İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi yıxılıbmış…

1521 02.01.2023 19:09 Yazarlar A A

 

İlin ilk günlərində xalqımızın gözləri yaşardacaq qədər güclü olan mərhəmət hissindən danışacam. Daha doğrusu, xalqımızın bir hissəsinin. Ya da buna mərhəmət yox, yersiz inkarçılıq, təftişçilik, daim narazı qalıb, müxalif olmaq azarı da deyə bilərsiz. Məlum, iki aydır sağımız-solumuz, səhərimiz-gecəmiz Vasif Talıbovdur. Adamı əl birliyi ilə - mətbuatlı-ekspertli, deputatlı-hökumətli bir şəkildə devirmişik. Yaxşı, biz devirməmişik, hökumət istəməsə, biz günün 24 saatını fasiləsiz də danışsaq, kimsə öz taxt-tacından devrilməz. Öz rolumuzu böyütməyək. Amma siz xədicəyə yox, nəticəyə baxın. Nəticə isə deyir ki, qırılan qoşundandır. Məşhur şeirdə deyilən kimi, hər gün bir yarpaq düşür xan həzrətlərinin ömrünün sarayından. Bir gün özü, o biri gün qardaşı, növbəti gün oğlu... Kreslolar yavaş-yavaş yanır, otaqlardan yox, saraylarından kürüyürlər adamları bayıra. Saray da nə saray... Gizli tunelləri, girişi-çıxışı, “Sehrli xalat” filminin xanı kimi saraydan başqa ölkəyə çıxan yolları... Serial kimi, tarixi serial kimi həm də...Finiş isə hələ qabaqdadır.

Bəs belə bir qaynar prosesin ortasında xalqımızın bəzi şanlı nümayəndələri nə deyir? “Yıxılana balta vurmazlar”, “Hünəriniz vardı, vəzifədə olanda danışaydız da”. Hələ bunu xalqın mediadan uzaq nümayəndələri desə dərd yarıdır. Özünə media adamı deyən, iddiası böyük, mediada söz sahibi olduğunu iddia edən bəzi şəxslər də bu arqumenti əldə bayraq tutur. Nəymiş? Vaxtında yaza bilməmişik, indi də yazmamalıymışıq… Hansı dəftər-kitabda, media qanununda, jurnalist etikasında yazılıb bu? Bəlkə bizim belə bir jurnalistin etika kodeksi kitabcığı var da, mənim xəbərim yoxdur? Baş verən qalmaqalı “vicdanım yol vermir” deyib, iqnor etmək ən yumşaq halda səmimiyyətsizlik, artistizmdir. Hollivud performanslarından canımız zatən burnumuzda, bir tərəfdən də jurnalistlər bunu edəndə ürək bulanır.

Oyanın, ey xalqımın təftişçi nümayəndələri, bura Azərbaycandır. İndi yazıqlayıb, “bəsdirin də, kişi yıxılıb ee” dediyiniz adam zamanında Naxçıvan barədə kiçicik bir irad yazan jurnalisti oğurlayıb, Naxçıvanda girov saxlatmışdı. Boş ver jurnalisti, siyasətçisi, vəzifəlisi, qılıncının dalı-qabağı kəsəni onun haqqında heç nə danışmırdı, danışa bilmirdi. Çünki adam dövrümüzün Kim Çen Inı idi. Kəsdiyi başa, qoyduğu qadağaya sorğu-sual yox idi. Heç kəs də canını küçədən tapmamışdı, o eks xan həzrətlərinin qoluzorlu dəstəsinin hədəfinə çevrilmək istəməməkdə haqlı idi, təbii ki. Talıbov adamlar çayxanada oturmasın, nərd oynamasın, televizorda çıxış edəndə də ancaq qollu köynəklər geyinsin deyirdi, hər kəs də buna əməl edirdi. Sonuncu qadağanın bir səbəbi vardı: kişilərin qolundakı tük efirdən görünməsin deyə yayın 42 dərəcə istisində hər kəs qollu köynəklə gəzirdi. Kino deyil e, gerçəkdi. İndi siz deyirsiz ki, anormal, kefinə, əhvalına görə qadağa tətbiq edən adamı zamanında tənqid edib, kimsə ucuz bir ölüm arzulamalıydı özünə. Gerçəklərin gec-tez üzə çıxmaq kimi pis bir xasiyyəti var deyiblər. Gec olsun, amma güc olmasın. Əsas odur, tarix bu faktları unutmasın.

Qayıdaq bu yıxılmaq mövzusuna. Adamın varidatı milyonları, yox, trilyonları keçir. Daşınmaz əmlakları, zir-zinyətləri, maşın kolleksiyası….daha nələri, nələri… Belə yıxılmaq olur? İtinə villa tikdirən adam yıxılsa nə olacaq, büdrəsə nə? O adamların yıxılmış halı sizin xəyalını belə qura bilmədiyiniz dəbdəbəli həyat deməkdir. Onlar indən beləki 7 nəsillərinə çatacaq qədər pul-para yığıb, onların gələcəyini təminat altına alıblar. Sizin mərhəmətiniz niyə, nəyə, kimə?

Bir mtn-çi Akif Çovdarov vardı, qayışla Zeytun bağında jurnalist boğurdu zamanında. Həbs olundu, qısa müddət içəridə yatdı.

Çıxanda da araq qədəhini göyə qaldırıb, “unutmayın ki, mən Akif Çovdarovam” dedi. Onda da tənqid edəndə üstümüzə hücum edənlər vardı, “daha nə istəyirsiz? Yatdı, çıxdı da” deyirdilər. Birincisi, cəzası cinayətinə adekvat olmadı. Toyuq oğrusuna 7 il iş verilən ölkədə milyonlar oğurlayan, ocaqlar söndürən adamı il yarımdan sonra azadlığa buraxdılar. İkincisi, adam bu yaxınlarda 30 milyonluq əmlakını geri aldı. Halbuki həbs qoymuşdular. Vəkili də qızıl-qırmızı dedi ki, o əmlaklar özünün deyil, ailə üzvlərinindi. Nə gözəl məmləkət!!! İlin 360 günü işləyən adamların illərlə pul yığıb, özünə ev ala bilmədiyi Azərbaycanda Çovdarovun evdar arvadı ilə evdar qızı 30 milyonluq əmlak yığdılar. İndi anladızmı, o “yıxılan”ların özünü dikəldən kimi nələr etdiyini? İndi bildinizmi bu ölkədə yıxılan ancaq siz kasıblarsız? Onlar yıxılmırlar, heç büdrəmirlər də, onlar haram yeyərkən fasilə verirlər, nəfəs dərirlər. Sonra yenə qaldıqları yerdən davam edirlər. Həmin fasilə zamanı da bəziləri yersiz mərhəmət hissi ilə sizin, bizim beynimizi xarab edir.

Ya da evdən işləyən bir eks xarici işlər nazirimiz vardı. Elmar Məmmədyarov. O gün açıq şəkildə etiraf etdi ki, bəs zamanında tapşırıqla, qohumluq əlaqələrinə görə nazirlikdə işə adam götürürmüş. O erməni budaq cümlələri ilə danışan eks nazir bunu da belə əsaslandırdı ki, bəs Azərbaycan balaca ölkədi, hamı da bir-birinə qohumdu, o, neyləsin? Baxın, belə bir ölkədə ekslər, sizin təbirinizcə desək, “yıxılan” məmurlar var. Acıq verircəsinə, meydan oxurcasına, qızıl-qırmızı minlərlə savadlı gəncin iş tapmaq hüququnu necə tapdadıqlarını etiraf edirlər. Ölkəni necə idarə etdiklərini boyunlarına alıb, bunu bir də həyasızcasına əsaslandırırlar.

Odur ki, yeni ilin ilk günlərini paytaxt salatı, boyat aşı iki-üç dəfə qızdırıb yeməklə keçirən, ən böyük əyləncəsi “Torqovı”dakı yarmarkada şəkil çəkdirmək olan xalqımın kasıb nümayəndələri! Korrupsionerlər “vurulmuş” deyil, ən yaxşı halda, ifşa olunmuşlardır. Onlar Xoşqədəm xanım demiş, ilan kimi sürünərək, yenə, gec-tez istədikləri yerə çatacaqlar. Onların sizin kimi vəkillərə də ehtiyacları yoxdur, milyonlarını vəkil tutduqları şəxsə ödəyirlər onsuz da. Özünüzə gün ağlayın. Onsuz da fillər dalaşanda otlar əzilir. Çalışın fillərin ayağı altındakı ot olmayasız, bu qədər…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR