İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml üçün Haaqada məhkəmə qurulur - bəs erməni hərbi caniləri?

461 05.07.2023 11:35 Siyasət A A

Hüquqşünas: “İşin ləng getməsi təəssüratının yaranması da beynəlxalq qurumların məsələlərə ikili standartlarla yanaşmasından irəli gəlir”

Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır.  Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaq.

Ukraynaya qarşı müharibəyə görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək Xüsusi Tribunal yaradılmazdan əvvəl aralıq addım kimi bu mərkəz araşdırma aparacaq və sübutlar toplayacaq.

Bu təşəbbüs Rusiya ilə Xüsusi Tribunalın yaradılması istiqamətində ilk addımdır. Əlbəttə ki, müharibə cinayətlərinin araşdırılması və heç olmasa günahkarların adlarının açıqlanması tarix üçün çox mühümdür. Amma 30 il torpağı işğala məruz qalan, əhalisi qaçqın vəziyyətinə düşən və əlbəttə ki, birbaşa müharibə cinayətləri ilə üzləşmiş (təkcə Xocalını yada salmaq kifayətdir) Azərbaycana münasibətdə dünyadan bu ədaləti görmürük.  44 günlük Vətən müharibəsində də işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlardan istifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çox sayda insan isə yaralanıb. Prezident İlham Əliyev də dəfələrlə Azərbaycana qarşı müharibə cinayətlərindən danışıb, hətta konkret adlar da çəkib. “Onlar müharibə caniləridir. Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma - bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər. Sərkisyan və Köçəryan hərbi cinayətkardırlar. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq” - deyə, Prezident çıxışlarının birində vurğulayıb.

Qeyd edək ki, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaq. Eyni zamanda sanki bu işdə bir az ləngimə də var. Həmçinin beynəlxalq təşkilatların ikili standartları hələ də davam edir. Bəs nə vaxtadək davam edəcək?

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə zamanı törədilmiş müharibə cinayətlərinin, beynəlxalq hüquqa zidd addımların araşdırılması ilə bağlı Xüsusi Büronun yaradılması gözlənilən idi: "Faktların toplanması və Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilməsi üçün bu büro yaradılıb. Müharibənin başlanmasına əmr verən və həmin cinayətlərə rəhbərlik edən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi ittiham hazırlanacaq və Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək. Artıq bu real bir mövqe, real işdir. Beynəlxalq Konvensiyaların tələbindən irəli gələn işdir. Biz bununla razılaşırıq, belə də olmalı idi. Ancaq beynəlxalq hüququn pozulmasının qarşısını almağa borclu olan beynəlxalq təşkilatlar 30 il ərizində Ermənistanın Azərbaycan xalqının hüquqlarını pozmasına, beynəlxalq konvensiyaları ayaqları altına almasına göz yumublar. Təəssüf ki, bu gün də Ermənistanın cinayətlərinə göz yumulur, ikili standartlar davam etdirilir. Xocalıda, Qaradağlıda, Başlıbeldə, Ağdabanda və digər kəndlərimizdə ermənilərin həyata keçirdiyi müharibə cinayətlərinə göz yumulub. Ona görə də Ermənistan daha da azğınlaşıb. İkili yanaşma davam etməkdədir və belə görünür ki, davam edəcək. Məsələ burasındadır ki, ikili yanaşma beynəlxalq təşkilatların özünün nüfuzuna zərbə vurur. Azərbaycan cəmiyyəti və dövləti beynəlxalq hüququn pozulmasının qarşısını almaq funksiyasını üzərinə götürdüyünü elan edən beynəlxalq təşkilatlardan məsuliyyətlərini dərk etməyi gözləyir. Azərbaycan dövləti ədalətin yerini tapması, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş ermənilərin beynəlxalq məhkəmələr qarşısına çıxarılması üçün işlər aparır. Xarici mütəxəssislər də bu işə cəlb edilib. İşin ləng getməsi təəssüratının yaranması da beynəlxalq qurumların məsələlərə ikili standartlarla yanaşmasından irəli gəlir. Lakin gec-tez haqlı tərəf olan Azərbaycan öz istəyinə nail olacaq. Ruhdan düşmək lazım deyil”.  

Etibar SEYİDAĞA
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR