Ukrayna hökuməti Rusiya Federasiyasına qarşı təzyiqləri artıraraq ölkənin media nəhənglərini, dövlət strukturlarını və məhkəmə sistemini hədəf alan növbəti kütləvi sanksiyalar paketini rəsmən qüvvəyə mindirib.
Musavat.com xəbər verir ki, Kiyevin təsdiqlədiyi yeni qərarla Rusiyanın 29 fiziki və 17 hüquqi şəxsi Ukraynanın rəsmi qara siyahısına salınaraq ciddi iqtisadi və hüquqi məhdudiyyətlərə məruz qalıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, sanksiya siyahısına salınan fiziki şəxslərin böyük qismini Rusiya Federasiyası ərazisində və işğal altındakı Krımda Ukrayna vətəndaşlarının cinayət təqibində, həmçinin ukraynalı fəalların, jurnalistlərin və siyasətçilərin qiyabi şəkildə məhkum edilməsində birbaşa iştirak edən rusiyalı hakimlər təşkil edir. Bununla yanaşı, sanksiya paketinə rus əsirliyində faciəvi şəkildə həlak olmuş ukraynalı tanınmış jurnalist Viktoriya Roşinanın ölümündə əli olan və buna şərait yaradan şəxslər də daxil edilib.
Sənədin ən diqqətçəkən hissəsi isə Kremlin əsas ideoloji və informasiya resurslarının darmadağın edilməsidir. Belə ki, Ukrayna dövləti Rusiyanın rəsmi təbliğat maşını hesab olunan Rusiya Jurnalistlər İttifaqını, habelə milyonlarla oxucu kütləsi olan və Kremlə yaxınlığı ilə seçilən nəhəng "Gazeta.Ru" və "Lenta.Ru" xəbər portallarını tamamilə bloklayıb.
Beynəlxalq ekspertlər Kiyevin bu sərt addımını həm döyüş meydanında, həm də qlobal informasiya məkanında Moskvaya qarşı aparılan strateji mübarizənin daha da kəskinləşməsi kimi qiymətləndirirlər.
Musavat.com






