İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məhkəmə Mövlam Şıxəliyevin sifarişi ilə süni şəkildə uzadılır” -Zərərçəkənlər etiraz edir

840 01.11.2023 15:22 Kriminal A A

 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş idarənin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov, Vüsal Ələkbərovun barələrindəki qərardan kassasiya şikayəti üzrə iclasın qeyri-müəyyən vaxta qədər təxirə salınması zərərçəkənlərin narazılığına səbəb olub. Zərərçəkənlər hesab edirlər ki, məhkəmənin bu şəkildə uzadılması Mövlam Şıxəliyevin maraqlarına xidmət edir, onun diqtəsi ilə iclasın mümkün qədər uzadılması üçün addımlar atılır. Hətta iddia edirlər ki, işə baxan Ali Məhkəmə hakimi Nazim Mövsümov Mövlam Şıxəliyevin maraqlarını təmin edir. Bildirirlər ki, Mövlam Şıxəliyevin saxlandığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən sifarişə bənzər müraciəti də hakimlə münasibətlərinə söykənir. Əks halda Mövlam Şıxəliyev şərt kəsirmiş tonunda Ali Məhkəməyə məktubla müraciət etməzdi. 

Yada salaq ki, Ali Məhkəməyə Mövlam Şıxəliyev və digər 3 işçisi kassasiya şikayəti təqdim ediblər. Məhkum MTN-çilər barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb ediblər.

Musavat.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır. Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarını da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı kassasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın.

Oktyabrın 18-də Ali Məhkəmədə keçirilən iclasda şikayət vermiş məhkumlardan yalnız Sahib Ələkbərov iştirak etmişdi. Həmin iclasda sədrlik edən hakim Mövlam Şıxəliyevin məktubunu elan etmişdi. Mövlam Şıxəliyev məhkəməyə göndərdiyi naməsində iclasda iştirakının bir şərtlə təmin olunmasını istəyib. O, hazırda saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmədən, birbaşa Cəzaçəkmə Müəssisəsindən məhkəməyə gətiriləcəyi halda iştirak etməsini ifadə edib. Əks halda kassasiya şikayətinə onun iştirakı olmadan baxılmasını tələb edib.

Hakim isə bildirmişdi ki, belə bir prosedur qayda müəyyən edilməyib.

İclasda o da bəlli olmuşdu ki, Sahib Ələkbərovun vəkili Vüsal Orucov oktyabrın 17-də kassasiya şikayətinə əlavə təqdim edib. Hakim yerindəcə müşavirə keçirib kassasiya şikayətinə əlavənin tərəflərə çatdırılması üçün iclasın qeyri-müəyyən vaxta qədər təxirə salınması ilə bağlı qərar vermişdi.

Zərərçəkən Əfsəl Həsənəliyev “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyev həbsdə də mütəşəkkil cinayətkar dəstəsinin üzvləri olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovu idarə edir: “Hər 3 polkovnik Mövlam Şıxəliyevin idarəsində şöbə rəisləri olub, onun qanuni-qanunsuz göstərişlərini icra ediblər. Bu gün də onun dediyi ilə oturub-dururlar. Sahib Ələkbərovun vəkilinin kassasiya şikayətinə əlavəni məhkəmə iclasına 1 gün qalmış təqdim etməsi də təsadüfi deyil. Başqa bir məhkum Mövlam Şıxəliyevin yazdığı tərzdə Ali Məhkəməyə müraciət edə bilər? Deməli, ona belə bir özbaşınalıq üçün şərait yaradılıb. Necə yəni mən Bakı İstintaq Təcridxanasına getmirəm? Məgər bunu sən müəyyən edirsən? Ali Məhkəmə sədrindən xahiş edirəm ki, bunların oyununu pozsun. Məhkəmə Mövlam Şıxəliyevin sifarişi ilə süni şəkildə uzadılır. Bunun qarşısı alınmalıdır!”

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. Bu ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

 

E.MƏMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR