliyeva Gültəkindən nəyə görə bu günə kimi yenidən ifadə alınmayıb?! Halbuki Əliyeva Gültəkin yalan ifadə verməyə görə iltizama imza edib. Gültəkin Əliyeva Adil Şərifovun təsiri altındadır. Əliyeva Gültəkindən yenidən ifadə alınması vacibdir, həmçinin mənimlə üzləşdirilməsini tələb edirəm.

6) 04.05.2024-cü il tarixdə Sizin iştirakınızla keçirilən qəbulda Xətai prokuroru faktlara görə cinayət işinin başlayacağnı və məni hüquqşünas Tahir Teymurovla birgə qəbul edəcəyini bildirdi. Lakin sonradan cinayət işinin başlamasının rədd olunması haqqında qərar qəbul edir. Xətai prokuroru faktlara əsasən cinayət işini başlamaq əvəzinə rəhbərlik etdiyi müstəntiqin vasitəsi ilə cinayət işi materiallarını ayrı-ayrı epizodlara “parçalayır” və xitam qərarı qəbul edir. Qanuna görə, rayon prokurorluğu bunun əksini etməlidir, yəni epizodlar birləşdirilməli, MMC-in rəhbərliyi barəsində cinayət işi başlamalı, rəhbərlik barəsində həbs qərarı qəbul edərək cinayət işinin istintaqı davam etdirilməlidir. Baş verənlər işin süründürülməsinə və cinayət faktlarının ört-basdır edilməsinə yönəlib.

Qanuna görə, rayon prokuroru istintaqa nəzarət etməlidir. Bir neçə dəfə MMC rəhbərliyinin 6 milyondan çox (bank krediti) dövlət vəsaitinin mənimsədiklərini konkret faktlarla göstərmişəm. Lakin prokurorluq heç bir qanuni tədbir görmür, araşdırma aparmır. Halbuki mənimsəmə cinayəti ilə bağlı araşdırma aparma prokurorluq orqanlarının səlahiyyətinə aiddir. Odur ki, qanunla müyyən edilmiş tədbirlər görülməsini, cinayət faktları üzrə cinayət işinin başlanmasını və “AER” firmasının cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verilməsini xahiş edirəm”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR