İnsanlara hürriyət, millətlərə istiqlal!

Kissinceri kim və ya nə danışdırır..

1441 29.05.2023 11:12 Yazarlar A A

Ötən həftənin sonlarında Rusiya media mənbələri növbəti dəfə tanınmış ABŞ politoloqu və sabiq dövlət katibi Henri Kissincerin Ukraynaya yönəlik müraciətini yaydılar. Nə deyir hörmətli Kiccincer cənabları? Sabiq dövlət katibi ərz edir ki, Ukrayna Krımı, xüsusən də heç vaxt onun olmayan Sevastopolu qaytarmağa çalışmamalıdır!...

Qeyd edək ki, Henri Kissincer birinci dəfə deyil ki, belə bəyanatlarla çıxış edir. Müharibə başlayandan o, bir neçə dəfə Kiyevi Rusiyaya ərazi ğüzəştləri etməyə və müharibəni dayandırmağa çağırıb. Amma yenə də sual yaranır: bu, qoca politoloqun və siyasətçinin öz fikirləridir, yoxsa onu kimsə belə müraciətlər etməyə yönəldir?

Bu suala birmənalı şəkildə cavab vermək çox çətindir. Onu deyək ki, Henri Kissincer bu konteksdə özünün digər həmkarından, artıq dünyada olmayan Zbiqnev Bjezinskidən həmişə fərqlənib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski ömrünün axırına qədər soyuq müharibənin ideoloqu olaraq qaldı. O, açıq şəkildə ABŞ-ı dünya imperiyası olmağa çağırır və hətta bunu Vaşinqtonun bir növ müqəddəs və tarixi missiyası sayırdı...

Amma Kissincer belə deyil, o, təkcə nəzəriyyəçi politoloq kimi yox, realist, praqmatik siyasətçi kimi düşünüb həmişə. Məsələn, onu vaxtilə Çini kəşf edən bir diplomat kimi qələmə verirlər. Bəli, Kissincer bir vaxtlar dünya kommunist düşərgəsində yeni tendensiyları görə bildi və ölkəsinin buna dəstək verməsinə nail oldu. İndi də o, Vaşinqtonu bu regionda elə siyasət yürütməyə çağırır ki, bu, Rusiya ilə Çinin birləşməsinə gətirib çıxarmasın.

O ki qaldı Ukrayna müharibəsinə, burada vəziyyət bir az da mürəkkəbdir. Bir tərəfdən belə təsəvvür yaranır ki, Qərb Rusiyanı axıra qədər çökdürməyə çalışır. Amma ara-sıra belə fikirlər də səslənir ki, guya NATO ölkələri Kiyevi Moskva ilə danışıqlara çağırırlar. Prinsipcə, bunu doğru bir ehtimal kimi qəbul etmək olar.

Bəli, Qərbin Ukraynaya hərbi dəstəyində ləngimələr, xüsusən də təzadlar çoxdur. Məsələn, NATO ölkələri müharibənin heç bir halda Rusiya ərazisinə yayılmasını istəmir, guya ki, bu halda o, Rusiya – NATO qarşıdurmasına çevriləcək. Amma biz bu ssenarini elə də ehtimallı saymırıq. Vəziyyət daha mürəkkəbdir. Rusiya NATO–ya necə müharibə elan edəcək? Heç bu halda cəbhə xəttini təsəvvür etmək mümkün olarmı?

NATO hazırda Rusiyanı üzük qaşı kimi əhatə edib. Moskvanın NATO-ya müharibə elan etməsinin ilk qurbanı indiki prezident Vladimir Putin olacaq. Düzdür, NATO ölkələrini hazırda başqa bir ssenari – indiki məhdud müharibənin nüvə müharibəsinə dönməsi çəkindirir və narahat edir, çünki Putin dəfələrlə deyibd ki, bu dünyada Rusiya olmayacaqsa, o, kimə və nəyə lazımdır?

Bizə elə gəlir ki, indiki şəraitdə Rusiya məmnuniyyətlə Ukrayna ilə sülh sazişi imzalayardı.

Birincisi, Putin özü dəfələrlə buna işarə edib və deyib ki, Kremlin əbədi vuruşmaq və müharibə aparmaq fikri yoxdur. İkincisi, Rusiya Ukrayna ərazisinin 20 faizindən çoxunu işğal edib, Krımı quru yolu ilə Rusiyanın digər ərazilərilə birləşdirib. Bəs Ukrayna rəsmilərinin fikri nədir?

Onlar Moskva ilə axıra qədər vuruşmağı düşünür, biabırçı sülhə getməməyi fikirləşirlər. Bu nə dərəcədə düzgün yanaşmadır? Birincisi, məsəl var, deyirlər ki, azadlıq qurban tələb edir. Öz tarixi boyu Rusiya özü də dəfələrlə “biabırçı sülhə” imza atıb. Məsələn, ötən əsrin əvvəlində əldə olunmuş Brest razılaşması buna sübut və nümunə ola bilər. Və yaxud da məşhur Ribbentrop-Molotov sazişini xatırlayın. Bəli, sonuncu hələ də Rusiyanın üzərində qara ləkə kimi qalıb və gələcəkdə də qalacaq.

O da aydındır ki, rəsmi Kiyev çox şey deyə bilər, amma hər şey Qərbin ona nə qədər dəstək verəcəyindən asılıdır. ABŞ-dakı seçkilərə təxminən bir il qalıb. Bu bir il ərzində müharibə davam edəcək.

Sonrasını isə təxmin etməyə çətinlik çəkirik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR