İnsanlara hürriyət, millətlərə istiqlal!

Manat, dram və lari - HANSI GÜCLÜDÜR?

847 04.06.2026 14:48 İqtisadiyyat A A

Musavat.com Cənubi Qafqazın üç ölkəsində inflyasiyanın səviyyəsini araşdırıb.

Rəsmi məlumatda bildirilir ki, mayda Gürcüstanın istehlak bazarında qiymətlər 2025-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artıb.

Hesabatı yayan Milli Statistika Xidməti spirtli içkilər və tütün məmulatlarında inflyasiyanı 7,2 faiz, kommunal xidmətlərdə 7 faiz, ərzaq və spirtsiz içkilərdə 5,2 faiz, geyim və ayaqqabılarda 3 faiz göstərir.Nəqliyyatın 15,1 faiz, ictimai iaşə və mehmanxana xidmətlərinin 7,6 faiz, səhiyyə xidmətlərinin 5,1 faiz, təhsil sahəsinin 2,4 faiz bahalaşdığı, rabitə xidmətlərinin 6,4 faiz, mebel və məişət əşyalarının 1,3 faiz, istirahət və mədəniyyət xidmətlərinin 0,1 ucuzlaşdığı xəbər verilir.

Ermənistanın Statistika Komitəsi də inflyasiya hesabatı yayıb. Rəsmi məlumata görə, mayda ölkənin istehlak bazarında 2025-ci ilin eyni ayına nəzərən 4,2 faiz bahalaşma qeydə alınıb. Spirtli içkilər və tütün məmulatlarında qiymət artımı 7,7 faiz, ərzaq və spirtsiz içkilərdə 6,4 faiz, geyim və ayaqqabılarda 1,8 faiz, kommunal xidmətlərdə 1,1 faiz göstərilir. Təhsil sahəsinin 8,3 faiz, ictimai iaşə və mehmanxana xidmətlərinin 3,8 faiz, səhiyyə xidmətlərinin 3,7 faiz, nəqliyyatın 3,2 faiz, istirahət və mədəniyyət xidmətlərinin 1,6 faiz, rabitənin 1,2 faiz, məişət əşyalarının 0,4 faiz bahalaşdığı xəbər verilir.

"2026-cı ilin yanvarında yanacaq və 2025-ci ilin oktyabrında nəqliyyat xidmətləri qiymətlərinin artması müvəqqəti inflyasiya təzyiqləri formalaşdıracaq. Bu səbəbdən, inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyi və 2027-ci ildən etibarən neft qiymətlərinin azalması ilə 4,9 %-dək azalacağı proqnozlaşdırılır", - hesabatda qeyd olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən isə 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-lə müqayisədə 5,6 % təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % olacaq.

BMT isə bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5 %, 2027-ci ildə isə 5,5 % səviyyəsində olacağını gözləyir.

Maraqlıdır ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Qafqaz regionu üzrə iqtisadi artım proqnozunu aşağı salıb.

Bankın son qiymətləndirməsinə görə, region iqtisadiyyatı 2026-cı ildə 2,8% artacaq ki, bu da əvvəlki proqnozdan 0,1 faiz bəndi azdır.

Bununla belə, 2027-ci il üçün artım proqnozu dəyişməz saxlanılaraq 3,9% səviyyəsində qiymətləndirilib.

AYİB bildirir ki, regionda iqtisadi aktivliyin zəifləməsinin əsas səbəbləri enerji idxalı qiymətlərinin yüksəlməsi, həmçinin Ermənistan və Gürcüstanda turizm sektorunda müşahidə olunan yavaşlama ilə bağlıdır.

Qurumun hesabatında qeyd olunur ki, Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım 2025-ci ildə 2,7%-ə qədər zəifləyib və 2026-cı ildə də təxminən 2,8% səviyyəsində qalacağı gözlənilir. Eyni zamanda, 2027-ci ildə region üzrə artım tempinin 3,9%-ə qədər sürətlənəcəyi proqnozlaşdırılır.

Hesabatda xüsusi diqqət Ukraynaya yönəldilib. Belə ki, ölkənin 2026-cı il üzrə iqtisadi artım proqnozu 2,2%-ə endirilib. AYİB bunu Rusiya işğalının yaratdığı istehsal və logistika problemləri, enerji qiymətlərinin bahalaşması və inflyasiya təzyiqləri ilə əlaqələndirir.

Region ölkələri arasında ən yüksək iqtisadi artımın Gürcüstanda, ən zəif iqtisadi artımın isə Azərbaycanda qeydə alınacağı gözlənilir. AYİB Gürcüstan üzrə bu ilki proqnozu 0,5 faiz bəndi artıraraq 6%-ə çatdırıb. Azərbaycan üzrə bu ilki proqnozu isə dəyişməyərək 2% səviyyəsində saxlayıb.

2026-cı ildə ölkələr üzrə iqtisadi artım proqnozları belədir:

Gürcüstan – 6% (+0,5 faiz bəndi);
Ermənistan – 5,5% (dəyişməyib);
Türkiyə – 3,5% (-0,5 faiz bəndi);
Moldova – 2,8% (-0,2 faiz bəndi);
Ukrayna – 2,2% (-0,3 faiz bəndi);
Azərbaycan – 2% (dəyişməyib).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR