İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənsum İbrahimov: “Onların faciəsini eşidəndən özümə gələ bilmirəm...” - VİDEO

758 15.02.2023 14:38 Gündəm A A

Xəbər verdiyimiz kimi, Xalq artisti, muğam ustadı Mənsum İbrahimov qardaş Türkiyədə baş verən dəhşətli zəlzələyə öz ifası ilə mənəvi dəstəyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, muğam ustadı “Sən neyçün ağlarsan, mən duran yerdə” adlı ifasını sosial şəbəkədə paylaşaraq, “Başın sağ olsun, Türkiyəm! Acın acımızdır. Bir millət, iki dövlət, Azərbaycan, Türkiyə!”, - deyə qeyd edib. Xalq artistinin bu ifası həm Azərbaycan, həm də Türkiyə sosial şəbəkə izləyicilərini göz yaşlarına boğub.

Mənsum İbrahimov bununla bağlı Musavat.com-a danışıb:

“Bu zəlzələ çox böyük, dəhşətli faciədir. On minlərlə insan dağıntılar altında dünyasını dəyişib. O insanların da hamısı bizim öz millətimiz, özümüzünküdür. Bütün Azərbaycan, böyükdən kiçiyə hər kəs, hər birimiz öz içində bu yası saxlayır, əlindən gələn maddi və yaxud mənəvi dəstəyi etməyə çalışır. Mən də bir sənətkar olaraq öz mənəvi dəstəyimi verməyə çalışdım və dostlarımızla bir yerə yığışaraq, bu ifanı ərsəyə gətirdik. İki gündür ki, Türkiyədən mənə xeyli zənglər gəlir, bu cür mənəvi dəstəyə görə təşəkkürlər edilir. Hətta “Anadolu” agentliyi, Azərbaycanın Türkiyədəki səfirliyi də bu ifanı paylaşdı. Bu bizim hər birimizin qəlbinin ağrısı, acısıdır. Heç kim heç kəsə tapşırıq vermir ki, hansısa dəstək göstərsin. Cavanı, qocası evində olanını, hətta qızının cehizini yardıma göndərir, kimisi borc pul alıb, yardıma keçirir. Bu, bir daha bizim bir millət olduğumuzun göstəricisidir”.

Mənsum İbrahimov zəlzələdə dağıntılar altında dünyasını dəyişən azərbaycanlı tələbələrlə bağlı da acısını bölüşüb:

“Neçə müddət idi ki, bütün ölkə olaraq tələbələrimizin dağıntılar altından sağ çıxacağını gözləyirdik. Çox təəssüf ki, ötən axşam onlarla bağlı acı xəbəri aldıq. Bu, əlbəttə ki, çox böyük faciədir və valideynlərinin hansı vəziyyətdə olduqlarını təsəvvür etmək olar. Övlad böyüdüb, oxumağa göndərəsən, amma bu cür faciəvi hadisə baş versin... Ötən gün bu acı xəbəri alandan hələ də özümə gələ bilmirəm. Ümumiyyətlə, zəlzələ baş verəndən yuxum pozulub, beynimiz ancaq ordan gələn xəbərlərlə işləyir. Bütün günü xəbərləri izləyirik ki, insanlar dağıntılar altından sağ olaraq çıxarılsın, itkilərin sayı artmasın. İnanıram ki, Türkiyə bu bəlanı da geridə qoyacaq, ona sinə gərəcək. Türkiyə bizim üçün yeganə arxa-dayağımız olan dövlətdir və öz millətimizdir. Allah ölənlərə rəhmət etsin. Türkiyənin acısı bizim acımızdır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR