İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə bəd xəbər: Ukrayna 1 milyon dron alacaq - "Uzağı 3 aya..."

1312 20.02.2024 08:25 Ölkə A A

Politoloq: “Rusiya canlı qüvvə baxımından da, havadan da üstünlüyünü hələ də qoruyub saxlayır”

NATO üzvü olan bir qrup ölkə Ukraynaya 1 milyon pilotsuz uçan aparat tədarük etmək qərarına gəlib. Bunu alyansın baş katibi Yens Stoltenberq ötən həftəsonu Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, NATO üzrə 20 müttəfiq həmçinin minalardan təmizləmə koalisiyası yaratmağa razılaşıb. 

Qeyd edək ki, Ukraynanın özü də müasir dron (PUA) istehsalına ciddi diqqət ayırır, o sırada artıq “Bayraktar” istehsal edəcək zavodun inşasına başlanılıb. Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar isə CNN Türk telekanalında bildirib ki, ölkəsi Türkiyədən beşinci nəsil “Kaan” qırıcıları almağa hazırlaşır. 

“Biz bu qırıcıları təkcə almağı yox, həm də istifadə etməyi planlaşdırırıq”, - səfir bildirib və əlavə edib ki, Ukraynadakı müəssisələr artıq bu təyyarə modeli üçün mühərrikin hazırlanması ilə məşğuldur. 

“Kaan” qırıcısı 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. İlkin hesablamalara görə, onun kütləvi istehsalına 2028-ci ildə başlanacaq. “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın "F-35"ini keçəcək və hazırda istismarda olan "F-16" qırıcılarını ölkə hava qüvvələrində əvəzləyə bilər... Bu arada CNN telekanalının hərbi müxbiri Frederik Pleytgen cəbhədəki son səfərindən və təəssüratlarından danışıb. Səfər zamanı o, Rusiyanın mövqelərini izləyən Ukraynanın PUA operatorları bölməsi ilə tanış olub. 

“Hər şeyi görürlər, sözün əsl mənasında əsgərlərin (rusların) üzünə baxırlar, onlar üçün hər şeyin tezliklə bitəcəyini bilirlər. Məni ən çox dəhşətə gətirən ətrafda nə qədər meyitin olması idi. Hər yer ölü ruslarla, bədən və maşın hissələri ilə doludur. Heç nə götürülmür”, - Pleytgen deyib. 

Jurnalist Rusiya tərəfində cəbhədə həlak olanların sayının onu şoka saldığını vurğulayıb: “Ukraynanın əziyyət çəkməsindən çox danışırıq, bu, doğrudur. Amma Putin nə qədər insanı ölümə göndərir - hər şeyin indiki kimi pis olacağını düşünmürdüm. Bu, ukraynalıların hələ də döyüş ruhunun olmasının səbəblərindən biridir”. Pleytgen hesab edir ki, Ukrayna hətta ABŞ-ın köməyi olmadan da müharibədən salamat çıxa biləcək. 

“Ukraynalılar yeni strategiyaya, bu kiçik dronlara arxalanacaqlar. Hazırda təchizat marşrutlarına hücum etmək üçün dronlardan ibarət uzaqmənzilli aviasiya yaradırlar”, - jurnalist əlavə edib. Öz növbəsində amerikalı politoloq Devid Satter deyib ki, Avropa Ukrayna Silahlı Qüvvələrinə dəstək verməklə ABŞ-ın iştirakı olmadan da çox şey edə bilər - xüsusilə də yüksək texnologiyalı silahlarla təmin etməklə. Avropa İttifaqının xarici işlər naziri Josep Borrel isə hesab edir ki, Ukraynada döyüş meydanındakı vəziyyət üç ay ərzində həll olunacaq. O, bunu Münxhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Diplomat Kiyevə yardımın artırılmasına çağırıb. “Üç ay ərzində vəziyyət döyüş meydanında həll olunacaq. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq”, - deyə o bildirib. Bunu da qeyd edək ki, hərbi analitiklər Donbasda Avdeyevka şəhərinin uzun aylar sonra və böyük itkilər hesabına ələ keçirilməsinin ruslarla müharibədə o qədər də üstünlük verməyəcəyini deyirlər. Azərbaycanlı ekspertlər bu və digər ehtimalları və qənaətləri bölüşürmü? 

O sırada Ukrayna həqiqətən ABŞ-ın köməyi olmadan da işğala qarşı mübarizəni davam etdirə bilərmi? Yaxud Borrel nəyə işarə edir? Ümumiyyətlə, bu il müharibənin xarakteri Kiyevin xeyrinə dəyişəcək demək olarmı? Ukrayna son hərbi texnologiyaya əsaslanan yeni strategiyayamı keçir?

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Oruco

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Rusiyanın Ukraynaya təcavüzü dünyada çox ciddi problemlərə yol açdı: “Bu, təkcə siyasi, hərbi, iqtisadi deyil, humanitar, eyni zamanda psixoloji olaraq da özünü göstərməkdədir. Nüvə silahına malik və böyük ambisiyalar arxasınca düşən, insanlığa dəyər verməyən Rusiya və prezidenti Putin getdikcə daha da aqressivləşir, bütün üsul və vasitələrə əl atmaqdan çəkinmir. Son dövrlər Ukrayna-Rusiya cəbhəsində baş verənlər, yaşayış məskənlərinə bombardumanın intensivləşməsi, hətta daxildə öz opponentlərinə qarşı amansız rəftarı dünyada, xüsusən də Qərbdə bir qorxu yaratmaqdadır. Baxmayaraq ki, Rusiya Qərblə indiki vəziyyəti ilə konfrontasiyaya girmək gücündə deyil. Lakin nüvə təhlükəsi hələ də qalır. Qərb artıq çılpaqlığı ilə anlamağa başlayır ki, Moskvanın hədəfi təkcə Ukrayna deyil. Eyni aqibəti Ukraynadan sonra Şərqi Avropa da yaşaya bilər. Cənubi Qafqazda gərginlik ocağı tam söndürülməyib. Yaxın Şərqdə münaqişələr qalır. Afrikada Rusiyanın böyük iddiaları var və s. Həmçinin Ukraynada Qərbin məğlubiyyəti bütün sivil dünyaya, demokratik və ali dəyərlərə sarsıdıcı zərbə olardı və despotik rejimlərın mövqeləri daha da güclənərdi. Odur ki, son zamanlar Qərbin Kiyevə dəstəyi əvvəlkilərdən daha artıq hiss olunmaqdadır. Çağdaş dünyamızda döyüş əməliyyatlarında yeni texnologiyaların tətbiqi klassik müharibə taktikalarını ciddi şəkildə dəyişdi. İlk dəfə bu yeni texnologiyalarla yeni taktikanın tətbiqi 2020-ci ildə Azərbaycan tərəfindən düşmənə qarşı çox uğurla oldu və bundan sonra ən qüdrətli dövlətlər də bundan yararlanmaqdadır. NATO müttəfiqlərinin Ukraynaya bir milyon PUA verəcəyi barədə razılığa gəlinməsi təbii ki, cəbhə xəttində üstünlüyü Ukrayna ordusunun xeyrinə dəyişdirəcək. Hərbi yardımlar təkcə bununla kifayətlənməyəcək. Əvvəllər hücum və ağır silahlar, hərbi təyyarələr verməyə tərəddüd edən NATO artıq bu qərarını da dəyişib. Lakin bütün bunlarla belə, hesab etmirəm ki, Ukrayna ABŞ-ın köməyi olmadan müharibədən uğurla çıxa bilər. Ukrayna ordusu Qərbin təmin etdiyi ən müasir texnologiya, silah-sursata sahib olsa da, Rusiya ilə müharibədə qalib gələ bilməz. Rusiya canlı qüvvə baxımından da, havadan da üstünlüyünü hələ də qoruyub saxlayır. Bu üstünlük isə müharibənin taleyində həlledici və mühüm amillərdən biridir...

Sanksiyalar Rusiya iqtisadiyyatına və hərbi-müdafiə sənayesinə xeyli ziyan vursa da, Moskva müxtəlif vasitələrlə və bəzi dövlətlərin, o cümlədən Ermənistanın köməyi ilə bu sanksiyalardan yayına bilir. Zənnimcə, müharibə bundan sonra daha şiddətli və genişmiqyaslı olacaq. Əgər Qərb Ukraynaya dəstəyində qətiyyətli davranacaqsa, etdiyi yardımlar vaxtında ünvana və təyinati üzrə çatdırılacaqsa, Moskva öz planlarında ciddi və kardinal dəyişkliklər etmək məcburiyyətində qalar".

Zengezur turk dunyasini birlesdiren korpudur” – Kamran Məmmədli

Kamran Məmmədli

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli hesab edir ki, 2024-cü ildə Ukrayna silah tədarükü baxımından böyük irəliləyişlər əldə edəcək: “Artıq iyun ayında "F-16"ların Ukrayna səmasında olacağı bildirilir. Eyni zamanda Böyük Britaniya başda olmaqla, bir neçə ölkə Ukrayna üçün süni intellektlə təchiz olunmuş dronların istehsalına başlayıb. Bu dronlar göyə qalxandan sonra düşmən hədəfini özü seçə biləcək. Qısası, Ukrayna ciddi uğur əldə etməkdən öncə lazımi şəkildə hərbi qüvvəsini artırmaqdadır. Putin bütün bunları çox gözəl başa düşür və elə bu səbəbdən də bütün vasitələrə əl ataraq sülh danışıqlarının bərpa edilməsinə ümid bəsləyir. Çünki bu müharibə Rusiyanı uçuruma aparır və onlar bunu çox gözəl başa düşürlər. Qərb isə danışıqlardan imtina edir və bu mövqe səbəbsiz deyil. Lokal problemlər mövcud olsa da, onlar həll olunmaqdadır. Avropa İttifaqı Ukraynaya 50 milyarddan artıq vəsait ayırıb. ABŞ Senatı da 60 milyard ayrılmasını qəbul edib, Nümayəndələr Palatasının təsdiqi qalıb. Yeni silah tədarükü və müasir süni intellektlə inteqrasiya olunan dronlar Ukraynaya verilir. Bütün bunlar hazırkı duruma görə dialoqun və sülhün baş tutmasını mümkünsüz edir. Hesab edirəm ki, yay aylarında Ukrayna geniş hücumlara başlayacaq və ilin sonunda müəyyən ərazilərini geri qaytara biləcək. Ancaq müharibə bu ilin sonunda bitməyəcək, 2025-ci ildə də davam edəcək”.

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd rusların bu müharibədə əsas hədəfini açıqladı: “Rusiya Ukraynanın 25 faizini işğal edib. Bu ərazi Cənubi Qafqazdan böyükdür. Müharibənin ilk dönəmində Rusiyanın sürətli hücum planı alınmadı. Rusiya bunu anlayandan sonra uzunmüddətli müharibəyə start verdi. Uzunmüddətli müharibələr isə böyük itkilər hesabına başa gəlir. Rusiya hücum istiqamətinə və prezidentliyə namizəd Putinin təbliğat-təşviqat videolarına baxanda açıq görünür ki, rusların hədəfi Kiyev yox, Odessa, Qara dənizdir. Ruslar ona görə də əsas gücü Odessa istiqamətinə veriblər. Əgər Ukraynaya heç silah demirəm, mərmi vaxtında çatdırılmasa, Avdiyevkadan sonra rusların əli-qolu çox açılacaq və işğal prosesi bir qədər sürətlənəcək. Ukrayna tərəfi də mərmi çatışmazlığından əziyyət çəkdiklərini birbaşa və dolayı yollarla dilə gətirir... Ukraynaya 1 milyon dron sözü veriblər. 1 milyon dronun nə eyni vaxtda Ukraynada olması mümkün deyil, nə də ondan eyni vaxtda istifadə etmək. Bunlar yalnız müdafiənin müddətini artıra bilər. Ukrayna uğur qazanmaq istəyirsə, mütləq şəkildə hücum silahları ilə təmin olunmalıdır. Qərbin, xüsusilə Avropa ölkələrinin müharibəyə baxışı da dəyişib. Əvvəl Ukraynanın ərazi bütövlüyü ön plana çəkilirdisə, indi daha çox "müharibənin vaxtı uzansın, öz müdafiələrini təşkil etsinlər" prinsipi ilə yanaşırlar. Avropa ölkələrinin siyasətçiləri həm Ukraynanın qalib gələcəyini, həm də Rusiyanın Ukraynadan sonra onlara hücum edəcəyini deyir. Dolayısı ilə hazırda Qərbi düşündürən əsas məsələ öz təhlükəsizliyi və müdafiə qabiliyyətini artırmaqdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR