İnsanlara hürriyət, millətlərə istiqlal!

Legionerlərlə bağlı ilginc təklif - Azərbaycan futbolu nə qazanacaq?

649 03.02.2024 08:13 İdman A A

Azərbaycanda futbol üzrə Premyer Liqada əcnəbi futbolçulara qoyulan məhdudiyyət aradan qaldırıla bilər. Fevralın 1-də məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nəzdində fəaliyyət göstərən klublar komitəsinin növbəti iclası keçirilib. 

Məlumata görə, digər məsələlərlə yanaşı, əcnəbi oyunçulara (legionerlərə) qoyulan limit məsələsi də müzakirə olunub. Sonda ortaq qərar qəbul etmək mümkün olmayıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqa klubları əcnəbi futbolçularla bağlı limitin artırılması, hətta onun tam ləğvi təklifi ilə çıxış etmək niyyətindədir. 

Xatırladaq ki, hazırda legionerlərlə bağlı məhdudiyyət belədir: meydançada 7 əcnəbi və 4 yerli oyunçu çıxa bilər. Nisbəti meydançada 8 əcnəbi oyunçuya çatdırmaq və ya ləğv etmək təklif olunur. Belə çıxır ki, yerli komandalar sırf legionerlərdən də ibarət ola bilər? Bu Azərbaycan futbolunun, o sırada uşaq futbolunun inkişafına nə verəcək? Dünya təcrübəsi nə deyir?

Aqil Abbas - 70

Aqil Abbas: “Bunların hamısı pul üstündə gedən davalardır”

Deputat Aqil Abbas bu istiqamətdə kifayət qədər sərt danışaraq, belə bir qərar qəbul olunarsa, bunun axmaqlıq olacağını bildirdi: “Azərbaycanda uşaq futbolu nəinki zəifdir, ümumiyyətlə, yoxdur. Digər tərəfdən legioner limitini ləğv etmək axmaqlıq olardı. Necə olur, pulun varsa, get istədiyin futbolçunu oradan-buradan gətir ki, Azərbaycanda futbolçu yetişmir. Bu qərar qəbul olunsa, böyük səhv etmiş olardılar. Bunların hamısı pul üstündə gedən davalardır. O məsələlərin üzərində çox dayanmaq istəmirəm. Hazırda uşaq futbolu 2-3 klubda var. ”Qəbələ"nin adını çəkək. Bu klub da uşaq yetişdirən kimi, tutub əlindən alırlar. Regionlarda futbol inkişaf etmədən ölkədə futbol inkişaf etməyəcək. İndi şükür Allaha ki, “Kəpəz”, “Qəbələ”, “Turan” kimi bölgə komandaları var. Qalanları Bakı klubları sayılır. Belə futbolla milli komanda da inkişaf etməz. Təsəvvür edin ki, yağış yağa-yağa “Turan”ın stadionu dolu idi. Amma Bakıda elə yerlər var ki, yağış azacıq yağan kimi, stadiona 200-300 tamaşaçı ancaq gəlir. “Şamaxı”nı niyə çıxardılar? Gül kimi komanda idi. Oyununa çoxlu sayda insan gəlirdi. Müəyyən güzəştlər olunmalıdır. İndi “Qəbələ” ilə bağlı eyni ssenari gedir. “Qəbələ”ni artıq “Xəzər Lənkəran”ın gününə salmaqdadırlar. Düşünürəm ki, istədiklərinə də nail olacaqlar. Qəbələdə futbol üçün hər cür şərait var. İndi bu şəhərin klubunu niyə bu günə qoyurlar? Demək, başqa niyyətlər var". 

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı: “İndi haqq yoluna qayıdırlarsa, qarşılarını almayaq”

Tanınmış idman yazarı Natiq Muxtarlı isə fərqli düşünür. O, bu qərarı dəstəkləyir: “AFFA-nın bu qərarı çox gecikib. Amma yenə də şükür edək ki, gec də olsa, ”ağıllanıblar" və futbolun, xüsusən də klub futbolunun inkişafını əngəlləyən bu limiti ləğv etmək istəyirlər. Legioner limiti Azərbaycanda klub futboluna böyük ziyan vurub, bu illər ərzində. Səbəblərini açıqlayaq: Azərbaycanda uşaq futbolu olmayıb, yəni ölkədə futbolçu yetişdirilməyib. Amma AFFA uzun illər ərzində klubları məcbur edib ki, heyətə 5 yerli oyunçu daxil etsin. Belə məqamda klublar məcbur qalaraq rəqabətə davam gətirməyən yerli futbolçulardan yararlanıblar. Amma bu, məsələnin bir tərəfidir. Həmin yerli futbolçular menecerlərlə birləşərək bundan maksimum yararlanıblar. Öz qiymətlərini süni şəkildə artırmaqla. Vaxt olub ki, bu limit ucbatından yerli futbolçular klublardan aya 50 min dollar məvacib tələb ediblər. Amma onlardan qat-qat səviyyəli legionerlər ayda cəmisi 20-25 min dollara oynayıblar. Azərbaycanda uzun illər rəqabət pozulub limitə görə. Yerli futbolçular tam arxayın olublar ki, klublar onları oynatmağa məcburdurlar. Ona görə də, nə öz üzərilərində çalışıblar, nə də legioner həyatı yaşamağa meyilli olublar. Ağlasığmaz miqdarda məvacib alaraq gün keçiriblər, Azərbaycanda . Bu da, son nəticədə futbolun inkişafına böyük zərər vurub. AFFA-da bu ideyanı dəstəkləyənlərin bir arqumenti vardı: Yerli futbolçu oynayıb inkişaf etməlidir. Amma uzun illər ərzində bu limitdən yararlanıb daim meydanda olan bircə yerli futbolçunun da inkişaf etdiyini görmədik, onların heç birinə xaricdən təklif gəlmədi. Birdəfəlik başa düşmək lazımdır, heç bir məşqçi səviyyəli yerli futbolçunu ehtiyatda saxlayıb legioneri oynatmaz. Deməli, yerli futbolçu oynamaq haqqını rəqabət nəticəsində əldə etməlidir. İnkişaf rəqabət olan yerdədir. AFFA isə bu rəqabət mühitini məhv edib. Dünyanın əksər futbol ölkələrində limit yoxdur. Limit olmayan ölkələrdə həm milli komanda güclüdür, həm də klublar rəqabətə davamlıdır. Türkiyədə bir müddət limit tətbiq edildi. Eyni problemləri onlar da yaşadılar. Klublar Avropada rəqabətə davamlı ola bilmədilər, yerli futbolçular Türkiyədə çox məvacib aldıqları üçün xaricə getməyə meyil göstərmədilər. Amma sonradan limiti ləğv etdilər. Xeyli türk futbolçu xaricə üz tutdu, milli komanda inkişaf etdi, klubların səviyyəsi yüksəldi. Amma Türkiyə futbolunda da böyük qarşıdurmalar, yenidən limitin tətbiqini istəyən qruplaşmalar var. Yeni qərara əsasən, 2024/2025 mövsümündən etibarən klubların transfer etdikləri əcnəbi futbolçu sayı 14-dən 12-yə endiriləcək. Limit üç mövsüm bu qaydada tətbiq edildikdən sonra say 11-ə düşəcək. Ancaq oyun günü iştirak ərizəsinə limit tətbiq edilməyəcək. Yəni klublar meydana 11 əcnəbi ilə çıxa bilərlər. Amma şəxsən mən bu təklifi hələ 2014-cü ildə AFFA-ya vermişdim. Onda limit “6+5" idi, Azərbaycan futbolunda. Ancaq nə fayda, AFFA rəhbərliyini futbolun inkişafı yox, çirkli vəsaitin ”yuyulması" maraqlandırırdı. İndi haqq yoluna qayıdırlarsa, qarşılarını almayaq, qayıtsınlar, gec də olsa, futbolun inkişafı önündə dayanan böyük bir maneəni götürsünlər".

Kənan Məstəliyev: "Yeni Klublar Liqasına start veriləcək" - Ən son idman  xəbərləri

Kənan Məstəliyev: “Çempionatımızın səviyyəsini legionerlərin sayı ilə artıracaq gücdə deyilik”

İdman mütəxəssisi Kənan Məstəliyev limitdə heç bir dəyişikliyə əsas görmür: “Hal-hazırda legioner limitini artırmağa və ya azaltmağa heç bir ehtiyac yoxdur. Amma indiki legioner limiti çox yaxşıdır, Azərbaycan futbolunun hazırkı gedişatının inkişaf etməsi üçün yetərli saymaq olar. Məsələ bundan ibarətdir ki, bəli, Azərbaycan çempionatının səviyyəsinin artırılması çox vacibdir. Çünki çemionat güclü olanda ona maraq da çox yüksək olur, daha populyar yarış keçirilir. Futbolçular üçün də çempionat cəlbedici olur. Yerli futbolçular daha maraqlı olacaqlar. Amma etiraf edək ki, Azərbaycan çempionatına gələn legionerlərin səviyyəsi o qədər də qənaətbəxş sayılmır. ”Qarabağ" və 1-2 klubu çıxmaq şərti ilə səviyyəli oyunçular gətirilmir. Düzdür, limit və müəyyən şərtlər qoyulub ki, milli komanda oyunçusu olsun və.s. Amma bu da yetərli deyil. Hələ də görürük ki, 7+4-dür, dünyanın hər küncündən oyunçular gəlir, lakin səviyyə baxımından yerli futbolçuları üstələmirlər. Ehtiyatda qalan legionerlər də çoxdur. Biz desək ki, limit götürülsə, say artsa, çempionatda rəqabət daha da artacaq, yerli futbolçular heyətə düşmək üçün daha çox çalışacaqlar, bu razılaşma olardı. Hazırda bu məsələnin müzakirəsi belə doğru deyil. Klublar Komitəsinin son iclasında da bu məsələ müzakirə edilib və məlum olduğu kimi, ikitirəlik yaranıb. Ortaq fikir birliyi yaranmayıb. Bu da normaldır. Hal-hazırda çempionatımızın səviyyəsini legionerlərin sayı ilə artıracaq gücdə deyilik. Burada bir məsələ də var. Əvvəl əsas liqa və bir də yarımcan ikinci liqa var idi. İndi isə, əsas, birinci və region liqaları var. Futbolçuların daha yuxarı yerlərdə özlərini göstərmələri üçün şans olmalıdır. Məsələn, birinci liqada yaxşı oynayan futbolçu əsas liqada oynamaq üçün çətinlik yaşaya bilər. Biz buna şərait yaratmalıyıq. Onları bu 4 yerə ayırmaqla azından özlərini göstərmələrinə şərait yaratmış oluruq. Bu baxımdan düşünürəm ki, hazırda legioner limitində dəyişik etməyə heç bir ehtiyac yoxdur. Zatən bizim futbolçularda özündən razılıq var. Sifariş ərizəsinə düşənlər sonradan rahat olurlar ki, onsuzda yerimə kimisə tapa bilməyəcəklər, yəni əsas heyətdə oynayacam. Bir sözlə hələ ki, indiki mərhələdə limitdə dəyişikliyə bir ehtiyac görmürəm".  

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR