Körfəz regionunda təhlükəsizlik məsələləri ilə bağlı Vaşinqtona qarşı narazılıq açıq şəkildə səsləndirilməyə başlayıb.
Musavat.com xəbər verir ki, Bəhreyn rəsmisi “Əl-Cəzirə” telekanalına açıqlamasında ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində imzalanmış anlaşmalara yenidən baxmağın vacib olduğunu bildirib.
Rəsmiyə görə, son hadisələr zamanı ABŞ region müttəfiqlərini lazımi səviyyədə qoruya bilməyib və hava müdafiə sistemləri İranın raket hücumlarının qarşısını tam şəkildə ala bilməyib.
“ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində anlaşmaya yenidən baxmağı vacib hesab edirik. ABŞ bizi qoruya bilmədi. Ciddi şəkildə hava müdafiəmiz İranın raketlərinin qarşısını ala bilmədi”, – deyə o bildirib.
Bəhreyn rəsmisi əlavə edib ki, mövcud vəziyyət region ölkələrini təhlükəsizlik arxitekturasını yenidən qurmağa məcbur edir və bu sistem artıq əsasən region dövlətlərinin öz əməkdaşlığı üzərində formalaşdırılmalıdır.
Eyni zamanda Küveyt, Oman və Səudiyyə Ərəbistanından olan rəsmilər də Financial Times nəşrinə açıqlamalarında ABŞ-la maliyyə əməkdaşlığının da yenidən nəzərdən keçirilə biləcəyini bildiriblər.
Onların sözlərinə görə, müdafiə sahəsində əldə olunan razılaşmalar gözlənilən nəticəni vermədiyi üçün ABŞ iqtisadiyyatına yatırılan sərmayələrin geri çəkilməsi məsələsi də müzakirə olunur.
“Hesab edirik ki, ABŞ-a yatırılmalı olan sərmayələr geri çəkilməlidir. ABŞ borc kağızları satılmalıdır. Çünki müdafiə sahəsində anlaşmalar uğursuz oldu”, – deyə rəsmilər bildiriblər.
Musavat.com






