İnsanlara hürriyət, millətlərə istiqlal!

Kikboksinq üzrə məşqçinin qətli bu səbəbdən olub - məhkəmə işi

759 18.01.2023 19:23 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində "Sərhədçi" idman kompleksində məşqçi olmuş 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin qətli ilə bağlı araşdırmalar başlayıb.

Musavat.com xəbər verir ki, idmanın kikboksinq növü üzrə məşqçinin qətlinə görə məhkəmə qarşısına çıxarılan isə həyat yoldaşı Əfsanə Qalabəylidir.

Qətl 2022-ci il sentyabrın 2-də Əhmədli qəsəbəsində Qalabəylilərin yaşadığı mənzildə baş verib. 36 yaşlı Əfsanə Qalabəyli deyir ki, uzun illərdir davam edən psixoloji və fiziki işgəncələrdən bezərək bu qətli törədib. Təqsirləndirilən qadının sözlərinə görə, həyat yoldaşı illərdir ona zülm edir:

"Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Özü də uşaqlar evdə ola-ola. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, yemək bişir, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə döyürdü, söyürdü..."

Qalabəylilərin birgə nikahdan 4 övladı (3 oğlu 1 qızı) var. Təqsirləndirilən şəxs deyir ki, dəfələrlə ərinə övladlarının böyüdüyünü bildirib, bu cür hərəkətlərə son qoymasını istəyib. Amma əri dediklərinə şiddətlə cavab verib.

"Hadisə günü də adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, "yaxşı eləyirəm". Dözə bilmədim...", - təqsirləndirilən Qalabəylinin sözləridir.

Onun 13 yaşlı oğlu da yanvarın 18-də məhkəmədə dindirilərkən anasının dediklərini təsdiqləyib. Hazırda Naxçıvanda orta məktəbin 8-ci sinfində təhsil aldığını deyən şahidin sözlərinə görə, əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi məktəbində oxuyurdu. O, həftənin 5 günü orada, 2 günü isə evlərində qalırdı:

"Evə gələndə döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam ailəsi ilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm. Evə adam gətirirdi, qapını bağlayırdı..."

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum Nurani Qalabəylinin atası tanınıb. O, məhkəmədə bildirib ki, gəlinindən şikayət və tələbi yoxdur. Əfsanə Qalabəylinin ittiham olunduğu CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsində 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR