Fransa prezidenti Emmanuel Makron Ermənistan səfəri zamanı diqqət mərkəzində olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Euronews kanalı bununla bağlı maraqlı xəbər paylaşıb.
Kanalın məlumatına görə, İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində iştirak edən onlarla Avropa lideri arasında ən çox diqqət çəkən fiqur məhz Makron olub.
Fransa prezidenti sammitdən istifadə edərək Ermənistanla Avropa arasında münasibətlərdə “yeni eranın” başladığını elan edib.
Makron bazar günü axşam İrəvana gəlib və Ermənistan ictimaiyyətində bəzi dairələr tərəfindən “qəhrəman kimi” qarşılanıb. Reportajda qeyd olunur ki, Ermənistanda bunu ölkənin uzun illər davam edən Rusiya təsirindən uzaqlaşaraq Avropaya yaxınlaşmasının simvolu kimi təqdim edirlər.
Avropa Siyasi Birliyi ideyası məhz Makrona məxsusdur. Bu platforma 2022-ci ildə Rusiya–Ukrayna müharibəsindən sonra Fransa prezidentinin təşəbbüsü ilə yaradılıb.
Lakin Euronews vurğulayır ki, Makronun xaricdəki fəallığı və müəyyən dairələrdə qazandığı populyarlıq Fransadakı vəziyyətlə kəskin ziddiyyət təşkil edir.
YouGov-un 2026-cı ilin yanvar sorğusuna görə, fransızların cəmi 16%-i Makron haqqında müsbət fikir bildirib. IFOP məlumatına əsasən isə onun reytinqi sonradan bir qədər artsa da, yalnız 23%-ə yüksəlib.
Bununla belə, kanal Fransa prezidentinin daxildəki populyarlığı hələ də tarixi minimum səviyyələrdən biri olaraq qaldığını bildirir.
Musavat.com






