İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri büdcə kəsirindən DANIŞDI 

786 21.11.2023 14:13 İqtisadiyyat A A

“2024-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı layihə haqqında həm biz, həm də maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın İdarə Heyətinin sədri və Hesablama Palatasının sədri tərəfindən ətraflı məlumat verilib, müzakirə zamanı 45 deputat çıxış edib. Çıxış edən deputat həmkarlarım layihəni konseptual olaraq 1-ci oxunuşda dəstəkləyib, bir sıra təkliflərlə çıxış edib, təqdim olunan makro çərçivənin iqtisadi imkanlarımıza uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanı yaradacağını qeyd ediblər”.

Musavat.com xəbər verir ki, bunu parlamentdəki büdcə müzakirələrinin ikinci oxunuşu zamanı komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsində dövlət büdcəsi gəlirləri 2023-cü ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq 34 milyard 173 milyon manat, xərcləri isə 2023-ci ilin dövlət büdcəsi xərclərindən 138.2 milyon manat artırılaraq 36 milyard 763 milyon manat nəzərdə tutulub:

“Dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində proqnozlaşdırılıb. Neftin bir barelinin orta illik qiymətinin 60 dollar olacağı baza ssenarisi əsasında 2024-cü ildə ümumi daxili məhsulun real artım tempinin 2,4 faiz, qeyri-neft-qaz ÜDM-in real artım tempinin 4.6%, inflyasiyanın orta illik göstəricisinin 5.3 faiz, orta aylıq əmək haqqının isə 980 manat olacağı proqnozlaşdırılıb.

Qeyd edim ki, dövlət büdcəsinin qeyri-neft qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsilə təmin edilən gəlirlərinin proqnozu cari ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 1 milyard 100 milyon manat artırılaraq 15.8 milyard manat nəzərdə tutulmuşdur. Gəlirlərdə Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2023-ci ilin proqnozu ilə müqayisədə 237 milyon manat çox olmaqla 558.2 milyon manat planlaşdırılıb.

​Dövlət büdcəsi gəlirlərinin 49.8%-i qeyri-neft-qaz sektorundan, 50.2%-i isə neft sektorundan gələn gəlirlər hesabına formalaşacaq.

Büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 34.5 milyon manat artılaraq 15 milyard 772.9 milyon manata və ya dövlət büdcə xərclərinin 42.9%-nə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin məskunlaşması şəratinin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır”.

T.Mirkişili vurğulayıb ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq-mühafizə orqanları üçün ayrılan xərclər 489.3 milyon manat artırılaraq 9 mlrd 377.7 milyon manata, təhsil xərcləri 142.8 milyon manat artırılaraq 4 mlrd 549.9 mln manata, səhiyyə xərcləri 66.3 milyon manat artırılaraq 1 mlrd 871 mln manata çatdırılması planlaşdırılır:

“Əməyin ödənişi xərcləri 510.1 milyon manat artırılaraq 9 milyard 7.2 milyon manat təşkil edəcək. Layihədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 502.9 milyon manat, su ehtiyatları və idarəetməsi məsələləri üçün 507.1 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri üçün isə 546.2 milyon manat nəzərdə tutulub.

2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 22,2%, dövlət borcunun ÜDM-ə nisbətinin isə 14,5% olacağı proqnozlaşdırılır. Aparılmış təhlillər təqdim edilmiş layihənin büdcə qaydasına uyğun hazırlandığını deməyə əsas verir”.

Komitə sədri bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər layihələrin 2-ci oxunuş üçün komitədə müzakirəsi geniş formatda təşkil edilib, aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılıb:

“Deputatları maraqlandıran suallara və təkliflərə münasibətlər bildirilib və müvafiq şərhlər verilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə edilərək qəbul edilməsinə rəyi müsbətdir. Hesab edirik ki, 2024-ci il dövlət büdcəsi layihəsi dövlətin növbəti ildə ölkəmiz qarşısında olan hədəflərə çatması və yaranacaq çağırışlara cavab verməsi üçün lazımi maliyyə imkanı yaradacaq. Layihəni 2-ci oxunuşda da dəstəkləməyinizi xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR