İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolxoz avtobusu üçün dizel yanacağı

1395 13.05.2023 10:53 Yazarlar A A

Bakıda sərnişin daşıyan şirkətlər baş nazirə müraciət yazmışlar. Deyirlər gediş haqqını 40 qəpikdən yuxarı qaldırdınız, buna görə minnətdar və diqqətdarıq, lakin eyni zamanda dizel yanacağı üçün subsidiyanı ləğv etmisiniz, vəziyyətimiz ağırlaşıbdır. Xahiş edirik subsidiya bərpa olunsun. Ümumiyyətlə, hər avtobus sürücüsünə axşamlar işdən sonra çimməsi üçün dövlət büdcəsindən cakkuzi ayrılsa, lap minnətdar olardıq.

Əlbəttə, axırıncı xahişi zarafat üçün yazdım, biz hamımız, o cümlədən sürücülər və baş nazirlər yaxşı bilirik ki, cakkuzi hansı təbəqələr üçün nəzərdə tutulub, hansı təbəqə isə uzağı arvadın vedrədə qızdırdığı suya ayağını sallamaq hüququna malikdir. Hətta konstitusiyamızda bu haqda ayrıca bölüm var. Düzdür, həmin bölüm “Cakkuzi hüquqları” adlanmır, ancaq kim istəsə söhbətin nədən getdiyini başa düşər. Qısaca ipucu verim ki, o bölümdə dövlətin vəzifələrindən söhbət açılmışdır.

Söhbəti çox uzatdıq, mən daşıma şirkətlərinin müraciətindən təəccübümü yazmaq istəyirəm. Siz Azərbaycan büdcəsindən avtobus şirkətlərinə dizel yanacağı subsidiyası verildiyini bilirdinizmi? Şəxsən mən bilmirdim. İlk dəfə öyrənmiş oldum. Subsidiya, adından göründüyü kimi, əvəzi ödənməyən pul yardımıdır. Avtobus nəqliyyatı isə özəl şirkətlərdir. Niyə dövlət bunların yanacağını verirmiş? Maraqlıdır.

Şəhərdaxili marşrutlarda gediş haqqı bu il fevralın 3-nə qədər adambaşına 30 qəpik idi. Şirkətlər ağlaşma qurdular ki, guya bu qiymət sərf eləmir, dolana bilmirlər, nəticədə Tarif Şurası bu pulu 40 qəpik elədi. İndi isə biz bu şirkətlərə dizel yanacağının da güzəştlə verildiyini öyrənirik. Halbuki qiymətdən narazılıq edəndə onlar heç bu subsidiyanı yada salmırdılar.

40 qəpik Bakıda gediş haqqı olaraq yüksəkdir, camaatın büdcəsinə əməllicə ziyan vurur. Eyni zamanda, heç bu bahalı nəqliyyatı da tapmaq olmur, pik saatları insanlar yollarda qalır, basabasda zülm çəkir. Avtobusu, metrosu, qatarı - hamısı it günündədir. Nəqliyyat faktiki idarəedilməz duruma gəlib. Səbəb isə sadədir: bizdə bu işin sistemi xarabdır. İdarəçiliyi düzgün qurulmayıb.

Bu gün Bakıda 1-2 manat verib taksiylə 4-5 kilometrlik yol gedənlər var. Hətta 1 manatlıq taksilərdə 4 nəfər 20 kilometr gedir. Sərfəli olmasa, bunu kim edər? Eyni zamanda, həmin bu avtobuslarda minimum 50 adamı daşısan, bir dəfəyə 20 manat qazanmaq olar (50 x 40 qəpik = 20 man.). Necə olur ki, “bir manatlıq” taksi işlətmək sərfəlidir, “20 manatlıq” avtobus işlətmək yox? Korrupsiya var, oğurluq var deyə sərf etmir!

Normalda marşrutlar üçün tender keçirilməlidir. Keçirilmir. Özəl şirkətlər sərnişin daşımaçılığına cəlb edilməlidir. Edilmir. Hansısa məmurun, deputatın, oliqarxın şirkətləri tenderləri “udur”, marşrutlara yiyələnir. Nəticədə millət “Əli aşından da olur, Vəli aşından da”. Subsidiya veririk, baha pullar ödəyirik, üstəlik, yolun ortasında qalırıq, qapıdan sallaşırıq, bir-birimizi basmarlayırıq.

Avtobuslarda yaxşı pul yığılır, sadəcə, o pullar şirkət rəhbərliyinin, bir ovuc adamın cibinə gedir. Nə maşın parkına, nə sürücülərə, mexaniklərə bir qəpik çatır. Yeyinti olan yerdə, subsidiya dilənçiliyi təbiidir. Başqa öyrəşdikləri nə var ki?

2023-cü ildir, bunlar hələ də dizel yanacağı kimi zəhərli, ekologiya, şəhər havasına düşmən yanacaqla marşrut işlədir. İlk elektrikli avtobusun gəlməsi bu yaxında manşet olmuşdu, sanarsan raket-zad uçurtmuşuq.

Kənd təsərrüfatına guya subsidiyalar verilir. İnkişaf varmı? Yox. Mətbuata verilir, geri gedirik. İncəsənətə verilir, hər gün ağlaşma-şivəndir. Artist kiriyir, şair başlayır, rəssamın dəsmalı qurumamış bəstəkar zarıyır. Toyuq yetişdirməyə dövlət qayğısı var idi. Xaricdən alınan yemlər-zad vergidən azad olunmuşdu. Nəticədə dükanda cındır bir toyuq 9 manat olub. Çörək bişirənə güzəştlər qoyulandan sonra çörəyi 1 manata almağa başladıq.

Bu, əziz yoldaşlar, bazar iqtisadiyyatı, özəlləşdirmə deyil, tərtəmiz kolxoz quruluşudur, biləsiniz. Kolxoza dizel yanacağı istəyirlər, verin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR