Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar. ( azərtac)
Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Lyayenin Azərbaycana səfərini Musavat.com üçün şərh edib. Ekspert hesab edir ki, qlobal siyasi proseslər, o cümlədən yeni enerji və nəqliyyat-kommunikasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda Aİ Cənubi Qafqazla münasibətləri gedərək inkişaf etdirir:
“Ermənistana və Azərbaycana münasibətdə müəyyən fərqliliklər olsa da, əsas məqam eynidir - regional əməkdaşlığı qlobal faydaya çevirmək. İlk növbədə onu qeyd etmək lazımdır ki, əgər Ermənistanın qərbyönümlü siyasəti 2022-ci ildən sonra xüsusi vüsət almışdısa, 7 iyun seçkiləri ərəfəsində və ondan dərhal sonra Avropa Komissiyasının Prezidentinin Ermənistana ardıcıl səfərləri, ilk dəfə Aİ-Ermənistan Sammiti keçirilməsi münasibətlərin tamamilə yeni inkişaf mərhələsindən xəbər verir. Bu, tərəflər arasında daha dərin siyasi, iqtisadi və mədəni inteqrasiya istiqamətində əməli addımların atılması deməkdir. Bununla yanaşı Aİ-nin Ermənistanla çoxsahəli əməkdaşlıqda əsas hədəfi onu özünə inteqrasiya etdirmək yaxud Cənubi Qafqazda genişlənmək deyil, burada regional əməkdaşlığı dərinləşdirməklə özünün geosiyasi və enerji təhlükəsizliyinə töhfə vermək, yeni qlobal təchizat imkanları yaratmaqdır. Bu mənada həm Lyayenin, həm Aİ-nin genişlənmə üzrə komissarı Kosun regiona bu yaxınlarda və daha öncə baş tutan səfərlərində əsas məsələ regional bağlantılar olub. Bu çərçivədə Ermənistana Aİ yatırımları vəd olunub. Xüsusilə, Trans-Xəzər layihələri, yaşıl enerji dəhlizinin inkişaf etdirilməsi qarşıdakı dövr üçün çoxtərəfli əməkdaşlığı təşviq edir. Bu, həm Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində, həm də qlobal dəhlizlərin regional komponentinin reallaşdırılması çərçivəsində qiymətləndirilə bilər. Başqa sözlə, Avropa regional sülhün inkişafını öz ittifaq maraqlarına uyğunlaşdırır və region ölkələri ilə münasibətləri balanslaşdırmağa çalışır”.
Ekspert həmçinin, qeyd edib ki, Ermənistanla Aİ arasında əməkdaşlığın daha dərin olduğu vurğulanmalıdır:
“Xüsusilə, viza liberallaşması, Rusiya təzyiqləri fonunda Ermənistan mallarının Avropa bazarına güzəştli şərtlərlə çıxışı, Frontex sərhəd təhlükəsizliyi sahəsində artan əməkdaşlıq, Ermənistana siyasi dəstək və Avropa qurumlarında ermənipərəst mövqenin davam etməsi ilə ölkəmizə münasibətdə ikili standartlar davam etməkdədir. Bunu isə xristian həmrəyliyi olaraq dəyərləndirmək olar”, deyə ekspert vurğulayıb.
Nigar Həsənli
Musavat.com






