İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhərrəm ayı başladı

3701 19.07.2023 10:38 Mənəviyyat A A

İyulun 28-də Aşuradır

Bu gün Məhərrəm ayının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

Onu da qeyd edək ki, hər il Məhərrəm ayında, “Aşura” günündə qanvermə aksiyaları keçirilir. Əzadarlıq ayinləri isə qadağan edilib.

Qafqaz Müsəlmanları İdarəsinin saytında qeyd olunmuş məlumata əsasən, əsrlər boyu Azərbaycanda ənənəvi olaraq keçirilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir. O da qeyd olunur ki, Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirib, din, Vətən və ailə şərəfi uğrunda fədakarlığın və mükəmməl əxlaqın parlaq təzahürünü yaradıblar. Bu mənada İmam Hüseyn məktəbi - Allah, Vətən və xalq naminə şəhadətin nümunəvi göstəricisi, mənəvi-əxlaqi dəyərlər müstəvisində danılmaz yeri olan dini-tarixi örnəkdir", - deyə məlumatda vurğulanır.

Rəsul Mirhəşimli - 55

 Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli də “Yeni Müsavat”a Məhərrəm ayının fəzilətləri barədə danışıb. O qeyd edib ki, müsəlman təqvimində hicri-qəməri zaman anlayışı ilə Məhərrəm ayının 1-i, Yeni il başlayır. İyulun 19-na keçən gün hicri təqvimi ilə 1445-ci ilin gəldiyini göstərir. Məhərrəm ayı dinlər tarixinə müxtəlif hadisələrlə düşüb. Rəvayətlərə görə, Məhərrəmin 10-u Hz. Adəmin (ə) bağışlandığı, Hz. İbrahimin (ə) atəşdən xilas olduğu, Hz.Nuhun (ə) gəmisinin quruya çıxdığı, Hz. Əyyubun (ə) şəfa tapdığı və sairə hadisələrlə zəngindir. Lakin 10 Məhərrəm (Aşura) İslam tarixinə Kərbəla faciəsi ilə düşüb. Həmin gün peyğəmbərimiz Hz.Məhəmmədin (s) sevimli nəvəsi Hz.Hüseyn (ə) əqidədaşları və ailə üzvləri ilə bərabər Yezidin göstərişi ilə Kərbəla çölündə faciəli şəkildə qətlə yetirilib. Kərbəla hadisələri İslam tarixində müstəsna yer tutur. Bu hadisə əqidəsi uğrunda savaşmağın, zülmə baş əymədən şəhidlik məqamını seçən Hz.Hüseynin qurduğu şəhidlik məktəbidir. Əsrlərdir ki, bu məktəbdən təkcə müsəlmanlar deyil, dünyanın başqa din mənsubları da öyrənməyə davam edir.

Hindistan milli-azadlıq hərəkatının lideri Mahatma Qandinin xalqına müraciətində də Hz.Hüseynin yolunu seçmək tövsiyəsi var. Onu da qeyd edim ki, Kərbəla hadisələri ilə bağlı danışanlar bəzən bunu yalnız şiə məzhəbindən olan müsəlmanların matəm günləri kimi təqdim etməyə çalışır. Halbuki Qurani-Kərimdə Əhli-Beyti sevmək Allahın bütün müsəlmanlara buyruğudur. Bundan əlavə, Hz.Hüseyn Cənnət gənclərinin rəhbəri olaraq, bütün müsəlmanlar tərəfindən qəbul edilən şəxsiyyətdir. Əhli-sünnə məzhəblərindən birinin qurucusu Əbu Hənifənin (r.a) dediyi kimi: “Biz Bədrdə Muhəmmədi, Kərbəlada Hüseyniyik”.

İlahiyyatçı məhz bu ayda bəzilərinin insanlar arasında nifaq salması, müsəlmanları aşağılamasına belə fikir bildirib: “Məhərrəmlik müsəlmanlar üçün həssas tarixdir. Bugünlərdə matəm saxlayan müsəlmanları qeyri-etik hərəkətlərlə hədəfə almaq ilk növbədə insanlıqdan kənar davranışdır. İnsanlıq yas tutan insanlara sayğı ilə yanaşmağı təlqin edir. İslam bizim dinimizdir, bu dinin mənsublarına qarşı insanlıqdan kənar davranmaq ölkə qanunvericiliyi ilə də qadağan olunan məsələdir.  Aşuranın fəlsəfəsini öyrənmək istəyənlər üçün bir neçə məqama da diqqət yetirmək lazım gəlir. Kərbəla hadisələrini yığcam şəkildə ifadə etməyə çalışsaq, bu gerçəklik ortaya çıxacaq: Aşura - Yezidin körpə Əliəsğərə məğlub olduğu gündür. Aşura - müsəlmanların səfinin bəlli olduğu gündür. Ya Hz.Hüseynin (ə) yanında yer alacaqsan, ya da Yezidin. "Kərbəlada gözəllikdən özgə bir şey görmədim", deyən Hz.Zeynəbin (s.ə) Yezidin sarayını titrətdiyi gündür Aşura. “Bədrin qisasını aldım” deyən zalım Yezidin “Kərbəlada baş verənlərdən xəbəri yox idi”, sərsəmləməsinin yeri yoxdur bu meydanda. Ya Haqq ilə olacaqsan, ya da batillə".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR