İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşınları kim alır

1836 22.08.2023 12:45 Yazarlar A A

“Həsən də qəlyan çəkər,

Hüsən də qəlyan çəkər.

Tənbəki bol olanda

Siçan da qəlyan çəkər"

(Azərbaycan ata sözü)

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aralığında Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48373 ədəd avtomobil idxal olunub. Bu, çoxdurmu, azdırmı, öyrənmək asandır: 2022-ci ilin uyğun dövründə 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil almışıq. Deməli, keçən ilə nisbətən artım 13200 ədəd, yaxud 37,5 faizdir.

Əlbəttə, bu artım nəyin hesabına yaranıb, müxtəlif versiyalar irəli sürmək olar. İlk növbədə adamın ağlına Rusiyanın məruz qaldığı beynəlxalq embarqo gəlir. Həmin qadağalara görə, keçən ildən Rusiya bir çox ünlü avtomobil brendlərinin məhsulunu almaqdan məhrum olunub. Ona görə ruslar gizli yollara, qaçaqmalçılığa məcbur qalmışlar. Xarici, xüsusən də elitar, bahalı, lüks brendlərə məxsus avtomobilləri “ikinci əldən” - başqa ölkələr vasitəsiylə alırlar. Qazaxıstan, Türkiyə, Ermənistan , Gürcüstan kimi ölkələr üzərindən. Mümkündür ki, bizim işbazlar da bu hər anlamda qara, çirkli prosesə qoşulmuşlar, çünki hazırda Rusiyanın dəyirmanına su axıtmaq həm birbaşa, həm dolayısı ilə Azərbaycana balta çalmaqdır.

Ancaq mən iş adamlarımızın (əslində məmurların, çünki bizdə başqa iş adamları yoxdur) vətənpərvərliyinə şübhə etmək istəmirəm və bu versiyanı rədd edirəm. Bu halda da başqa sual ortaya çıxır: millət niyə yalandan ağlaşma qurur?

Axı bəzilərinin dediyi kimi, kasıbçılıq, işsizlik, sosial problemlər içindəyiksə, bu avtomobilləri kim gətirir, kim minir, kim sürür? Ya komitə rəqəmləri şişirdib, ya camaat artistlik edir, ya da mən dəli olmuşam. Dördüncü variant yoxdur.

Tək bu deyil ki... Dövlət Statistika Komitəsi də o yanda qılıncını sıyırıb üstümüzə gəlir: bu ilin 6 ayında 3 229,18 ton - 13 milyon 244,64 min dollarlıq mal əti almışıq.  Ötən ilin eyni dövründə mal əti idxalımız 5 milyon 451,92 min dollar dəyərində 1 233,13 ton olmuşdur. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2,6 dəfədən çox, dəyər ifadəsində isə 2,4 dəfədən çox artım var. Sitatın sonu. Diri qoyun idxalında da 3 dəfəyə yaxın artım varmış.

Doğrudur, ət yemək üzrə biz dünyada o qədər yaxşı yer tutmuruq. Geniş yayılmış təsəvvürlərə (“ətyeyən camaatıq”) baxmayaraq. Bizdə rəsmi statistikaya əsasən, hər adamın illik ət yeməsi miqdarı 42 kiloqramdır. Müqayisə üçün, ət yemək üzrə rekord Lüksemburqa məxsusdur: orda hər vətəndaş ildə 136 kilo əti həzmi-rabedən keçirir. 2-ci yerdə, düşünürəm bunu zənn etmək o qədər çətin olmaz, ABŞ gəlir: hər amerikalı ildə 125 kilo əti basmarlayır. Ruslar 60, belaruslar 72 kilo ət yeyir və sairə. Dünya Səhiyyə Təşkilatının normalarına görə, sağlamlıq üçün hər insan ildə minimum 73 kilo ət yeməlidir.

Lakin bu normaları-filanı müvəqqəti qırağa qoysaq, mal-qoyun ətində idxalın artması, eyni zamanda ətin bahalaşması xalqın ət almağa davam etdiyini göstərir. Hökumət bu istiqamətdə nəsə yeni islahatlar aparmalıdır: necə edək ki, bunlar daha ət almasınlar?

Zarafat edirəm, əlbəttə, bizdə hökumətin elə pis məqsədləri olmaz. Sadəcə, mənzərə düşündürücüdür. Birdən görürsən qərar çıxdı, taksini sənədsiz sürməyin cəriməsi, 20 min manat oldu. Qanunsuz siyasi partiyaya girmək 5 min. Nə bilim, müxalifət liderini yol polisi saxlayır, deyirlər maşının təkcə cəriməsi 4700 manatdır. Camaat kasıbdırsa, bu qədər pullar hardandır?

Ortada xeyli maraqlı statistika dolaşmaqdadır. Mütləq tədbir görülməlidir.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR