İnsanlara hürriyət, millətlərə istiqlal!

Kinoçəkənlərimizin vüsal günü

1128 27.07.2023 09:30 Yazarlar A A

“Bir başa iki qapaz ağır olar”

(Azərbaycan ata sözü)

Allaha şükür, kinoçəkənlərimiz birləşibdir. Dünən Mədəniyyət Nazirliyi iki kino ittifaqını bir damın altına toplamağı bacarmışdır.

Bildiyiniz kimi, vaxtilə Rüstəm İbrahimbəyov qəfildən, hansısa torpaq sahəsi üstündə hökumətlə asi olanda hökumət də dinc durmamış, onun müdirlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını iki yerə parçalamışdı. Bizdə yaradıcı sahə elədir ki, gərək hökumətin üzünə ağ olmayasan. Nə versələr, al, şükür elə. Ömrünü hökumətə qulluq eləməyə sərf et. Məsələn, heç gör şair və yazıçılarımızın təşkilatı şaqqa ilə iki yerə bölünərmi? Qətiyyən. Monolit kimi yerində durubdur. Hələ Elza Seyidcahanın qoşulmasıyla daha da möhkəmlənmişdir. Çünki Anar müəllim hökumətin adamıdır. Yuxarıların nəbzini tutmağı bacarır. Böyük həssaslığı vardır bu istiqamətdə. Hökumətdə kimsə asqırsın, Anar müəllim dərhal qrip olur. Hökumətdə külək əssin, AYB-də tornado qopur. Yuxarılar kiməsə şapalaq vursun, AYB onun üstündən asfaltbasan maşın kimi keçər.

Sözgəlişi, dünənki tarixi iclasda Anar müəllim kinoçəkənlərimizin gələcək adı üçün təkliflər irəli sürmüşdür. Deyir Azərbaycan Kinematoqrafçılar Birliyi adlansa yaxşıdır. Bəlkə çoxu bilmir, Anar müəllim həm də kino ittifaqının üzvüdür. Hansının, açığı, dəqiq bilmirəm. Çünki yuxarıda yazdığım kimi, Rüstəm müəllim ağsaqqal vaxtında Oskarı buraxıb Əli Kərimlidən tutanda hökumət onun ittifaqını iki yerə bölmüşdü. Biri Azərbaycan Kinematoqrafçılar İttifaqı adlanırdı. Qısaca AKİ. İkincisi isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adlanırdı. Qısaltması ARKİ. Bax elə bu cür, anekdot kimi vəziyyət idi.

Yəqin Mədəniyyət Nazirliyinin bu isti günlərdə, xüsusilə qarşıdan qan-tər içində gələn 2 avqust kino günümüz ərəfəsində ARKİ və AKİ-ni vüsala çatdırması, qovuşdurması sənət tariximizə qızıl hərflərlə yazılacaqdır. Əlbəttə, hərflərin yazılması üçün hökumətin qızıl suyu alınmasına büdcədən yönləndirdiyi vəsaiti kimlərsə basıb yeməsə. Bizdə sənət-mənət işləri adətən belə qurtarır. Bir dəstə lotu yığışır, hap-gopa basır, xalqdan, dövlət büdcəsindən yağlı kökə qoparır, sonra onu yeməyə gedirlər. Kino ittifaqlarımızdan biri isə qabağındakı səkini pullu dayanacaq üçün satması ilə yadda qalmışdı.

Bu mövzuya çox vaxt ayırdıq, bir sözü də yazım ürəyimdə qalmasın. Kinomuzun həmin “iki adaxlısından” birinə Rüstəm müəllim rəhmətə gedəndən sonra Rasim Balayev başçılıq edirdi və son illər Rasim müəllim şəxsən mənim qarşıma yeni ampluada daha çox çıxmaqdadır. Bu, molla, yaxud vaiz ampluasıdır. Haçan Vatsapı açsam, kontaktlarımdan kimsə Rasim müəllimin ifasında bir hədis paylaşır: “Ey iman gətirənlər, birlikdə olun, yoxsa cəhənnəmdə yanarsınız, vəhdətə gəlmək üçün Mədəniyyət Nazirliyini gözləməyin” və sairə.

Əlbəttə, yuxarıdakı hədisi misal üçün yazdım, mətn tam da belə olmaya bilər. Sanki kino sənətimizin uzun illər boş-bekar qalması istedadlı aktyorumuza dinin qapılarını açmışdır, necə deyərlər, o tərəfdən ona işıq görünübdür. Beyrək, Babək və Nəsimi obrazlarıyla, xüsusilə Babəklə yadımızda qalan aktyorun ağsaqqal dönəmində mollalığa üz tutması günümüzün acı gerçəkliyidir. Tələb edirəm uşaq pulu da verilsin!

Azərbaycan xalqı isə ət üzünə həsrət qalıb ellikcə axırda buddizmə pərəstiş edəcəkdir. Hədisdə deyilən kimi: “İnsanlar valideynlərindən çox zəmanələrinə oxşarlar”. 

İnşallah, nazirliyin vəhdətül-vücud siyasəti öz bəhrəsini verər, aktyorlarımız üçün iş yeri yaranar, çoxlu milli kinolar çəkilər (milsiz kino kimə lazımdır?) Gün o gün olsun Təbrizlə Bakı, AXCP ilə Müsavat, REAL-la KXCP, Kürlə Araz, Sabirabadla Saatlı birləşsin!

İlahi, amin, yazdı Zamin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR