Ukraynanın Moskvaya bugünkü PUA hücumunu Kreml təbliğatçıları və “Z-bloqerlər”i hiddətlə qarşılayıblar. Lakin bu baş verənlərə görə müharibəni başlayan Kreml sahibini yox, Ukraynanın Moskvadakı neft zavoduna zərbələrini lentə alan insanları günahlandırıblar…
“AzPolitika” xəbər verir ki, Kreml təbliğatçıları Ukrayna Silahlı Qüvvələrinin Moskvaya indiyə qədər baş vermis ən böyük dron hücumundan sonra videogörüntülər paylaşan rusiyalılara qarşı repressiyalara çağırıblar.
Kremlin əsas təbliğatçılarından olan Vladimir Solovyovun “Soloviev Live” kanalında aparıcı Armen Qasparyan Moskva neft emalı zavoduna edilən dron hücumunu lentə alan Moskva sakinlərinə qarşı "vətənə xəyanət" maddəsilə cinayət işlərinin açılmasını tələb edib. O, Ukrayna kanallarında Moskvaya hücumla bağlı təxminən yüz video yayımlandığını deyib və təhlükəsizlik qüvvələrini bu videoları çəkənləri tapıb həbs etməyə çağırıb. Qasparyan bu insanları "alçaqlar", “fahişələr” və “Ukrayna Silahlı Qüvvələrinin könüllü köməkçiləri" adlandıraraq, onların həbs olunmalı və dindirilmə zamanı "cəzalandırılmalı" olduqlarını bildirib.
Vladimir Solovyovun özü də paytaxta hücumların videolarını çəkdiyinə görə moskvalıların həbs edilməli olduğunu deyib. Üstəlik, Kreml təbliğatçısı moskvalıları hücumlar zamanı isterikaya düşdüklərinə görə ittiham edib və bundan qorxanları paytaxtı tərk etməyə çağırıb: "Əgər zəifsinizsə, rusluğa aid heç nəyiniz yoxdursa, xainlərin yolunu tutun. Vətəni tərk edin".
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






