İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosmosda həyat axtarışları

1626 25.04.2023 10:56 Yazarlar A A

“Özümə yer eylərəm, gör bir sənə nə eylərəm”

                                                                                            (ata sözü)

Öncə Laçında, Ermənistanda sərhəd postu quran əsgərlərimizə salam göndərirəm. Çoxdan lazım olan hərəkətdir. Yoxsa niyə bizim dövlət sınırlarımız, türkün məsəli, “Həsənsoxdu dəyirmanı” olmalıdır? Yanlış anlaşılmasın, mən ümumilikdə kosmopolit bir adamam, dünyanın tamamilə sınırlarsız olmasını istəyirəm. Ancaq “bayram yaxşı şeydir, bir gün bizdə, bir gün sizdə”. Sərhəd-sınırlar qarşılıqlı olaraq aradan qaldırılanda effektlidir, xeyirlidir. Mən haçansa Qafqazda da Avropa Birliyinə, Şengen razılaşması dövlətlərinə bənzər sistemin qurulacağına inanıram. Sadə insan, kəndli Karapetlə Məmməd üçün bu cür siyasi şeylərin o qədər əhəmiyyəti yoxdur. Sərhəd sadə insanların həyatına daha çox əngəl yaradır. Ancaq indiki halda sərhədimizi güvənlik, qoruma baxımından yiyəsiz qoya bilmərik. Guya din-iman, etnik-tarixi baxımından bizə ətrafda ən yaxın olanlardan biri İrandır, İran sərhədindən nələr gətirildiyini hər gün görürük. Tonlarla narkotik daşınır. Dövlət səviyyəsində himayə olmasa İran o qədər narkotiki harda yetişdirib əldə edər?

Azərbaycan hakimiyyətinin sərhəd təhlükəsizliyi məsələsini uğurlu vaxtda gündəmə gətirdiyini düşünürəm. Çünki hazırda bütün dünyada sərhəd aktual mövzudur. ABŞ Meksika ilə arasında divar tikib. Lakin indi bizi Laçında “açıq qapı” siyasəti yürütməyə çağırırlar. Əla çağırışdır, lakin birinci siz sərhədi açın, Qvatemaladan Kolumbiyaya qədər bütün ölkələrin qaçqınları Texasa doluşsun.

İsrail Fələstinlə, Polşa Belarusla, Finlandiya və Estoniya Rusiya ilə, Türkiyə İranla və sairə - sərhədlərdə divarlar, çəpərlər, səddlər hörülən zəmanədə yaşayırıq. Hər bir dövlət öz xalqının təhlükəsizliyinə çalışır, başqa çarə tapmayanda divar hörürlər. Belə divarlardan ən qədimlərindən və nəhənglərindən biri hazırda Çində “Böyük Divar” adıyla durmaqdadır. Hər il milyonlarla turist o səddi ziyarət edir. Əgər dünya xalqları indiyəcən də öz aralarında divar hörməkdədirsə, bu, bəşəriyyətin əslində heç bir inkişafa varmadığının əlamətidir. Çindəki o divarın eramızdan 3 əsr qabaq tikilməyə başladığını nəzərə alsaq, 2300 ildən çox zaman keçib. Ən azı 2300 ildir bəşəriyyət bir-birindən qorunmaq üçün divar tikir. “Ayfon” işlətməklə deyil ki. Bəşər hələ də adam olmayıb.

Sözgəlişi, keçən günlərdə bir maraqlı astronomiya xəbəri vardı: Avropa Kosmik Agentliyi 14 apreldə Kuru kosmodromundan “JUİCE” adlı planetlərarası stansiyanı uçurtdu. Bu qurğu 2031-ci ildə Yupiterin orbitinə çatmalı, onun peykləri Qanimed, Avropa və Kallisto-nu araşdırmağa başlamalıdır. Əsas elmi məqsədlərdən biri Yupiterin peyklərində, xüsusilə Avropa-da həyatın yaranması ehtimalını öyrənməkdir. Çünki Avropanı örtən buz təbəqəsi altında nəhəng okeanın olması məlumdur. Əgər okean və su varsa, orda ən azı mikroskopik canlıların yaranması mümkündür.

Həmişəki kimi, insanın başqa planetlərdə, kosmosda həyat axtarması ironiya doğurur. Əlimizdə hazır bir planet var, onun, pis çıxmasın, içinə eləmişik. Hara baxsan müharibə, qan, qırğın gedir. Sərhədləri bölüşdürməyə çalışırıq. Eyni zamanda Yupiterin peykində həyat gəzirik. Bu qədər mənasız, axmaq canlı mümkündürmü?

Rusiya Ukrayna şəhərlərini sistemli şəkildə xaraba qoymaqdadır. Aviasiya bombalarıyla 9, 16 qatlı binaları uçurdurlar ki, ukraynalı döyüşçülərin, öz ana yurdunu qorumağa çalışan insanların daldalanmağa yeri olmasın. O bombalardan ikisi təzəlikcə səhvən Rusiyanın öz şəhəri Belqoroda düşmüşdü, şəhəri evakuasiya elədilər – bombanı çıxartmaq üçün. Lakin həmin belqorodluların biri çıxıb soruşmadı ki, ay Putin, niyə sən bizim qonşumuza, Ukrayna şəhərlərinə bu cür nəhəng, dağıdıcı bombalar atırsan, bu nə vəhşilikdir və sairə...

Ukrayna şəhərləri mərmi kraterlərindən “Ay mənzərəsini” xatırladır. Canlı şəhərləri cansız qoyub, cansız kosmosda həyat axtarırıq. Görəsən Saturnla Yupiterin arasında təzə halqa-divar hörmək mümkün olacaqmı? Sual budur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR