İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Bakıya “status” mesajındakı təhlükəli şifrə - hədə, yoxsa...

3868 29.03.2023 09:28 Siyasət A A

Lavrov Qarabağı Donbasla müqayisə edərək eyham vurur ki, Ukrayna guya vəd etdiyi hüquqları vermədiyi üçün başına indi bu oyunlar gəlir; separatçılara “muncuq” vədinin anlamı nə?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə ən ciddi əngəllərdən birini, şübhəsiz, Rusiya yaradır. “Yeni Müsavat” qeyd edir ki, bunu martın 21-də Moskvada Rusiya XİN başçısı Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşü bir daha sübut etdi.

Söhbət xüsusən də Lavrovun Qarabağı Donbasla müqayisə eləməsindən gedir. Sitat: “Moskva Ermənistan baş naziri Nikol Paşinyanın bəyan etdiyi mövqeyi dəstəkləyir. Hansı mövqeyə görə ki, Dağlıq Qarabağ (yenə Dağlıq Qarabağ! - red.) sakinlərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi məsələləri Stepanakert (Xankəndi - red.) və Bakı nümayəndələri arasında həll edilməlidir. Bu baxımdan Donbas və Minsk razılaşmalarını xatırladım. Fikrimi bilmək istəyirsinizsə, o zaman çox yaxın tarixə aid nümunə var. Minsk razılaşmalarında (Donbasla bağlı - red.) da eyni şey müzakirə olunub - Ukraynanın şərq hissəsinin sakinləri hansı hüquqlara malik olmalı idilər. Öz ana dili hüququ, uşaqları bu dildə oxutmaq, bu dildən istifadə etməklə yaşamaq, işləmək, öz mədəniyyətini, dinini qorumaq, yerli özünüidarəetmə imkanlarına malik olmaq və həmvətənləri ilə müəyyən xüsusi əlaqələr qurmaq hüququ. Donbas məsələsində bu xüsusi əlaqələr Rusiyaya bağlı olmalı idi”.

Yəni Lavrova görə, Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda Almatı Bəyannaməsinin müddəalarına sadiqliyini təsdiqləmələri fonunda “Dağlıq Qarabağ xalqı” üçün də eyni hüquqlar zəruri olacaq. Rusiya baş diplomatı bu xüsusda həmçinin bildirib: “Hər şey ondan asılı olacaq ki, razılaşmaların həyata keçirilməsinin asılı olduğu şəxslər nə dərəcədə ləyaqətli davranış sərgiləyəcək. Donbas məsələsində belə davranışı görmədik”. Başqa sözlə, Lavrov işarə edir ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyi üçün bölgə nəzarətdən çıxıb və başına indi bu oyunlar gəlir. Beləcə, Rusiya bir yandan ərazi bütövlüyümüzü tanıdığını bildirir, bunu Putinin imzası duran Moskva bəyannaməsi də təsdiqləyir, digər yandan isə daxili işimizə qarışır. Bəlkə Moskva unitar Azərbaycanı da federativ Rusiya kimi görmək istəyir? Separatçılara “muncuq” vədinin anlamı nə?

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: “Seperatçı cinayətkar rejimin  azğınlaşmasının əsas səbəbi Rusiya hərbi kontingentinin erməniləri müdafiə  etməsidir”

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Lavrovun bu açıqlaması Rusiyanın sülh sazişinin imzalanmasını istəməməsindən qaynaqlanır. Partiya sədrinin sözlərinə görə, Moskva yaxşı bilir ki, sülh müqaviləsi imzalansa, Bakı ermənilərlə bağlı ayrıca imtiyazlar tətbiq etməyəcək: “Ermənilərdən sayca üstün olan etnik xalqlar Azərbaycanda yaşayır, onlara əlavə hüquqlar verilməyib. O halda ermənilərə niyə verilməlidir? Sadəcə, Rusiya bu mövqeyi ilə separatizmi dəstəklədiyini nümayiş etdirir. Kreml gələcəyə zəmin hazırlayır”.

Azərbaycana qarşı ilginc plan - “Rusiya Paşinyanı həm də buna görə devirmək  istəyir...”

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov isə bildirdi ki, Azərbaycan Konstitusiyasına əsasən ərazimizdə yaşayan bütün millətlər, o cümlədən ermənilər və ruslar eyni hüquq və azadlıqlarla təmin olunurlar: “Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan onların hüquqlarını artıra bilməz. Ona görə Lavrovun bu cür yanaşması sülh prosesinə maneçilik törədir. Qarabağda yaşayan ermənilərə digər millətlərdən əlavə hüquq və azadlıqlar verilmir. Odur ki, Donbasla müqayisə yersizdir. Əgər Donbas yada salınırsa, o zaman beynəlxalq təşkilatların mövqeyi açıqlansın. Beynəlxalq aləmin rəyi budur ki, Rusiya Donbas ərazilərini işğal edib və işğalçı ordu Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmalıdır. Eyni yanaşma Qarabağa da göstərilməlidir”.

Tarixçi Eldar Ginesli Lavrovun ermənilər üçün irəli sürdüyü Minsk razılaşmaları nümunəsində yerli özünüidarəetmə planına qarşı çıxıb: “Yerli özünüidarəetmə müəyyən çərçivədə yol veriləndir, hətta faydalıdır, məsələn, yerli və dövlət büdcə vəsaitlərinin bölüşdürülməsi məsələsində yerli hakimiyyət orqanları vəsaitin haraya, bölgənin iqtisadi və sosial inkişafına yönəldiləcəyini daha yaxşı bilirlər. Lakin Donbasla bağlı Minsk razılaşmalarının xatırlanması kontekstində "yerli özünüidarəetmə" məsələsi xüsusi məna kəsb edir. Lavrov hesab edir ki, ermənilərin hüquqları Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Donbas sakinləri üçün nəzərdən tutulduğu kimi olmalıdır".

Tarixçi Donbas sazişinin mətninə diqqət çəkir: “Orada dil haqqında Lavrovun danışdığından daha az şey deyilir, lakin daha qəti şəkildə deyilir - "dillə bağlı özünü təyinetmə hüququ" başa düşdüyüm kimi, bizim kontekstdə erməni dilindən təkcə tədris prosesində yox, bürokratik yazışmalarda da istifadə etmək hüququnu təmin etməlidir... Və sazişdə belə məqalə var: “11. 2015-ci ilin sonunda Ukraynada əsas element kimi desentralizasiyasını (Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusiyyətləri (bu bölgələrin nümayəndələrilə razılaşdırılmış) nəzərə alınmaqla) nəzərdə tutan yeni konstitusiyanın qüvvəyə minməsilə yeni konstitusiya islahatının aparılması, həmçinin qeydlərdə göstərilən tədbirlərə uyğun olaraq 2015-ci ilin sonunadək Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda daimi qanunvericiliyin qəbulu. Həmçinin Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında ictimai asayişin qorunması məqsədilə yerli sovetlərin qərarı ilə xalq milis dəstələrinin yaradılması nəzərdə tutulur”.

"Lavrov Azərbaycan üçün guya məqbul variant kimi Belqrad və Priştina (Kosovo) arasında sazişi (2013-cü il Brüssel sazişi) göstərib. O zaman kremlpərəst KİV bu sazişi “Serbiyanın kapitulyasiyası” adlandırmışdı. Ancaq bizə onu təklif edirlər. 2018-ci ilin yazında iş o yerə çatdı ki, Belqradın Kosova üzrə dair danışıqlara məsul olan xüsusi nümayəndəsi sərhədi pozmaqda ittiham olunaraq Priştinadan deportasiya edilib", - tarixçi xatırladıb. “Rusiyanın Qarabağ regionunda separatçılar üçün təklif etdiyi status, əgər onu Donbas və ya Priştina variantlarına görə qiymətləndirsək, Azərbaycan SSR DQMV-də olan statusdan müqayisə olunmaz dərəcədə yüksəkdir”, - Eldar Ginesli xəbərdarlıq edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR