İnsanlara hürriyət, millətlərə istiqlal!

Manyak repetitor

1906 03.09.2023 13:23 Yazarlar A A

“Biz deyirik sən bizim dərdimizə gəlmisən, sən isə bir dənə özbaşına qızdan ötrü gəlmisən!”
(“Üç üz” filmindən, rejissor Cəfər Pənahi)

Qadınlara qarşı zorakılıq halları fonunda Xırdalanda məktəbli qızların intiharları diqqət çəkib. Hamı bundan danışır, yazır, göstərir. Guya biz bu uşaqların ölümünə yanırıq. Timsahlar ağlaşır.

Bayaq birinci cümlədə “zorakılıq halları fonunda” ifadəsini ilkin olaraq “zorakılığın artması fonunda” şəklində yazmışdım. Sonra azacıq düşündüm, düzəltdim. Çünki bizdə qadınlara qarşı zorakılıq əslində nə artır, nə də azalır. Elə həmişəki tonunda, həmişəki tarixi-patriarxal zəminində davam etməkdədir. Biz Sabirin, Mirzə Cəlilin zamanında da qadınları adam yerinə qoymurduq, indi də qoymuruq. Bəziləri guya Sovet hakimiyəti zamanı qadınların azadlıq və hüquq əldə etdiyini söyləyəcək, onlara inanmayın, saxtakar və yalançılardır. SSRİ zır patriarxat rejim idi. Adi bir faktı diqqətə alın: bütün 70 illik tarixi ərzində SSRİ-də cəmi 1 qadın nazir olub. Mədəniyyət naziri Yekaterina Furtseva. O da necə təzyiqlər görübsə axırda intihar edib. SSRİ-də qadınlar ən pis, aşağı maaşlı işlərdə çalışırdı, onlara “uşaq doğmaq üçün maşın” kimi baxırdılar. Qadının sağlamlığı, gigiyenası, həyatı, maraqları bir köpəyoğlunun vecinə deyildi.

İndi də qadına əşya gözüylə baxırlar. Bugünlərdə Bakı metrosunun yeganə qadın maşinistini işdən qovmuşdular, o zaman özünü proqressiv sayan jurnalistlərimizdən biri belə yazmışdı: “Qəşəng xanımdır, yiyəsinə qismət”. Təsəvvür eləyin, 21-ci əsrdə bu cür qafalı jurnalistikamız var. Sanki qadın mobil telefon, maşın, nə bilim, labrador cinsli itdir və onun yiyəsi olur.

Əlbəttə, istənilən qara kütlənin bu cür düşünmək ixtiyarı var, lakin belə cümlələri qəzet səhifələrinə buraxan redaktorlara nə deyəsən? Hələ adam özü redaktordursa, nə edəsən?! Əlac qalır oxucular da gedib hündür yerə çıxsın, özünü aşağı buraxsın...

Xırdalan hadisələrini soyuq ağılla xırdalamağa cəhd eləsək, ilk növbədə hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə diqqət etməliyik. Lakin kim belə tədbirlər haqda məlumatlıdır? Mən eşitməmişəm. Hər binanın yanına polis postu qoymaq tələb etmirəm, vaxtilə körpü dirəklərinə bəzi yerlərdə (“Koroğlu” metrosu tərəfdə) bağladığımız tikanlı məftillər də çarə deyil. Amma profilaktika geniş anlayışdır. Bunu orqanlara mən öyrədəsi deyiləm.

Söz düşmüşkən, bu ilin mayında həmin ərazinin – Abşeron rayon polis idarəsinin rəhbərliyində köklü dəyişiklik edilmişdi. Rəis başda olmaqla, 8 nəfəri işdən çıxarmışdılar. Bu dəyişikliklə ərazidəki intiharlar arasında hansısa əlaqə ola bilərmi?

Bir-iki ay qabaq Ailə-Qadın-Uşaq Komitəsinin sədri Bahar Muradova guya qadın cinayətlərinin azaldığı haqda hesabat vermişdi. Yenə o fikirdə qalırmı? O komitə nə işlə məşğuldur, bilən varmı? Hansı qadının göz yaşlarını siliblər indiyəcən?

Dəli şeytan deyir bu hadisələrdə təhsil məsələsinin xüsusi vurğulanmasının da nəsə mənası, nəticəsi olacaqdır. Yadınıza gəlirsə taksi şirkətlərinə hücumdan qabaq profilaktik tədbirlər görüldü, bütün taksiçilər narkoman, zırrama, seksual manyak elan olundu. İndi də intihar edən uşaqların həmin binada hansısa anonim müəllimin yanına hazırlıq kursuna gəldiyi iddiası fırladılır. Aha, deməli repetitor düzgün adam deyil. Günah ondadır. Bəlkə də uşaqlara deyib ki, universitetə girə bilməsəniz özünüzü balkondan atın. Ax yaramaz... Ancaq Filankəs müəllimin şirkətinə məxsus təhsil kurslarında sizə ən yaxşı biliklər veriləcəkdir, hamınız xarici məktəblərə girəcəksiniz! Hurrey! Əlaçı! Malades!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR