İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov əmindir, Paşinyan Əmin deyil – Moskva və İrəvan arasında hərbi baza nifaqı

1795 28.12.2023 13:27 Dünya A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun RF-nin hərbi kontingentinin, konkret olaraq 102-ci hərbi bazasının Ermənistandan çıxarılmayacağını bəyan etməsi, hətta bu barədə danışmağın belə zərərli olmasını deməsi həm təhdiddir, həm də zorakılığın tam özüdür.

Bizimlə barışmaz düşmən olmasına baxmayaraq, Ermənistan müstəqil dövlətdir və onun mövcudluq, suverenlik haqqı var, daxilində başqa dövlətin hərbi bazasının olmasını istəməməsi bu ölkənin təməl haqlarından biridir.

Rusiya isə xarici işlər naziri səviyyəsində bəyan edir ki, elə şey yoxdur, 28 il öncə müqavilə bağlanıb və sonradan yenilənmiş həmin müqaviləyə görə, Rusiya qoşunları 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır.

Sanki heç dünyada şərtləri pozulduğu üçün ləğv edilən, qüvvədən düşən müqavilə olmayıb.

Əslində isə belə müqavilələr o vaxta qədər qüvvədə olur ki, tərəflərin hər ikisi onun davam etməsindən məmnun olsun və onun heç bir şərti pozulmasın. Hazırda Ermənistan tərəfi ciddi və kəskin şəkildə sözügedən müqavilənin davam etməsinə qarşı çıxmasa da, bundan məmnun deyil və dövləti idarə edənlər, eləcə də xalqın mühüm hissəsi istərdi ki, 102-ci hərbi baza ləğv olunsun, rus ordusu Ermənistandan çıxsın.

Ermənistanın hansı niyyətdə olduğunu Moskvada, Kremldə də yaxşı bilirlər, anlayırlar ki, 200 il boyunca himayə etdikləri, 4 qonşu ölkə ərazisində parakəndə icma olduğuı halda dövlət qurub verdikləri erməni xalqının üzü dönüb və “özünə başqa dost axtarışı”na çıxıb, hətta ABŞ və Fransanın simasında onları tapıb.

Ancaq Rusiya dövlətini idarə edənlər özlərini elə göstərirlər ki, Ermənistanın gerçək niyyətini başa düşmürlər. Sanki Ermənistanın hazırkı davranışı elə də ciddi bir şey deyil, sadəcə, küsüb ata evinə gedib, hirsi soyuyacaq, qayıdıb gələcək. Elə deyil. Sonda ciddi zor, vadaretmə, yeni stuasiya yaratma hərəkətləri olmasa, Ermənistan Rusiyanın yanına qayıtmayacaq, daha dəqiqi, Rusiyanı yanına buraxmayacaq. Könlü qırılıb bir kərə.

Demək, 1995-ci il martın 16-da Rusiya qoşunlarının Ermənistanda yerləşməsi ilə bağlı imzalanan saziş ilk vaxtlarda hər iki dövlətin milli maraqlarına uyğun olsa da, əslində Ermənistan liderləri tərəfindən buraxılan strateji səhv olub. Onlar uzaqgörən olmayıblar və bu günü görməyiblər, anlamayıblar ki, Rusiya bir girdiyi yerə ox kimi girir, çıxmır, zorla çıxaranda da daha dərin şırımlar açır.

Bəs necə olub ki, özlərini postsovet məkanının, eləcə də dünyanın “ən ağıllı 5 milləti”indən biri sayan ermənilər belə səhv buraxıblar?

Böyük ehtimalla onları buna vadar edən başlıca səbəb Azərbaycanla apardıqları və qalib gəldiklərini düşündükləri müharibə olub. Bundan başqa, ermənilər eyforiyaya qapılaraq, Türkiyə qarşı açacaqları ərazi və təzminat davalarında da ruslardan faydalanacaqlarını düşünüb, Rusiya ordusunun Ermənistanda olmasını özlərinə arxa-dayaq hesab ediblər. Erməni siyasətçilərin yalnız bir-ikisinin ağlına gəlirdi ki, bu işlər belə getməyəcək, çarxın geri dönən günü də olacaq. Bunu ilk anlayanlardan biri prezident Levon Ter-Petrosyan olmuşdu. O, Rusiya ilə yanaşı, digər qonşu dövlətlərlə də münasibətləri normallaşdırmağın, Azərbaycanla qarşılıqlı güzəştlər əsasında sülh sazişi imzalamağın zəruriliyini deyincə, adamı istefa verməyə məcbur etdilər və bugünkü aqibətlərinə doğru istiqamət götürdülər.

Bu illər ərzində Rusiyanın hərbi bazasının Ermənistanda yerləşməsi bu dövlətə nə kimi fayda verib, bunu yalnız özləri bilir. Görünür, ermənilər bu bazaya ciddi şəkildə ehtiyac duyurdular, yoxsa 2010-cu il avqustun 20-də hərbi bazanın yerləşməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzatmazdılar.
Hazırda isə vəziyyət də dəyişib, ermənilərin bu xüsusdakı fikirləri də. Amma indi də Rusiya deyir, çıxmıram.

Əlbəttə, ermənilər yekdil və qətiyyətli şəkildə tələb etsələr, 102 saylı hərbi baza ətrafında fasiləsiz nümayişlər təşkil olunsa, bazaya gedən yolları mühasirəyə alınsa, Rusiyanın hərbi bazanı çıxarmaqdan başqa əlacı qalmayacaq. Çünki Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur və ona hücum edəsi deyil.

Ancaq Rusiya Ermənistanı Əfqanıstana döndərə bilər. Belə deyərkən, əlbəttə, SSRİ xüsusi təyinatlılarının 1979-cu ilin dekabr ayının 27-də gecə ilə paytaxt Kabilə hücum etməsi, özünü prezident elan etmiş və Moskvaya itaət göstərmək istəməyən Hafizulla Əmini öz sarayında qətlə yetirməsi nəzərdə tutulmur. Moskvaya itaət etmək istəməyən baş nazir Nikol Paşinyana qarşı bu üsul effekt verməz, çünki qoruması və xaricdən dəstəyi güclüdür. Amma Moskva istəsə, Ermənistanda sabitliyi çox pis şəkildə pozar, vətəndaş müharibəsinə oxşar eskalasiyalar yarada bilər.

Lavrovun bu qədər qətiyyət və ötkəmliklə “Ermənistandakı bazamızı çıxarmayacağıq” deməsi ondan xəbər verir ki, Kremlin əlində İrəvana qarşı təsirli rıçaqlar var. Ermənistanın dirəşməsi isə göstərir ki, xaricdən beli bağlıdır.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR