İnsanlara hürriyət, millətlərə istiqlal!

Masonların xəbərçilikdə uduzması

1390 24.10.2023 10:55 Yazarlar A A

Meydan hərəkatı vaxtı bizdə kimisə qaralamaq çox asan idi, yetərdi tribunada dayanan yoldaşlardan biri barmağını həmin adama tərəf tuşlasın, “o, erməniyə oxşayır” desin. Hələ bir “fındıq” testi də vardı, deyirdilər erməni dilində “f” hərfi yoxdur, şübhəli şəxsdən tələb olunurdu “fındıq” söyləsin. Doğrusu, bu testin nə qədər elmi məna daşıdığını indiyəcən dəqiq bilmirəm. Hər halda, müəyyən şübhələrim qalır. Məsələn, erməni əsilli, çox məşhur sovet aktyoru var idi, Frunzik Mkrtçyan. “Mimino” kinosunda milli dolmamızı oğurlamağa cəhd edən aktyoru yəqin indi də xatırlayanlar vardır. Əgər erməni dilində doğrudan “f” hərfi yoxdursa, Frunziki necə çağırırmışlar? Yoxsa onu da Prunzik? Güman edirəm alimlərimiz bu suala cavab verəcəkdir.

O şanlı günləri xatırlamaqda pis məqsədim yoxdur. Sadəcə, təzəlikcə qardaş Türkiyədə bəzi hadisələri müşahidə edəndə yadıma düşdü.

Fələstin-İsrail davası qızışdığı üçün bir qrup şəxs orada "Makdonalds" restoranını dağıtdı. Etirazın məqsədi ABŞ-ın İsraili dəstəkləməsidir. Guya "Makdonalds"ı dağıdanda, orda yeməkdən imtina edəndə sən Fələstinə dəstək vermiş olursan.

Türkiyədə 250-dən çox "Makdonalds" restoranı varmış, onların françayzinq haqqı keçən iləcən “Anadolu qrupu” şirkətinə aid idi. Ancaq 2022-ci ilin mayında qrup bütün hüquqları qatarlı biznesmen Kamal Saleh əl Man yoldaşa satmışdır. Nəticədə tragikomik durum yaranır: sən gedib "Makdonalds"ı daşlayırsan, guya bu yolla İsrailə və amerikalılara nifrətini bəyan edirsən, lakin onun yiyəsi Fələstinin, HƏMAS terrorçularının arxasında duran əsas dövlətlərdən biri Qatar-ın vətəndaşı çıxır. Allah bilir, bəlkə də Kamal müəllim Türkiyədə satdığı biqmakların və qızardılmış kartofların pulunu Qəzzaya göndərirmiş. Ki, raket düzəldib İsrailə atsınlar.

Ancaq yenə xüsusi vurğulayıram - Allah bilir. Heç kəsi şərləmək olmaz. Əlimizdə dəqiq faktlar olmalıdır. Tutulmayan oğru, bəydən, xandan doğru. Bir “ərəb saçı” ifadəsi də var, Türkiyədə işlənir. Qarışıq, dolaşıq, anlaşılması çətin durumlara aiddir. Hazırda İsrail-Fələstin bölgəsi həmin ərəb saçının tipik örnəyidir. Xəstəxanaya nəsə düşür, az qala minlərlə ölüdən danışılır, ancaq sonra bombanın düşdüyü yerin fotolarına baxırsan, görürsən 3-4 dənə maşın yanıb, raket-bomba çuxuru isə yoxdur. İstər-istəməz ermənilərin oktyabrda guya Xankəndidə dinc sakinlərin bombalandığı, məhv edildiyi mənasında paylaşdığı anekdot kimi foto yada düşür: fotoda bir evin qabağında pəncərədən ağcaqanad toru qopmuşdu, yalan olmasın. “Xəsarət” bu dərəcə vəhşətül-şiddət idi. Az qalırdın şəklin üstündən “əsəbləri zəif olanlar baxıb rahatlasın” yazasan.

Üstəlik, bütün dünyada solçuların, “müsəlmandan artıq müsəlman” görünmək istəyənlərin Fələstinə dəstək aksiyalarının artması maraq doğurur. Sanki HƏMAS 200-dən çox şəxsi girov götürməyib, harasa Aralıq dənizi sahilinə tətilə aparıbdır. İsrail informasiya savaşında görünməmiş dərəcədə uduzur. Bunun səbəbi nədir? Maraqlıdır, 7 oktyabr terroru baş verən kimi İsrail informasiya naziri istefa vermişdi, demişdi dava başlayırsa, mənim işimin mənası yoxdur. Təzəlikcə nazirliyi ümumən ləğv etdilər. Bəlkə xəbər davasını bu üzdən uduzurlar? Məsələn, biz də 90-cı illərdəki Mətbuat və İnformasiya Nazirliyimizi ləğv etdik, sonra nazir Sirus müəllim rəhmətə getdi.

“Dünyanı masonlar, 300 yəhudi idarə eləyir, yəhudi lobbisinə batmaq mümkün deyil” söhbətləri harada qaldı? Bu dəqiqə İranda, İndoneziyada, Pakistanda, lap elə doğma, əziz Azərbaycanımızdakı müsəlmanlar Londonda, Sürixdə, Vaşinqtonda, Parisdə Qəzzaya dəstək mitinqlərini heyrətlə izləyirlər. Çaşbaş qalmışıq, vallahi. Bəs bunlar hamısı mundar idi, kitabımızı yandırırdılar, insan haqlarını veclərinə almırdılar? Əlbəttə, yəqin madmazel Qreta Tunberq əfqan şeyxinin 13 arvadından biri olsa “Free Palestin” yazıb küçələrə düşməyə heyi qalmazdı.

Bəlkə bu etiraz aksiyalarını da mason təşkilatları düzəldir. Nə biləsən...

İndi söz əlaqədar təşkilatlarındır. Təcili bir yeni virusa ehtiyac vardır. Yoxsa camaat bir-birini qırıb qurtaracaqdır, Allaha bəndəlik eləməyə adam tapılmayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR